Gəncədə görkəmli ədib və
tədqiqatçı alim
Mir Cəlal Paşayevin xatirə muzeyi açılmışdır
Gəncədə
görkəmli ədəbiyyatşünas-alim və
yazıçı Mir Cəlal Paşayevin xatirə muzeyi
açılmışdır.
Ədibin mənalı
ömrünün çox hissəsi Gəncə ilə
bağlıdır. İlk təhsilini Gəncədə alan
və sonralar burada əmək fəaliyyətinə
başlayan yazıçı, öz xatirələrində
həmin illəri ömrünün ən gözəl və
unudulmaz illəri kimi yada salmış, bir yazıçı
və alim kimi yetişməsində Gəncə ədəbi
mühitinin rolunu xüsusi qeyd etmişdir.
Muzeyin açılışında bu barədə daha ətraflı söhbət getmişdir. Vaxtilə Mir Cəlal Paşayevin yaşadığı mənzilin qarşısında ucaldılmış gözəl və yaraşıqlı muzeydə ədibin əsərləri, təhsil aldığı illərə aid fotoşəkilləri və şəxsi əşyaları toplanmışdır. Muzeydə görkəmli şəxsiyyətlərin Mir Cəlal Paşayev haqqında dedikləri fikirlər də yer almışdır.
Açılış mərasimində Gəncə Şəhər icra Hakimiyyətinin başçısı Eldar Əzizov, əməkdar incəsənət xadimi, şair Məmməd Alim, şəhər təhsil idarəsinin rəisi Mahal Əliyev çıxış etmişlər. Natiqlər ölkədə, o cümlədən Gəncədə aparılan quruculuq işlərinə, habelə qazanılan iqtisadi uğurlara görə dövlət başçısı İlham Əliyevə, Mir Cəlal Paşayev nəslinin layiqli nümayəndəsi Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirmişlər.
Mərasimdə Bakı Dövlət Universitetinin alimləri, Mir Cəlal Paşayevin yetirmələri - professorlar Vasim Məmmədəliyev, Təhsin Mütəllimov, Xalid Əlimirzəyev və başqaları görkəmli ədiblə bağlı xatirələrini danışmış və Mir Cəlal Paşayevin ədəbi-ictimai fəaliyyəti ilə yanaşı onun insani keyfiyyətlərini də yada salmışlar.
Mədəniyyət və Turizm
naziri Əbülfəs
Qarayev Mir Cəlal Paşayev ədəbi məktəbinin
gələcək nəsillərə
çatdırılmasında böyük rol oynayacaq muzeyin əhəmiyyətindən danışmış
və muzeyin Gəncə sakinlərinin
tez-tez müraciət edəcəkləri ünvan
olacağına əminliyini bildirmişdir.
Açılış
mərasimində görkəmli alim və
yazıçının oğlanlar - akademik Arif Paşayev
və professor Hafiz Paşayev ailələri adından bu
işin təşkilatçılarına
təşəkkür etmişlər. Mir Cəlal Paşayevin
Gəncədə doğulduğunu bildirən pasport muzeyə
bağışlanmışdır.
Rəmzi qırmızı
lent kəsildikdən sonra aktyorların ifasında ədibin
"Bir gəncin manifesti" əsərinin motivləri
əsasında hazırlanmış səhnə nümayiş
etdirilmişdir.
Sonra mərasim
iştirakçıları muzeydə Mir Cəlal Paşayevin
həyat və yaradıcılığını əks
etdirən eksponatlarla tanış olmuşlar.
Respublika.- 2007.- 30 sentyabr.- S. 4.