Mükərrəmoğlu M.

Beynəlxalq Muzeylər Təşkilatının (İCOM) XXI konfransı keçirildi

 

Azərbaycan nümayəndə heyəti də bu konfransda iştirak edirdi
Azərbaycanın beynəlxalq mədəni əlaqələri ildən-ilə genişlənməkdədir. Ölkəmiz artıq nüfuzlu beynəlxalq təşkilatların üzvüdür və bu qurumlarla müştərək fəaliyyət mədəniyyət sahəsindəki nailiyyətlərimizin təbliğində mühüm rol oynayır. Tariximizin, mədəniyyətimizin daşıyıcısı olan muzeylərimiz də bu prosesdə yaxından iştirak edir. Möhtərəm Prezidentimizin ölkədə muzey işinin inkişafı ilə bağlı verdiyi sərəncamda da beynəlxalq əlaqələrin genişləndirilməsi xüsusi olaraq vurğulanmışdır. Artıq 15 ildir ki, Azərbaycan Muzeyləri Beynəlxalq Muzeylər Təşkilatı (İCOM) ilə yaxından əlaqə saxlayır. Bu yaxınlarda İCOM-un Avstriyanın Vyana şəhərində keçirilən XXI Baş Konfransında mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyevanın rəhbərliyi ilə Azərbaycan nümayəndə heyəti də iştirak etmişdir. İCOM-un Azərbaycan Milli Komitəsinin sədri, Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinin direktoru, sənətşünaslıq doktoru, professor Röya Tağıyeva da nümayəndə heyətinin tərkibində olmuşdur. Röya xanım səfər haqqında öz təəssüratlarını oxucularımızla bölüşür.
— İCOM-un bu konfransı “Muzey və universal irs” mövzusuna həsr olunmuşdur.
Konfransın işində 140 ölkə, 50 beynəlxalq komitə, 6 regional təşkilat, 15 muzey assosiasiyasının nümayəndələri iştirak edirdilər.
Cəmiyət daxilində muzeylərin rolu köklü şəkildə və sürətlə dəyişir. Getdikcə kompyuter texnologiyalarının və iqtisadi amillərin təsirinə daha çox məruz qalan muzeylər öz əsas vəzifələrini — kolleksiyalarla işləmək vərdişini itirmək risqi ilə üzləşirlər. Kolleksiyalar bu gün də biliklərin, sosial inteqrasiyanın və muzey dəyərlərinin əsas özəyi olaraq qalır. Hazırkı konfrans muzey işinə bu iki müxtəlif yanaşma arasında əlaqə yaratmağa qabil olan təklif, ideya və qərarların geniş müzakirəsi üçün ciddi bir foruma çevrildi.
Sosial təsisat kimi muzeylər statik və daimi deyillər, həmişə öz ətraflarında baş verənləri əks etdirir və ifadə edirlər. Onlar əhatəsində olduqları tarixi, sosial və milli mühitin, şəraitin, strukturun və identikliyin ayrılmaz tərkib hissələridir. Eyni zamanda muzeylər bu faktorların özünə təsir edir. Muzey kolleksiyaları həm də çox vaxt milli identikliyin (kimliyin) ən vacib tərkib hissəsi kimi çıxış edir. Bu gün muzeylərdə kolleksiyalar daxilində əşyaların təkcə coğrafi deyil, həm də milli məzmuna münasibətdə kontekstualizasiyası baş verir. Toplanmış əşyalar öz ilkin kontekstindən, mənasından və istifadə məqsədindən xeyli uzaqlaşdırılmış ola bilərlər. Bu situasiya bütövlükdə mərasim və ya dini mənşəli əşyalara aiddir. Muzeylər əşyaların mənşəyini nəzərə almalıdırlar. Elə etmək lazımdır ki, əşya pul dəyərinə görə öz mühitindən ayrı düşməsin, milli identikliyin açılması naminə izah və istifadə olunsun. Bu da öz növbəsində keçmişin bəşəri və mədəni nailiyyətləri haqqında biliklərin artmasına gətirib çıxaracaqdır (“Ümumtəhsil irs və yaxud universal irs”).
Bu məsələ Azərbaycan üçün xüsusi əhəmiyyətə malikdir. Belə ki, bu gün mədəni sərvətlərimiz bir çox xarici ölkə muzeylərində başqa xalqların sərvəti kimi təqdim olunur.
Konfransın birinci günü əsas məruzəçilər çıxış etdilər. Onlar konfransın əsas mövzusu ilə bağlı öz xüsusi baxışlarını açıqladılar. Sonra bu çıxışlar açıq şəkildə müzakirə edildi.
Muzeylərin yenidən qurulması məsələləri üzrə böyük məsləhətçi Eleyn Nyuman Qurian (ABŞ) “Ziyarətçi-müəllim, muzey-köməkçi kimi” adlı məruzəsində bildirdi ki, muzeylərin təlqin etdiyi rəsmi həqiqətlə ziyarətçinin fərdi yanaşması arasındakı gərginliyi dəf etmək üçün hər iki baxışı özündə əks etdirən ümumi yanaşmadan istifadə etmək olar.
