Mustafayeva G., Binnətova M.

 

Abidələr tariximizdir

 

"Avey" Dövlət Tarix Mədəniyyət Qoruğunun Göyəzən, Əskipara və Damcılı filialları fəaliyyət göstərir. Rayonumuzdakı 112 memarlıq, arxeoloji və monumental abidənin əlli beşi bilavasitə qoruğumuzun ərazisindədir. Fəxr edirik ki, bu yerlərdə XII əsrin yadigarı olan Qırmızı körpü, habelə Damcılı mağarası və Baba Dərviş kimi dünya əhəmiyyətli abidələr mövcuddur.

Qoruğun ərazisində qeydiyyatda olmayan qayaüstü əlçatmaz tikililər, hörgülər, yaşayış yerləri, Kala və Kurqanlar mövcuddur. Son illərdə işçilərimiz tərəfindən otuza yaxın bu cür memarlıq nümunəsi müəyyən edilib. Onlardan biri də Məmməd Koxa bulağıdır. Bu yaraşıqlı memarlıq abidəsi dövlət qeydiyyatına götürülmüş və Mədəniyyət Nazirliyi tərəfindən bərpasına başlanılmışdır. Abidələr tariximizin yadigarı, canlı salnaməsidir. Biz onların  qorunub saxlanılması və gənc nəslə tanıdılması üçün əlimizdən gələni etməyə çalışırıq. Bu məqsədlə mütəxəssislərdən ibarət şura yaradılmış, fotostendlər, albomlar hazırlanmış, "Avey və Göyəzən dağlarının möcüzələri" kitabı yazılmış, "Bələdçi" sorğu kitabı tərtib edilmişdir.

Son illərdə ölkə başçısı cənab İlham Əliyevin təşəbbüsü ilə respublikamızda turizmin inkişafına xüsusi diqqət yetirilir.  Azərbaycanın  qərb bölgəsinin qapısı sayılan, qədim və zəngin tarixə malik olan Qazax rayonunda hər bir qonağa iftixarla göstəriləcək gözəl yerlər, ulu abidələr çoxdur. Mədəniyyət və Turizm Nazirliyinin köməyilə bu abidələrin bərpasına və müvafiq turist marşrutlarının yaradılmasına çalışırıq.

 

Azərbaycan.- 2007.- 2 sentyabr.- S. 4.