Rzalı R.

 

İçərişəhər qorunub saxlanmalıdır

 

İçərişəhər tarixi görkəmi və ərazisində olan qədim maddi və mədəni memarlıq abidələri ilə birlikdə YUNESKO-nun Dünya Mədəni İrs Komitəsində bəşəriyyətin mədəni irsi kimi qeydə alınıb. Yəni İçərişəhər təkcə bizim deyil, bəşəriyyətin mədəniyyət nümunəsidir. Ona görə qoruq şəhərin ərazisində aparılan hər bir restavrasiya ya yeniləşdirmə işlərindən komitənin xəbəri olmalı, bərpa işləri bu qurumun mütəxəssislərinin iştirakı ilə aparılmalıdır. İçərişəhərin mühafizəsinin vacibliyi mədəni-tarixi dəyərlərimizin qorunub saxlanması, ölkədə turizmin inkişafı üçün ən müstəsna əhəmiyyətə malik infrastruktur olmasıdır.
İçərişəhərin mövcud vəziyyəti ilə bağlı narahatlıq doğuran məsələlər yenidən müzakirə obyektinə çevrilib.
Mütəxəssislər Qoruq şəhərdə Dünya Mədəni İrs Komitəsi tərəfindən qeydiyyata alınan qorunan tarixi abidələrin, hətta yaşayış evlərinin belə, heç nəyə məhəl qoyulmadan dağıdıldığını bildirirlər. Onlar son bir ildə 13 binanın söküldüyünü deyirlər.
"Tarix Mədəni İrsi Qoruma" Birliyinin rəhbəri Aytəkin İmanova deyir ki, Müslüm Maqomayev küçəsində yerləşən binaların bir neçəsi artıq tamamilə dağıdılıb, yerində katlavanlar qazılıb: "Tarixi binaları ancaq bərpa etmək olar. Hətta İçərişəhərdə yaşayan insanların da öz mənzillərini sökmək hüquqları yoxdur. Qız qalasından "Azneft"ə qədər olan ərazidə yeraltından keçən kommunikasiya xətləri dağıdılır, qədim yaşayış binaları sökülür".
Xatırladaq ki, bir neçə il öncə ümummilli lider Heydər Əliyev xalqımızın ən qədim memarlıq abidəsi olan İçərişəhərin vəziyyəti ilə tanış olmuş, aparılan yeni tikinti işlərinin dayandırılması Qoruq şəhərin baş planının hazırlanması barədə sərəncam imzalamışdır. Ulu öndər tarixçi alimləri, etnoqrafları, müvafiq nazirlikləri başqa mütəxəssisləri bu işə cəlb edərək İçərişəhəri əvvəlki görkəminə qaytarmağı tövsiyə etmişdi. O zaman ümummilli liderin İçərişəhərin taleyi ilə bağlı narahatlığına, həyəcan təbilinə cavab verən alimlər, mütəxəssislər İçərişəhərin baş planı ilə bağlı təkliflər irəli sürdülər. Hətta belə bir fikir var idi ki, İçərişəhər orta əsr görkəminə qaytarılsın, sözugedən əraziyə avtomobil daxil olmasın, burada faytonlardan istifadə olunsun, dəmirçilər, dulusçular, ipəkçilər, kustar əl işləri sexləri fəaliyyət göstərsinlər. Bunun turizm üçün əhəmiyyəti nəzərə alınmışdı. Təəssüf ki, deyilənlər təklif olaraq qaldı. Son vaxtlar İçərişəhərin dağıdılması ilə bağlı aidiyyəti qurumlar, tarixçi alimlər, etnoqraflar, vətəndaş cəmiyyətləri məsələ qaldırsalar da, hələki bu qədim şəhərin qədimliyinə balta çalmaqda davam edirlər. Elə buna görə İçərişəhər YUNESKO-da təhlükə altında olan mədəni irs sırasındadır.
Ötən gün Dünya Bankının təşəbbüsü ilə Muzey Mərkəzində İçərişəhər Tarixi Memarlıq Qoruğunun baş planının təqdimat mərasimi keçirilmişdi.
