Kamran İmanov:
İçərişəhər ərazisində
aparılan bütün qeyri-qanuni tikintilər
dayandırılıb, təmir bərpa işləri
isə nəzarət altındadır
"İçərişəhər"
Dövlət Tarix-memarlıq Qoruğu İdarəsinin
sədri Kamran İmanovun APA-ya müsahibəsi
-
"İçərişəhər" Dövlət
Tarix-Memarlıq Qoruğu İdarəsi hansı
zərurətdən yaradıldı?
- Müəyyən səbəblərdən
İçərişəhərin
şəhərsalma-memarlıq bütövlüyünün
qorunmasında problemlər yaranmışdı, nəzarətsiz
yeni tikililər peyda olurdu. Ərazidəki yaşayış
tikililərinin təmir-bərpa işləri çox zəif
aparılıb, aparılan təmir işləri də şəhərin memarlığına
xələl gətirib. Azərbaycan prezidenti
İçərişəhər ərazisinin
mühafizəsinin gücləndirilməsi məqsədilə
bir sıra fərman və sərəncam imzalayaraq, Qoruğun
İdarəçiliyinə yeni status verdi, o, Bakı
şəhər İcra Hakimiyyəti və
Mədəniyyət və Turizm Nazirliyinin tabeliyindən
çıxarılaraq, Nazirlər Kabineti yanında
"İçərişəhər" Dövlət
Tarix-Memarlıq Qoruğu İdarəsi yaratdı və 16 may
2007-ci il tarixli fərmanla yeni yaradılmış
İdarənin Əsasnaməsi və digər
sənədləri təsdiq etdi. Beləliklə, analoqu olmayan
qoruq ərazisinin idarəetmə sistemi yaradıldı.
Yalnız bundan sonra ərazidə aparılan
pərakəndə tikinti işləri dayandırıldı və
hazırda idarənin icazəsi və nəzarəti altında
yerinə yetirilir. Qoruğun tərkibinə 4 qurum - Mənzil-Kommunal
və Təmir Xidməti, Elmi-Mədəni Mərkəz, Elmi
İstehsalat-Bərpa Emalatxanası və
"İçərişəhər" Tarixi Muzeyi daxil
edilib. Onu da qeyd etməliyəm ki, qoruğun ərazisi
çox mürəkkəb, sosio-mədəni sistemdir. Bu
ərazidə təxminən 4500 nəfər yaşayır.
Deməli, bu ərazi sosial tərəfdən də inkişaf
etməlidir. Digər tərəfdən isə bu ərazinin
təxminən 20 hektarında 600-dək abidə var. Bu
abidələrdən 3-ü beynəlxalq əhəmiyyətli,
26-sı ölkə əhəmiyyətli memarlıq
abidəsi, 3-ü arxeoloji abidə, 500-ə qədəri
isə yerli əhəmiyyətli abidədir. Deməli,
qoruğun mədəni komponenti onun qorunmasını, sosial
həyatı isə dinamika tələb edir. Qoruğun
idarə edilməsində ən vacib və ən incə məqam
da bu tarazlığı yaratmaqdır. Digər
tərəfdən, bura çox elitar nüfuzlu bir ərazi
hesab olunur. Müxtəlif beynəlxalq təşkilatlar və
kommersiya strukturları da
İçərişəhərdə yerləşmək
üçün müəyyən mənada
canfəşanlıq göstərir. Bax, bu
məsələlərlə bağlı bir sıra problem var
və bunlar həllini tapmalıdır. Əsas problem isə
odur ki, ərazidə yaşayanlar üçün həm
sosial şərait yaradılmalı, həm də buradakı
bütün abidələrin qorunub saxlanmasıdır.
- İdarənizin maliyyə məsələləri necə həll
olunur?
- Maliyyələşmə hal-hazırda dövlət
vəsaiti hesabına həyata keçirilir. Amma qoruğun
Əsasnaməsi ona görə unikaldır ki, qoruğun administrasiyasına
gələcəkdə özünü
maliyyələşdirə bilmək imkanı yaradılıb.