Hindistanın Dehli şəhərindəki Cəvahirləl Nehru adına Universitetin İncəsənət və Estetika Məktəbinin professoru Cyotindra Ceyn özünün “Muzey: obyekt, yaddaş və tarixşünaslıq” adlı məruzəsində qeyd etdi ki, muzey obyektinin onun öz tarixi və yaxud etnoqrafik kontekstdə yenidən kontekstualizasiya etmək kifayət deyil, bu obyekti doğuran və daha az nəzərə çarpan siyasi, sosial qüvvələri tədqiq etmək daha vacibdir.
Avstriyanın Vyana Universitetindəki Fəlsəfə İnstitutunun professoru Piter Kampints “Muzeylər: irslə gələcək arasındakı dəyərlər” adlı məruzəsində göstərdi ki, bugünkü dəyişkən cəmiyyətdə muzeylər müxtəlif cəmiyyətlərin keçmiş və gələcək dəyərlərini qoruyub saxlamaqla daha çox məşğul olmalıdırlar. Muzey keçmişə açılan qapı və gələcəyə baxan pəncərədir; bu gün o, canlı informasiya cəmiyyətinə sürətlə uyğunlaşmaqdadır. Nəyin sərgilənəcəyi ilə bağlı seçim məsələsi cəmiyyətin dəyərləri ilə sıxı şəkildə bir-birilə bağlıdır. Hətta indikindən də güclü yeni kommunikasiya növləri meydana çıxarsa belə, muzeylərin əhəmiyyəti adi sərgi salonu dərəcəsinədək azaldılmamalıdır. Onlar yalnız siyasi tələbatla deyil, həmçinin dəyərlər məsələsi ilə əlaqələndirilməlidir.
Daha sonra hollandiyalı Susan Lekne (kurator şöbəsinin müdiri) “Millətçi diskusr irsi və siyasəti”, Berlindən olan tarixçi Kristof Ştolzl isə “Muzeyə KİV əsaslı cəmiyyətlə kontrapunk kimi baxış” adlı məruzələrlə çıxış etdilər.
Sonra İCOM-un İcraiyyə Şurasına seçkilər və İCOM-un beynəlxalq və regional komitələrinin iclasları keçirildi və bu müzakirələrdə qeyd olundu ki, artıq muzey, sadəcə, insanları maraqlandıran əşyaların saxlanıldığı yer deyil. İndi o, əşyalar və onların kontekstualiyasiyası, yəni, bu əşyaları yaradan, bizim qoruyub saxlamağa çalışdığımız mühitlə əlaqələndirilməsi barədə, onları yaradan insanlar və onlarla qarşılıqlı əlaqəyə girmək üçün gələn insanlar haqqında informasiyaların ötürüldüyü mərkəzə çevrilmişdir. Sənədləşdirmə bu yeni, sosial baxımdan daha əhəmiyyətli rolu dəstəkləməli, ən yüksək etik və peşəkar dəqiqlik standartlarına uyğun aparılmalıdır.
Muzey işində kontekst yaradıcılığı ictimaiyyəti maraqlandıran və ziyarət imkanını genişləndirən muzey proqramlarının uğurlu inkişafı üçün həyati əhəmiyyət kəsb edən bütün sahələrin aparıcı ünsürüdür. Bu səbəbdən muzey rəhbərləri üçün yaradıcı resurslar işləyib hazırlamaq, ideyaları səfərbər etmək və muzey daxilində fərqli fikirlər və fərqli insan tipləri arasında əlaqə yaratmaq çox vacibdir.
Avqustun 21-də konfransda həmçinin bütün iştirakçılar üçün “Müəllif hüququ və əqli mülkiyyət hüququ: muzeylər üçün nəticələr” mövzusunda seminar təşkil edildi.
Seminarda qeyd olundu ki, müəllif hüququ və digər əqli mülkiyyət hüquqları bütün muzeylər üçün olmasa da, onlara doğma təsisat və təşkilatların getdikcə çox mühüm probleminə çevrilir. Muzeylər müəllif hüququ da daxil olmaqla müxtəlif əqli mülkiyyət hüquqlarının geniş diapozonu təsirinə düşən böyük miqdarda material və informasiyaya malikdirlər. Bu hüquqların bəziləri muzeydə saxlanılan obyektlərlə əlaqədar olaraq muzeyin özünə məxsusdur. Lakin bir çox digər hallarda, müəllif hüququ başqa şəxslərə, məsələn həyatdan köçmüş rəssamın varislərinə məxsus ola bilər.
Muzeylər həmçinin sərgilərdə, kataloqlarda, digər nəşrlərdə və yaxud reproduksiyalarda illüstrasiya kimi istifadə edilən potensial materialların müəllifi hüququnun başlıca istifadəçisidir. Muzeylər nisbətən mürəkkəb sahələrdə nələri bilməli və nələri etməlidirlər?
Bundan əlavə, əsasən yerli xalqların (hərçənd heç də təkcə onların deyil) ənənəvi mədəni ifadələrindən və ənənəvi biliklərindən istifadə, xüsusilə də qeyri-düzgün istifadə məsələləri getdikcə böyük narahatlıq doğurur.
Hüquqi Məsələlər Komitəsinin tövsiyəsinə əsasən İCOM-un İcraiyyə Şurası bu razılığa gəldi ki, İCOM özünün müəlliflər hüququ və əqli mülkiyyət hüququ siyasətini inkişaf etdirməli, habelə muzeylər və muzey peşəkarlarını praktik təlimatlarla təmin etməlidir.

