"
"Azerbaijan review"
adlı beynəlxalq turizm jurnalının ilk nömrəsi
2002-ci il sentyabrın 27-də çapdan
çıxmışdır. Bu hadisə Azərbaycanda beynəlxalq
turizm sərgilərinin keçirilməsinin başlanması
ilə eyni vaxta düşmüşdü. Burada iki rəmzi
qanunauyğunluq görünür: ilk beynəlxalq AİTF-2002
turizm sərgisinin keçirilməsi, Dünya Turizm
Təşkilatının (UNTO) baş katibi Françesko Franjiallinin
ölkəmizə ilk səfəri, Azərbaycan
Respublikasında turizmin inkişafı Proqramının
qəbul edilməsi eyni vaxta təsadüf etmişdir.
Ötən beş
ildə "Azerbaijan review" jurnalında turizm sahəsi
ilə əlaqədar çoxsaylı materiallar dərc olunmuş,
jurnal genişmiqyaslı aksiya və forumların
təşkilinə kömək etmiş, tanınmış
ictimai xadimlər, diplomatlar, alimlər, turizm sahəsinin
mütəxəssisləri bu mətbu orqanın
səhifələrində çıxış
etmişlər. Jurnalın rus və ingilis dilində
versiyaları dünya ictimaiyyətini Azərbaycanın
qədim tarixi, mədəniyyəti və ənənələrı
ıiə tanış etmişdir. Bu nəşrə çoxsaylı
əlavələr, müxtəlif dillərdə xüsusi
buraxılışlar, bukletlər, reklam prospektləri və
xüsusi layihələr də ölkəmizin turizm baxımından
cəlbedici imicinin yaranmasına xidmət edir. Jurnalın
kollektivi tərəfindən Mədəniyyət və Turizm
Nazirliyi ilə birlikdə Azərbaycan və rus dillərində
nəşr edilən "Azerbaijan tourizm news" qəzeti
də bu cür orijinal əlavələrdən biridir.
Mədəniyyət
və Turizm naziri Əbülfəs Qarayev "Azerbaijan
review" jurnalının yubileyi münasibətilə bu
nəşrin kollektivinə müraciətində redaksiya
heyətini, jurnalın baş redaktoru Larisa Cavanşiri,
nəşrin əməkdaşlarını təbrik etmiş,
onlara yeni yaradıcılıq uğurları, maraqlı layihələr
arzulamış və ümidvar olduğunu bildirmişdir ki,
onlar Azərbaycanda turizmin inkişafına çox xeyir
verəcəklər.
Respublika.- 2007.- 27 sentyabr.- S. 6.