Tağıyev C.
Salam, Diri baba!
Tarixi bu
günədək dürüst öyrənilməyən, elm
aləmində müxtəlif mübahisələrə
səbəb olan nadir tarixi abidələrimizdən biri də
Qobustanın memarlıq tacı sayılan Diri Baba
türbəsidir. İndiki Qobustan (Mərəzə) rayonunun
şimal şərqində - qədim Karvan yolunun üstündə
qərar tutmuş Diri Baba türbəsi, tarixi ən qədim
dövrlərə gedib çıxan, içərisi ovulmuş
nəhəng daş mağaraların yerləşdiyi
sıldırım qayalıqda olduqca heyrətamiz görünür.
Özünün monumental biçimi, təkrarsız arxitekturası,
qeyri-adi əzəməti və dayanıqlığı
ilə hamını heyran qoyan, neçə-neçə
əsrləri adlayıb gəlmiş Diri Baba türbəsi
sözün həqiqi mənasında yalnız Qobustanın deyil,
həm də bütün Azərbaycanın Memarlıq
Tacıdır.
Bakı Qazax magistral yolunun 90-cı kilometirliyində,
baş yoldan bir qədər aralıda yerləşən
Diri Baba türbəsi
bu gün də xalqın müqəddəs saydığı
ziyarətgahlardandır. Yol boyu ötüb keçənlər
bəyaz günbəzi
həmişə diqqəti
cəlb edən bü türbənin yanından ötüb keçərkən, böyük
ehtiram hissi ilə Salavat çəkirlər. Bəzi tarixi
qaynaqlarda bu abidə haqqında çox maraqlı məlumatlara rast gəlmək mümkündür.
Belə mənbələrdən biri
də F.A.Deminskinin
1903-cü ildə Tiflisdə
nəşr etdirdiyi
"Qəbristan polis sahəsi
haqqında bəzi məlumatlar" kitabıdır.
Əlbəttə bu Diri Babanın tarixi ilə bağlı heç də yeganə mənbə deyildir. Maraqlı cəhət orasındadır
ki, mövcud olan mənbələrin hər biri digərini
təkrarlamır və
fərqli səciyyə
daşıyır. Abidə ilə
bağlı diqqətçəkən
məqamlardan biri isə türbədə dəfn olunan insanın şəxsiyyəti
ilə bağlıdır.
Bəzi mülahizələrə
görə əsrlər,
qərinələr boyu
xalqın müqəddəs
ziyarətgahına çevrilmiş
bu türbədə İslam dininin banisi Məhəmməd peyğəmbərin (s. ə) nəslindən
olan və bir vaxtlar bu
yerlərə böyük
bir islam
ordusu ilə gəlmiş Hatəm adlı ərəb sərkərdəsi dəfn
olunub. Lakin başqa bir
mənbədə burada
yerli üləmalardan
birinin dəfn olunduğu söylənilir.
Hətta
ikinci versiya ilə bağlı bu gün də
el arasında söylənilən
maraqlı bir əfsanə mövcuddur.
Həmin
əfsanəyə görə
el arasında Baba təxəllüsü
ilə tanınan müqəddəs bir şəxs həmişə
bu qayalığa gələrək dizi üstə oturub Ulu Tanrıya dualar edərmiş. Babanın həm də çoxlu şagirdləri
varmış. Onlar tez-tez
babanın ziyarətinə
gələr, onun ilahi söhbətlərinə
qulaq asarmışlar.
Bir gün yenə də öz müəlliminin yanına
gələn şagirdləri
Babanı dizi üstə oturmuş vəziyyətdə tərpənmədiyini
görürlər. Onlar elə
zənn edirlər ki, Baba yenə də dua edir.
Lakin aradan xeyli vaxt
ötsə də Baba
tərpənmir ki, tərpənmir. Bu zaman şagirdləri ona yaxınlaşırlar."
Məlum
olur ki, Babanın ruhu çoxdan göylərdədir
- o dünyasını dəyişib.
Ətrafdakılar bu vəziyyətə
heyrətlənirlər. "Baba Diridir", - deyə kəndə xəbər aparırlar.
Xalq belə qərara alır ki, Babanı
elə dua etdiyi yerdə də dəfn etsinlər və bu yerdə möhtəşəm
bir türbə ucaltsınlar. Məşhur bir memarın ucaltdığı bu türbəyə elə o
vaxtdan da Diri Baba türbəsi deyirlər.
Salam, Diri Baba!
Tanrı sənin Daş ömrünü uzun eləsin!
Mədəniyyət.- 2007.- 28 sentyabr.- S. 7.