Biz çalışmalıyıq ki, gələcəkdə
bu imkandan istifadə edək və əldə olunan vəsaiti
İçərişəhərin inkişafına
yönəldək. Bununla yanaşı, fərdi
investorların yatırımları da cəlb olunmalıdır.
Dövlət siyasəti bu məsələdə elə
yönəldilib ki, fərdi investor əraziyə pul qoymağa
həvəsləndirilsin, memarlıq standartlarına
xələl gəlmədən müəyyən
abadlaşdırma işləri aparsın. Qorunub saxlanmaqla
və abadlaşma ilə bağlı bizim "Menecment
planı"mız hazırlanıb, "Master
planı"mız isə hazırlanır. Bu layihələr
UNESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın
təşəbbüsü ilə hazırlanıb. Dünyanın tanınmış
mütəxəssisləri, tarixi şəhərin qorunub
saxlanmasında təcrübəsi olan memarlar
İçərişəhərə gəliblər, onlarla müəyyən
danışıqlar aparılıb. 2008-ci ilin yayında
İçərişəhərə aid olan qeyd etdiyimiz
xüsusi "Master plan" da yaradılacaq.
Keçmişdə buna Baş Plan deyirdilər. "Master
plan"da hər bir binanın taleyi ilə bağlı
məsələlərə aydınlıq gətirəcək
və şəhərsalma bütövlüyü də qorunub
saxlanacaq. İdarəmiz hal-hazırda formalaşma
mərhələsindədir. Hazırda 30-dək
işçimiz var. Yerimiz bir az darısqaldır.
Gələcəkdə başqa binaya köçməyi
planlaşdırırıq. Əsas odur ki, işlək mexanizm
artıq yaradılıb. Əraziyə nəzarət edən
xüsusi texniki xidmət şöbəsi var. Digər
tərəfdən, informasiya-kommunikasiya bölməsi və
tədqiqatlar qrupu da yaradılıb. Burada memarlar,
inşaatçılar qrupu, ərazi nəzarətçiləri,
İT-mütəxəssisləri və digərləri
çalışır.
- Fəaliyyətiniz dövründə
İçərişəhərin taleyüklü
məsələlərindən hansının həllinə
nail ola bilmisiniz?
- İçərişəhərin taleyüklü
məsələləri çoxdur, onları bir-birindən
ayırmaq istəmirəm. çünki
İçərişəhər ilk növbədə
müasir tələblərə cavab verən turizm
mərkəzinə çevrilməlidir. Tarixi memarlıq
abidələrimizi əks etdirən video-roliklər,
kitabçalar, broşüralar, açıqcalar çap
edilib. Keramik məlumat stendləri
hazırlanıb, yol örtükləri dəyişdirilir,
turist marşrutları hazırlanır.
İçərişəhərin turizm mərkəzinə
çevrilməsi üçün bir sıra əlavə
problemlər həll olunmalıdır.
İçərişəhər yarım il əvvəl
həm qaranlıq, həm də çox çirkli idi.
İndi İçərişəhər təmizdir,
işıqlıdır. İşıqlandırma milli
üslubda aparılır. İçərişəhər
təkcə tarixi abidə deyil, sözün əsl
mənasında şəhərdir. Buradakı
dəyişikliyi gərək gələsən,
görəsən.
- İçərişəhər UNESCO-nun Dünya
Mədəni İrs Siyahısına daxil ediləndən sonra
burada mütəmadi olaraq, beynəlxalq səviyyəli
tədbirlərin keçirilməsi gözlənilirdi.
Belə tədbirlərin keçirilməsi
planlaşdırılırmı?
