Mükərrəmoğlu M.

 

Reklam sahəsində beynəlxalq əlaqələr genişlənir

 

Dünən Beynəlxalq Mətbuat Mərkəzində Kann Şirləri Beynəlxalq Reklam Festivalının Azərbaycan nümayəndəliyinin açılması ilə əlaqədar təqdimetmə mərasimi keçirildi. Tədbirdə Azərbaycanda fəaliyyət göstərən aparıcı reklam şirkətləri, reklamverici şirkətlər, KİV nümayəndələri iştirak edirdilər.

Giriş sözü ilə mərasimi Kann Şirləri Beynəlxalq Reklam Festivalının Azərbaycandakı nümayəndəsi, Türkdilli ölkələrin Beynəlxalq Araşdırmaları Elmlər Akademiyasının fəxri doktoru Cahid Həsənov açdı. O bildirdi ki, Azərbaycan Respublikasının Prezidenti möhtərəm İlham Əliyevin məqsədyönlü siyasəti nəticəsində dünya şirkətlərinin Azərbaycana maraqları artmış, müxtəlif sahələrə yeni-yeni investisiyalar qoyulmuş və qoyulmaqdadır. Azərbaycanın bütün bölgələrində sahibkarlığın inkişafı getdikcə sürətlənir. Sahibkarlıq inkişaf etdikcə, reklama da böyük ehtiyac yaranır. Azərbaycanda son illər xeyli reklam şirkəti yaranmışdır. Onlar ötən dövr ərzində mühüm işlər görə bilmişlər. Bu şirkətlər dünya reklam sənətindən bəhrələnmədən, dünyanın aparıcı reklam şirkətləri ilə heç bir əlaqə yaratmadan milli reklam sənətini formalaşdırmağa səy göstərmişlər.

Cahid müəllim bildirdi ki, ötən dövrdə MDB məkanında, o cümlədən Rusiyada, Ukraynada, Belarusda, Gürcüstanda keçirilən beynəlxalq reklam festivallarında Azərbaycan reklamçıları da təmsil olunmuşlar.

Bu gün dünyada reklam sahəsində baş verən yeniliklər, müsbət ideyalar artıq Azərbaycanda da reallaşmaq üzrədir. Azərbaycanda reklamverici şirkətlərin özlərini qane edəcək səviyyədə reklamlar istehsal edilməli və hətta dünya reklam festivallarına inteqrasiya etmək üçün yollar axtarılmalıdır.

Ona görə də Azərbaycanın nüfuzlu beynəlxalq təşkilatlarla əlaqə yaratması vacibdir. Biz məhz belə bir işi gördük. Azərbaycanda hər il iyun ayında Fransanın Kann şəhərində keçirilən Cann Şirləri Beynəlxalq Reklam Festivalının Azərbaycan nümayəndəliyini yaratdıq. bu gün onun tədqimetmə mərasimidir.

Məlumat üçün bildirim ki, festivalda 10-dək reklamın müxtəlif nominasiyala üzrə mükafatlar təqdim olunur. Bunlarla yanaşı xüsusi mükafatlar da vardır. Festivala hər il dünyanın 80 dövlətindən 25 000-dək reklamın müxtəlif sahələrində təqdim olunur. Festival ərəfəsində dünyanın ən məşhur reklam mütəxəssisləri tərəfindən 40-dan çox reklam seminarla keçirilir.

Bu festivala əvvəllər dünya üzrə hər il istehsal olunan reklamın 1 faizi təqdim olunurdusa, indi artıq bu rəqəm 5 faizə çatmışdır.

Bu foruma qoşulmaq Azərbaycana verəcək? - sualına cavabında Cahid müəllim dedi ki, festival Azərbaycanda istehsal olunan keyfiyyətsiz reklamlan sıradan çıxmasına, keyfiyyətli reklamların yaranmasına zəmin yaradacaq. Reklamverici şirkətlərdə fəaliyyət göstərən reklamçıların maariflənməsinə xidmət edəcək. Eyni zamanda, məşhur reklam şirkətləri ilə Azərbaycan arasında əlaqələrin yaranmasına imkan yaradacaq.

Natiq onu da xüsusi vurğuladı ki, Azərbaycan reklamının dünya reklamına inteqrasiyasının artıq vaxtı çatmışdır. Bunun üçün, ilk növbədə biz reklamtəxəssisləri keyfiyyətli reklam istehsalını genişləndirməliyik

Azərbaycan reklamçılarının bu festivaldan bəhrələnməsi üçün ən əsas vacib amil sponsorluqdur. Bundan sonrakı dövrdə reklamverici şirkətlər bu məsələyə çox ciddi yanaşmalıdırlar.

Sonda Cahid müəllim festivalın nümayəndəliyinin Azərbaycanda reklam işinin genişlənməsində, beynəlxalq təcrübənin öyrənilməsində böyük rol oynayacağını bir daha iştirakçıların nəzərinə çatdırdı.

 

Xalq qəzeti.- 2007.- 22 sentyabr.- S. 5.