Xatun
İnzibati binanın bünövrəsi tapılıb
İlyas Babayev tapıntının 2500 ilə
yaxın yaşı olduğunu söyləyir
"Şəmkirin
Qaracəmilli kəndi yaxınlığında apardığımız
arxeoloji qazıntılar zamanı gözlədiyimizdən də
qiymətli tapıntılar aşkarlamışıq". Bu
açıqlamanı Azərbaycan Milli Elmlər
Akademiyasının arxeologiya və etnoqrafiya İnstitutunun
şöbə müdiri, AMEA-nın müxbir üzvü,
professor İlyas Babayev verib. Onun sözlərinə
görə, adıçəkilən ərazidə aparılan
arxeoloji qazıntılar nəticəsində yaşı 2500
ilə yaxın olan inzibati binanın bünövrəsi və
orta sütun altlıqları aşkarlanıb.
Xatırladaq ki, Qaracəmilli kəndi yaxınlığında arxeoloji qazıntı işlərini Almaniya-Azərbaycan-Gürcüstan birgə arxeoloji ekspedisiyası aparır. Qazıntı işlərində alman arxeoloq Florian Klaus, gürcü arxeoloq Yulon Qaqaşidze və professor İlyas Babayev iştirak edirlər. İlyas Babayev ekspedisiyanın keçən ildən fəaliyyət göstərdiyini və bütün maliyyə xərclərinin Almaniya hökuməti tərəfindən ödənildiyini deyib:
"Bu ərazidə bizim öyrəndiyimiz abidə Əhəmənilər
dövründə inşa
edilib və eramızdan əvvəl birinci minilliyin ortalarına aiddir. Burada
tapılan inzibati bina, çox güman ki, Əhəmənilər dövlətinin
Cənubi Qafqazda yerləşən böyük
iqamətgahıdır. Bu
cür abidələr
Azərbaycanda ilk dəfə Qazax rayonunda 1958-1959-cu illərdə
tapılıb. Balaca binanın bir hissəsi və onun içərisində də iki sütun
altlığı olan
bu tapıntı isə hal-hazırda
Bakıda tarix muzeyində nümayiş etdirilir".
Ayna.- 2007.- 5 sentyabr.- S. 8.