Konfrans çərçivəsində Azərbaycan nümayəndə heyətinin üzvləri müxtəlif mədəni tədbirlərdə iştirak etdilər.
Mən Avstriyanın Tətbiqi Sənət Muzeyini ziyarət etdim və burada saxlanılan Azərbaycan xalçaları kolleksiyası ilə tanış oldum. Bu xalçalar “Qafqaz xalçaları”, bəzən isə hətta iki adla “Qarabağ”, “Quba” xalçası kimi təqdim olunur. Bu muzeydə saxlanılan Azərbaycan xalçalarından ibarət kataloqun müştərək qaydada nəşr edilməsi və onların “Azərbaycan xalçaları” kimi qeyd olunması barədə muzey rəhbərliyi ilə danışıqlar apardıq. Ümumiyyətlə ayrı-ayrı xarici ölkələrin muzeylərində saxlanılan Azərbaycan xalçalarının ümumi kataloqunun hazırlanması məqsədəuyğun olardı.
Azərbaycan Dövlət İncəsənət Muzeyinin direktoru İsrafil İsrafilov Vyana İncəsənət Muzeyini ziyarət etdi. Burada italyan rəssamı Solimen Fransiskin (1657-1748) “Mifoloji süjet” adlı rəsm əsəri nümayiş etdirilir. Bu rəsm əsərini muzeyə VI Karl vermişdir. Analoji rəsm (müəllif surəti) Azərbaycan Dövlət İncəsənət Muzeyində saxlanılır. Hər iki əsərin Bakı şəhərində sərgisinin keçirilməsi nəzərdə tutulmuşdur. (Eyni zamanda əsərin yaranma tarixi dəqiqləşdirildi — 1729-cu il).
Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru Alla Bayramova İncəsənət Tarixi Muzeyini ziyarət etmiş və burada qədim alətlər kolleksiyası ilə tanış olmuşdur. Muzeydə Qvaneri və Leopold Motsartın skripkalarında çalan Natalya Korsakovanın və pianoçu Yuçin Kussonun iştirakı ilə qədim musiqi alətləri konserti təşkil edilmişdir. Yuçin Kussonun ilə söhbət əsnasında məlum olmuşdur ki, onun həyat yoldaşı Vaqif Mustafazadənin yaradıcılığına dərindən bələddir. Alla Bayramova Azərbaycan bəstəkarlarının yeni tapılan əsərlərinin not surətlərini və bu bəstəkarların fortepiano musiqisindən ibarət SD-ni Korsakovaya bağışlamışdır.
Azərbaycan Dövlət İncəsənət Muzeyinin baş məsləhətçisi Nailə Rəhimova Kystemburq şəhərində olmuş, buradakı Avqustin monastrını ziyarət etmişdir. Avropada ən böyük orqan məhz bu monastrdadır.
Bu ilin oktyabr ayında Moskvada İCOM-un beynəlxalq komitəsi olan CAMOC-un konfransı keçiriləcəkdir. Bunu nəzərə alaraq Azərbaycan nümayəndə heyəti orada “Köhnə — yeni Bakı” sərgisinin keçirilməsini də təklif etmişdir.
Bizim muzeyin mütəxəssisi Nərminə Tağıyeva Albertina muzeyini ziyarət etmiş, orada Donald Kahnın “Avstriya aborigentləri incəsənətində simvollar” adlı kolleksiyası ilə tanış olmuşdur. Bu simvolların açılışından bəhs edən xüsusi uşaq proqramında istifadə olunması böyük maraq doğurmuşdur. O, Honburun uşaq muzeyinə getmişdir. Söz yox ki, uşaqlar üçün belə xüsusi muzeyin Azərbaycanda da təşkili böyük əhəmiyyət kəsb edərdi.
Bu tədbirdə Azərbaycan nümayəndə heyətinin iştirakına maliyyə dəstəyi Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi və İCOM tərəfindən verilmişdir.

Xalq qəzeti.- 2007.- 2 sentyabr.- S. 5.