- İçərişəhərdə beynəlxalq folklor
festivalları keçirməyi planlaşdırırıq. Biz
qədim şəhərlərin beynəlxalq alyansına daxil
olmağı nəzərdə tuturuq və bu
çərçivədə seminarın keçirilməsini
planlaşdırırıq. UNESCO nümayəndələri
İçərişəhərdə olublar və
qərarlarını ümumdünya İrs Komitəsinə
göndəriblər. Komitənin 31-ci iclasında yay vaxtı
bu məsələlər müzakirə olunub və qeyd olunub
ki, İçərişəhərin idarə olunmasında
nəzərə çarpan irəliləyiş var, binaların
sökülməsinin qarşısını almağa nail
olunub. Ona görə də növbəti
müşavirədə İçərişəhərin
ümumdünya Mədəni İrs Siyahısının qara
siyahısından, yəni təhlükə
qarşısında olan abidələrin sırasından
çıxarılması məsələsinə
baxılacaq.
- Beynəlxalq təşkilatlarının
nümayəndələrinin
İçərişəhərə səfəri
gözlənilirmi?
- UNESCO-nun ümumdünya İrs Komitəsi Mədəni
İrsin Qorunmasına aid Hökumətlərarası
Beynəlxalq Təşkilat (İCCROM) və Abidələrin
və Tarixi Yerlərin Qorunub Saxlanmasına aid
Qeyri-Hökumət Beynəlxalq Təşkilatı (İCOMOS)
ilə əməkdaşlıq edir. Bu il həmin beynəlxalq
təşkilatların nümayəndələrinin
İçərişəhərə səfəri olacaq.
Şəhərin "Master plan"ı ilə bağlı
da mütəxəssislərin səfəri bu ay
gözlənilir. Tanınmış beynəlxalq
mütəxəssislərin İçərişəhərdə
ayrıca qərargahı da yaradılacaq. Onların
İçərişəhərə hər ay səfər
etmələri planlaşdırılır. Bu aydan başlayaraq
"Master plan" üzrə nümayəndələr
İçərişəhərdə mütəmadi
işləməyə başlayacaq.
- Bir ara İçərişəhərdə aparılan
söküntü işləri narahatlıq doğururdusa,
hazırda yeni binaların tikilməsi narazılıqla
qarşılanır. İçərişəhərdə
keçmişdə aparılan yeni tikinti işlərinin
aqibəti necə olacaq?
- Hazırda İçərişəhərdə
bütün təmir-bərpa işləri bizim
nəzarətimiz altında həyata keçirilir. Qoruğun
ərazisində isə heç bir yeni tikinti işi
aparılmır. Mən tam məsuliyyətlə bildirirəm
ki, İçərişəhər ərazisində
aparılan bütün qeyri-qanuni tikintilər yanvarın
15-dən dayandırılıb. Bütün
layihələrə yenidən baxılıb və
layihələr İçərişəhərin memarlıq
standartlarına uyğunlaşdırılıb. İndi
İçərişəhərdə yalnız
müəyyən təmir-bərpa işləri aparıla
bilər. Aparılacaq işlər isə müəyyən
tələblərə uyğun olmalıdır və bu
standartlarla tənzimlənir. Layihələr xüsusi ekspert
komissiyasına təqdim olunur və onların icazəsi
ilə bərpa başlanır.
- Bəs binaların sökülməsinə
hansı şərtlə icazə verilir?
- İçərişəhərdə binaların
sökülməsi məsələsinə də ciddi
nəzarət olunur. Əgər binanın bərpası
heç cür mümkün deyilsə,
mütəxəssislər onu saxlamağı lazım
bilmirlərsə, binanın heç bir tarixi əhəmiyyəti yoxdursa və nəhayət, həmin
binanın altında qədim arxeoloji əhəmiyyətli
qalıqlar qalmayıbsa, bu binanın sökülməsinə
icazə verilə, həmin ərazidə ona uyğun bina
regenerasiya edilə və ya ərazisi
yaşıllaşdırıla bilər.
- Hazırda İçərişəhərdə
yerləşən bir neçə beynəlxalq
təşkilatın ofislərinin başqa yerə
köçürülməsi mümkündürmü?
- Bu suala cavab vermək üçün dünya
təcrübəsinə nəzər yetirməliyik.
