Quliyev R.
Sənətkarların yaradıcılığına baxış
Azərbaycan Respublikası
Mədəniyyət və Turizm Nazirliyinin mədəniyyətşünaslıq
üzrə elmi-metodiki mərkəzinin
təşəbbüsü ilə ölkəmizin
şəhər və rayonlarında yaşayan xalq
istedadlarını aşkarlamaq üçün onların yaradıcılığına
baxış-sərginin keçirilməsi qərara
alınıb. Öncə qeyd etmək lazımdır ki, istedadların üzə
çıxarılmasına xidmət edən belə baxışların
uğurlu
nəticələrinə
əvvəllər də şahidlik etmişik.
Hələ sovet dönəmindən başlayaraq mərkəzin təşkil etdiyi
bu kütləvi
tədbirin davamlı şəkil alması sayəsində ixtisas təhsili olmayan, ancaq
bədii yaradıcılığa meyili olan istedadlı
şəxs üzə çıxarılmış, belə
yaradıcılara metodiki tövsiyələr verilmiş,
axtarışları və fəaliyyətləri
düzgün qiymətləndirilmişdir. Bu mənada
çağdaş Azərbaycan
dekorativ tətbiqi sənətinin
zənginləşməsində mərkəzin
üzə çıxartdığı xalq istedadlarından
Sitarə Rəhimova, Elmira Abbaslı, Qasım Qasımov,
Əldicavad, Qərib Sultanov, Tofiq Rəsulov və s.
sənətkarların adlarını qeyd etmək olar. Bu ənənənin
müstəqillik dövründə də gərəkliyini
nəzərə alan mərkəzin təsviri sənət
və sərgilər bölməsi şəhər və rayon
mədəniyyət və turizm şöbələri ilə
birlikdə bu gün həyatını həm də
yaradıcılıqsız təsəvvür edə
bilməyən, sənətə bağlı insanları
ictimaiyyətə tanıtmaq üçün yeni
baxışa start verib. Hazırda tədbirin ilkin
mərhələsində metodiki-təşkilati işlər
görülür. Artıq mərkəzin təsviri
sənət və sərgilər bölməsinin
əməkdaşları öz istedadını nümayiş
etdirmək istəyində olan onlarla həvəskar
sənətkarı qeydə alıblar. Gələn il yekunlaşacaq
yeni baxış ili olaraq zonalar üzrə keçiriləcək.
İşlərin seçilməsindən sonra Gəncə,
Şamaxı, Lənkəran, Zaqatala və Qubada yekun zona
sərgiləri təşkil olunacaq. Sərgiyə
hazırlıq prosesində yerli icra hakimiyyətləri də
xüsusi fəallıq göstərirlər. Çünki
məqsəd yerlərdə yaşayan ən
istedadlıların üzə çıxarılmasına nail
olmaqdır. Yaxşıların yaxşısını isə
Azərbaycan Respublikasının Mədəniyyət və
Turizm Nazirliyi və Azərbaycan rəssamlar
İttifaqının nümayəndələrindən
ibarət münsiflər heyəti müəyyən
edəcək. Baxış Bakıda təşkil olunacaq yekun sərgi
ilə tamamlanacaq. Zirvə sərgisində göstərilən
ən yaxşı nümunələr mərkəzin fonduna
daxil edilməklə, onların yaxın
gələcəkdə müxtəlif miqyaslı yerli və
Avropa ölkələrində təşkil olunacaq
sərgilərdə nümayişi nəzərdə tutulub.
İnanırıq ki,
yekun sərgini həm də satış xarakterli olması ona
olan sənətkar və tamaşaçı
marağını daha da artıracaqdır.
Bütünlükdə isə, xalq
sənətkarlarının və həvəskar
rəssamların yaradıcılığının milli mədəniyətimizin
zənginləşməsində və inkişafına
xidmətdə yönəlməsi birmənalıdır. Odur
ki, bütün istedadlı şəxsləri bu sənət
yarışmasına qoşulmağa səsləyirik. Yeri
gəlmişkən, qeyd etməyi lazım bildim ki,
yerlərdəki qurumlarla əlaqə yarada bilməyən xalq
istedadları öz əl işlərini birbaşa Bakıda
yerləşən Mədəniyyətşünaslıq
üzrə elmi-metodiki mərkəzə təqdim edə
bilərlər (Bakı, Bəşir Səfəroğlu
küçəsi, 144).
Mədəniyyət.- 2007.- 28 sentyabr.- S. 2.