Turanə

Ermənilərin məqsədi Azərbaycanın mədəni irsini dağıtmaqdır

Əbülfəs Qarayev: Heç kim gözləməsin ki, işğal altındakı mədəniyyət abidələrimiz öz işini davam etdirir

 

“İçərişəhərin təhlükə altında olan mədəni-tarixi abidələr siyahısında olması bizi olduqca narahat edir. Məsələ ilə şəxsən ölkə başçısı və millət vəkili Mehriban xanım Əliyeva ciddi şəkildə məşğul olur. Onlar müxtəlif beynəlxalq təşkilatların diqqətini bu məsələnin həll edilməsi üçün cəlb edirlər”. Bu sözləri mədəniyyət və turizm naziri Əbülfəs Qarayev söyləyib. İşğal altında olan torpaqlarda Azərbaycan tarixinə və mədəniyyətinə məxsus abidə və müəssisələrin ermənilər tərəfindən dağıdılmasına gəlincə isə, nazir bildirib ki, həmin müəssisə və muzeylərin normal vəziyyətdə işini davam etdirə biləcəyinə heç kim ümid etməsin: “Təcavüzkarların əsas məqsədi məhz Azərbaycanın mədəni irsini dağıtmaqdan və ona xələl gətirməkdən ibarətdir. Heç kim gözləməsin ki, işğal altında qalmış torpaqlarda Azərbaycan tarixinə, mədəniyyətinə məxsus olan muzey, turist müəssisəsi normal vəziyyətdə öz işini davam etdirə bilər. Bu, xülyadır, mümkünsüz bir şeydir. Təcavüzkarların əsas məqsədi məhz Azərbaycanın mədəni irsini dağıtmaqdan ibarətdir. Bu gün orada olan müəssisələr fəaliyyətini başqa cür həyata keçirirlər. Bir neçə mədəniyyət müəssisəsi fəaliyyətini Bakıda, soydaşlarımızın məskunlaşdığı bir sıra yerlərdə davam etdirir. Cəbrayıl muzeyi indi fəaliyyətini İstiqlal Muzeyinin nəzdində davam etdirir. Lakin müəssisələrin özləri olduqca pis vəziyyətdədir. Azərbaycanın ərazi bütövlüyü tam bərpa olunmayana kimi o müəssisələr ermənilərin təcavüzünə məruz qalacaq. Bizə hələlik siyasi qərarları gözləmək qalır. Dünya ictimiyyətinə həqiqəti çatdırmaq üçün bir sıra toplular, kitablar nəşr elətdirdik, payladıq. Bu, bizim əks-təbliğat şəbəkəmizin bir hissəsidir. Dağlıq Qarabağ Azərbaycanın perspektivli olan turizm istiqamətlərindən biridir. Azərbaycanda turizmin inkişafı ilə bağlı olan hər bir planda Dağlıq Qarabağ məhz bu istiqamət kimi göstərilməkdədir”.

Nazir dövlət başçısının 2016- ildə Azərbaycanın olimpiya oyunlarına namizədliyinin irəli sürülməsi ilə bağlı Təşkilat Komitəsinin yaradılması haqqında sərəncamının bu işə çox ciddi yanaşıldığını göstərdiyini deyib. Nazirin sözlərinə görə, bu, turizm strukturunun genişləndirilməsi, infrastrukturun yaxşılaşması deməkdir. Nazir onu da bildirib ki, layihə reallaşana kimi bir çox mədəniyyət ocaqları yeniləşəcək yeni muzeylər tikiləcək. Vaxtdan səmərəli istifadə etməyin lazım olduğunu söyləyən nazir bu müddət ərzində davamlı, təyinatlı aparmağın vacibliyindən danışıb. İki gün öncə Gürcüstandan qayıdan Ə.Qarayev Nəriman Nərimanov Cəlil Məmmədquluzadənin ev muzeylərinin aqibətindən, vəziyyətindən danışıb: “Orada olarkən teatrın muzeylərin vəziyyəti ilə maraqlandım. İndi Azərbaycanda dövlətlərarası komissiyanın iclası gedir. Azərbaycanın Tiflisdə olan mədəniyyət ocaqlarının yenidən qurulması, bərpası, müştərək olaraq həyata keçirilməsi nəzərdə tutulur. Gürcüstan paytaxtında yerləşən Azərbaycan mədəniyyət ocaqları yenidən qurulacaq”.

 

Yeni Azərbaycan.- 2007.- 28 sentyabr.- S.6.