Muzeylər əməkdaşlıq edir

 

Sentyabrın 24-də Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev Norveçin Stavanger şəhərinin Arxeologiya muzeyinin nümayəndə heyətini qəbul etdi. Tədbirdə Bakıda fəaliyyət göstərən bir sıra böyük muzeylərin direktorları da iştirak edirdi. Qonaqları salamlayan Ə.Qarayev  Norveç  muzey işçilərinin Azərbaycana xüsusi  sayğı  ilə yanaşdığını qeyd  etdi. İçəri şəhərdə aparılan tədqiqat və Şəkinin Kiş kəndindəki bərpa işlərində  norveçlilər yaxından iştirak  ediblər.   Qobustan mədəniyyət qoruğunun YUNESKO-nun   irsinə daxil edilməsində    Norveçin muzey işçilərinin  böyük zəhməti olmuşdur. Nazir bu görüşün Norveçdə başlanmış tədbirlərin davamı olduğunu  vurğuladı.  Azərbaycan-Norveç mədəni əlaqələrindən söhbət açan nazir bildirdi  ki,  Norveçdə 6 ay davam etmiş Azərbaycana aid sərgidə 10 minə yaxın tamaşaçı ölkəmiz haqqında müvafiq informasiyalar əldə etmişlər. Bu səmimi münasibətdən sonra Norveçin Stavanger şəhərinin Arxeologiya muzeyi ilə Azərbaycanın Muzey Mərkəzi arasında iş birliyi barədə saziş imzalanıb. Bu sazişə əsasən respublikamızın muzey işçiləri norveçli həmkarları ilə birlikdə Avropanın bir neçə məşhur muzeylərində təcrübə mübadiləsi keçəcəkdir.

Norveçin Stavanger şəhərinin Arxeoiogiya muzeyi ilə Azərbaycanın Muzey Mərkəzi arasında əməkdaşlıq sazişi 285 milyon Amerika dolları civarında dəyərləndirilib. Layihənin reallaşması üçün lazım olacaq bu maliyyə vəsaitinin dörddə birini Azərbaycan tərəfi, yerdə qalan hissəsini isə Norveç tərəfi ödəyəcəkdir.

Ə.Qarayev layihənin gerçəkləşməsi barədə söhbət açdı. Bildirdi ki, layihənin icrasına 2007-ci ilin payızında başlanılacaq, 2008-ci ilin yaz aylarında tamamlanacaq. Təcrübə mübadiləsi və əməkdaşlığın genişlənməsi üçün bir neçə seminarın keçirilməsi nəzərdə tutulur. Birinci və sonuncu seminarlar Bakıda düzənlənəcəkdir. Müvafiq seminarlar xaricdə, o cümlədən Osloda da keçiriləcəkdir.

Norveçin Stavanger şəhərinin Arxeologiya Muzeyinin direktoru Harald Yakobsen Azərbaycan mədəniyyəti ilə tanışlıqdan məmnun olduğunu, başladıqları işdən həzz aldığını bildirdi.

Norveçli qonaq səmimi bir etiraf da etdi: "Birinci dəfə mən burada olanda doğrusu təsəvvür etmirdim ki, Azərbaycanın muzey işçilərindən bu qədər informasiya, əldə edə bilərəm. İndi mən özüm bu əməkdaşlıqdan çox şey öyrənirəm. Başlanmış əməkdaşlığın müvəffəqiyyətlə başa çatacağına əminəm. Ona görə ki, bu məsələ nazirin diqqətindədir."

Norveçli qonaq əməkdaşlıq sazişinin hazırlanması, imzalanması üçün Mədəniyyət Turizm naziri Ə.Qarayevə təşəkkürünü bildirdi.

Tədbirin sonunda Norveçin Stavanger şəhərinin Arxeologiya Muzeyi ilə Azərbaycanın Muzey Mərkəzi arasında əməkdaşlıq barədə saziş imzalandı.

 

Mədəniyyət.- 2007.- 28 sentyabr.- S. 2.