Avropanın qədim tarixi yerləri adətən piyada
yollarından ibarətdir. Bu ərazilərə
nəqliyyatın daxil olması qəti qadağandır. Bizim
apardığımız monitorinqlərə görə isə
bir vaxtlar İçərişəhərə gündə
təxminən 15 min maşın daxil olurdu, burada hətta
piyadaların hərəkəti mümkün deyildi. Belə
bir şəraitdə şübhəsiz ki,
giriş-çıxış məhdudlaşmalı idi. Amma bu məhdudlaşma da addım-addım
aparılmalı, İçərişəhərdə
yaşayan sakinlərin rahatlığı nəzərə
alınmalıdır. İçərişəhərdə
beynəlxalq təşkilatların və kommersiya
strukturlarının ofisləri varsa, deməli, gündüz
İçərişəhərin əhalisi 10 minlərlə
artır. üstəlik hər ofisin də nə
qədər maşını var. Məhdudlaşdırma
çərçivəsində qoruğa elektron qapılar
qoyuldu, sakinlərə və ofis nümayəndələrinə
elektron kartlar paylandı. Hər ofisin yalnız bir
neçə əməkdaşına elektron kart verildi.
Hazırda İçərişəhərə iki yerdən
giriş-çıxış var: Qoşa Qala qapısı
və Neftçilər prospektindən. Mən istəyirəm
ki, bu məhdudlaşma bir az da sərtləşdirilsin və
gələcəkdə yalnız piyada hərəkəti olsun.
Bu məhdudlaşma bəzi ofislər
üçün çətinlik yarada bilər və ola bilsin
ki, artıq kimsə buradan çıxıb getməyi
planlaşdırır, amma rəsmən onların
köçürülməsinə, ərazidən
uzaqlaşdırılmasına heç bir göstəriş
yoxdur.
- İçərişəhərdə bu gün evlərin
alğı-satqısı necə həyata keçirilir?
- Bu, çox maraqlı məsələdir.
İçərişəhərdən ev alanlar bəzən
sonra narazılıq edirlər ki, qadağalardan,
şəhərə sərbəst giriş-çıxışın
olmamasından mənzilin istənilən şəkildə
təmirinə imkan verilməməsindən xəbərsiz
olublar. Ona görə də bizim qurumun qoruq
ərazisində olan evlərin alğı-satqısında
iştirakı həllini tapmalıdır. Buradan ev alan hər
kəs bizimlə öncədən mühafizə
müqaviləsini imzalamalı və müəyyən
öhdəliklər götürməlidir. Qoruq sakininin
memarlığa xələl gətirən hər hansı
təmir işləri aparmağa, tarixi üslubu
dəyişməyə, hər hansı elementi pozmağa
ixtiyarı yoxdur. Hətta müvafiq hallarda binanın
istifadə təyinatını dəyişdirməyə
də qadağa qoyula bilər. Bu şərtlər
İçərişəhərin hər bir sakininə izah
edilir.
- Hazırda İçərişəhərdə hansı
abidələr təmir olunur?
- Qız Qalası yaxınlığındakı ətraf
abadlaşdırılıb, 1964-cü ildə aşkar olunan
Sıratağlı abidə bərpa olunaraq, açıq
səma altında muzeyə çevriləcək. Burada
İçərişəhər Tarix muzeyi yaradılacaq
və yaxında təmir işləri başlanacaq. Bir
sözlə, kompleks yaradılması nəzərdə tutulub.
Buxara və Moltanı karvansarasının ətrafı,
Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və
Etnoqrafiya Muzeyinin bərbad vəziyyətdə olan fasadı
təmir olunub, həmçinin, Bakıxanovların evi, S.
Quliyev küçəsində bərpa işləri davam edir
və s. Təmiri təxirəsalınmaz
yaşayış binalarında da bərpa işləri
aparılacaq. çalışırıq ki,
şəhərsalma tariximizi mərhələlərlə
özündə yaşadan İçərişəhər
memarlığımızın daş yaddaşı kimi
mühafizə edilsin, həm də canlı şəhər
kimi yaşasın...
Təzadlar.-2007.-25 sentyabr.-S.15.