Üzeyir
Hacıbəyovun ev-muzeyinin əsaslı təmirdən sonra
açılışı olub
Artıq neçə ildir ki, dahi
Üzeyir Hacıbəyovun
doğum günü olan 18 sentyabr Azərbaycanda həm də Milli Musiqi
Günü kimi əlamətdardır. Hər
il ölkəmizdə
bununla bağlı müxtəlif tədbirlər
keçirilir. Bu il də bir
çox mədəniyyət
evlərində Üzeyir
bəyin anadan olmasının 122-ci ildönümü
və Milli musiqi günü təntənə ilə qeyd edilib. Bu
bayram bəstəkarın
ev-muzeyinin əsaslı
təmirdən sonra açılışı ilə
də yadda qalıb. Qeyd edək ki, Üzeyir
Hacıbəyovun ev-muzeyi
1975-ci ildən fəaliyyət
göstərir. 2005-ci ildə
prezident İlham Əliyev muzeyin genişləndirilməsi və
təmir olunması haqqında sərəncam imzalayıb. Sərəncama
əsasən, burada əsaslı təmir işləri görülüb.
Tədbirdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, Yazıçılar
Birliyinin sədri Anar, Bəstəkarlar İttifaqının sədri
Firəngiz Əlizadə,
Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli,
Azərbaycan Milli Konservatoriyasının rektoru
Səyavuş Kərimi
və başqa tanınmış insanlar iştirak ediblər. Əbülfəs
Qarayev bu ev-muzeyi mədəniyyətimizin
müqəddəs ocağı
adlandıraraq, Üzeyir
Hacıbəyov irsinə
daha diqqətli yanaşılmasının və
onun dərindən öyrənilməsinin zəruriliyini
önə çəkib.
Xalq yazıçısı
Anar bildirib ki, 122 il bundan
öncə dünyaya
gələn Üzeyir
bəy Azərbaycan xalqının tarixində,
mədəniyyətində müstəsna yer tutur. Onun yaratdığı
əsərlər Azərbaycan
mədəniyyətini dünyaya
tanıtmaqla yanaşı,
bu gün də öz aktuallığını, əhəmiyyətini
qoruyub saxlamaqdadır.
Bəstəkarlar İttifaqının
sədri Firəngiz Əlizadə Üzeyir Hacıbəyovu Azərbaycan
musiqisinin günəşi
adlandırıb. Muzeyin
direktoru Sərdar Fərəcov çıxış
edərək, əsaslı
təmirin həyata keçirilməsinə görə
ölkə rəhbərliyinə
minnətdarlığını bildirib. Çıxışlardan
sonra qonaqlar Üzeyir bəyin yeniləşmiş ev-muzeyi
ilə tanış olublar. Muzeydə Üzeyir bəyə həsr olunmuş rəsmlər - Elturan Avalovun, Ənvər Əliyevin, Musa Xudayarovun, Mikayıl Abdullayevin əsərləri
sərgilənib.
525- ci qəzet.- 2007.- 20 sentyabr.- S.7.