Tədbirdə iştirak edən mədəniyyət turizm naziri Əbülfəs Qarayev İçərişəhərin Azərbaycanın ən qiymətli tarixi abidəsi, açıq səma altında qoruq muzey olduğunu bildirdi: "Azərbaycan Prezidenti cənab İlham Əliyevin fərmanı ilə İçərişəhərin idarə edilməsi üçün yeni struktur təsdiq olunmuşdur. Vaxtında verilmiş bu qərar qədim şəhərin taleyində müsbət dəyişikliklərə təkan vermişdir. 2001-ci ildən etibarən Şirvanşahlar sarayı, Qız qalası İçərişəhər kompleksi, bu ildən isə Qobustan Qoruğu YUNESKO-nun Bəşəriyyətin Mədəni İrsi siyahısına daxil edilib. İçərişəhərin vəziyyəti sözsüz ki, bizi narahat edir. 2003-cü ildə əsas müsabiqələr keçirildikdən sonra Azərbaycan hökuməti bu məsələnin həlli üçün Dünya Bankının rəhbərliyinə müraciət etmişdir. Əvvəlcə İçərişəhərin baş planı ilə bağlı işlərin görülməsi planlaşdırıldı. Lakin elə həmin vaxt məlum oldu ki, baş planda bütün Bakı şəhərinin kommunikasiya, nəqliyyat əlaqələri infrastrukturu nəzərə alınmamışdır. Buna görə baş planın bir hissəsini, İçərişəhərin menecment planının həyata keçirilməsi ideyası irəli sürüldü. Bu məqsədlə müsabiqə sənədlərinin hazırlanması üzrə məsləhətçi-mütəxəssis dəvət edildi. Müsabiqə keçiriləndən sonra Kembric Universitetinin komandası müəyyənləşdirildi. Komandaya Litvadan, Norveçdən, Polşadan, Birləşmiş Ştatlardan mütəxəssislər dəvət edildi. İlkin plana görə, işlər keçən ilin sonunda başa çatdırılmalı idi. Lakin vaxt ehtiyatı hazırlıq işlərinin müddətini bir qədər uzatmağa imkan verirdi. İçərişəhərin idarə edilməsi üçün rəhbərlik təyin olundu, bütün əlaqədar qurumlar işə cəlb edildi. İçərişəhər hər zaman dövlət başçısı cənab İlham Əliyevin YUNESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın diqqət mərkəzindədir".
Nazirlər Kabineti yanında İçərişəhər Tarix-Memarlıq Qoruğu İdarəsinin sədri Kamran İmanov isə qədim şəhərin qorunub saxlanılması üçün daha vacib addımların atılmasından danışaraq bildirdi ki, İçərişəhərin master-planı hazırlanır: "Bu planın hazırlanması üçün yaradılan komissiyaya YUNESKO-nun ekspertləri yerli mütəxəssislər dəvət olunub".
Turizmin inkişafında təbliğində ən mühüm obyektlərdən biri mədəniyyət abidələrinin olması onun turistlərə təqdimi təbliğidir. Bu baxımdan İçərişəhər, Qız qalası, Şirvanşahlar sarayı əvəzsiz turizm infrastrukturudur. Bu məqsədlə mədəni tarixi abidələrin, muzeylərin digər müvafiq obyektlərin qorunması, bərpası, muzeylərdə bu cür tarixi-memarlıq abidələrinin olduğu yerlərdə göstərilən xidmətlərin səviyyəsinin yaxşılaşdırılması, tarixi-mədəniyyət abidələrinin təsnifatlaşdırılması, onların adlandırılması olduqca vacibdir bu yöndə aparılmalıdır. Bunlar Azərbaycanda turizmin təşviqinə böyük təsir göstərə bilər.

Azərbaycan
.- 2007.- 29 sentyabr.- S.7.