Cəfərov C.

 

Azərbaycanda turizmin potensialı, problemləri və perspektivləri

 

Qloballaşan dünyada iqtisadiyyatın mühüm sahələrindən biri olan turizm sənayesinin yeri və rolu kifayət qədər böyükdür. Turizm müasir dövrdə bir çox ölkələrin iqtisadiyyatında da mühüm sahələrdən birini təşkil edir. Son onilliklərdə bu sahə daha da inkişaf etmiş və dairəsi günbəgün genişlənməkdədir. Xüsusən, keçmiş sosialist ölkələrində turizm sənayesinin inkişaf etdirilməsinin vacibliyi ön planda dayanır. Azərbaycanda da turizm sənayesinə diqqətin artması, onun inkişaf strategiyasının işlənib hazırlanması, qanunvericilik bazasının yaradılması, bu sahə üçün mütəxəssislərin hazırlanması qarşıda duran ciddi vəzifələrdəndir.
Azərbaycan Respublikasında bu məsələni həm dövlət, həm də ictimaiyyət dəstəkləyir. Ölkə Prezdenti İlham Əliyevin qeyri-neft sektorunun inkişafı istiqamətində əməli fəaliyyətinin əsas istiqamətlərindən biri turizm sənayesi ilə bağlıdır. Turizm üzrə dövlət və kommersiya strukturlarının yaradılması, qanunvericilik sənədlərinin qəbul edilməsi, beynəlxalq turizm əlaqələrinin qurulması istiqamətində atılan addımlar bunun əyani sübutudur. Uğurlu addımlardan biri də müasir standartlara cavab verən turizm mütəxəsislərinin hazırlanmasında mühüm rol oynamağa başlamış Azərbaycan Turizm İnstitutunun yaradılmasıdır. Azərbaycan Respublikası Prezidentinin 25 avqust 2005-ci il tarixli 972 saylı sərəncamına əsasən, Azərbaycan Respublikasının Nazirlər Kabineti Azərbaycan Turizm İnstitutunun yaradılması və lazimi avadanlıqla təchiz edilməsi barədə 13 fevral 2006-cı il tarixli 45 saylı qərar vermişdir.
Bu ali məktəb turizm sahəsində ixtisaslı kadr hazırlamaq məqsədi ilə dövlət təhsil sistemi standartına uyğun olaraq Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin nəzdində yaradılmışdır. Birinci kurs üçün nəzərdə tutulan Azərbaycan tarixi, ingilis dili, rus dili, dünya mədəniyyəti və incəsənəti, iqtisadiyyat, riyaziyyat, informatika, bədən tərbiyəsi, turizmin əsasları, turizm tarixi, dünyanın iqtisadi və sosial coğrafiyası fənlərinin tədrisi başa çatmışdır. Məqsəd Azərbaycan turizm sənayesinin inkişaf etdirilməsi üçün qonaqpərvərlik, turizm, səyahət və istirahət sahəsində ixtisaslı kadrlara olan ehtiyacı ödəməkdə mütəxəssislərin hazırlanması və təkmilləşdirilməsidir.
ATİ-də turizm və istirahət menecmenti - tuirzm xidməti otel, restoran və digər sahələr qonaqpərvərlik və turizm menecmenti — turizm və mehmanxana idarəçiliyi; qonaqpərvərlik və turizm marketinqi — turizm bazarında tələb və təklifi tədqiqi ixtisasları üzrə təhsil verilir. 2007 - 2008 ci tədris ili üçün tələbə qəbulu planına Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş 5 yeni ixtisas — sanatoriya və kurort müəssisələrində tibbi xidmətin təşkili, sağlamlıq və kurort, mədəniyyət və incəsənət turizmi, linqvistika (bələdçi-tərcüməçi), idman turizmi əlavə edilmişdir.
İnstitut Azərbaycan Respublikasında turizm sənayesinin inkişafına bilavasitə kömək edə biləcək, beynəlxalq tələblərə cavab verən kadrların haz
ırlanması vəzifəsini qarşısına məqsəd qoymuş və öz işlərini bu məqsədlərin həyata keçirilməsi istiqamətində qurur. İşçi qrup qısa müddətdə kadr hazırlanması nəzərdə tutulan istiqamət və ixtisasların “Dövlət standartları”nı hazırlayaraq, onların Azərbaycan Respublikası Təhsil Nazirliyində təsdiq olunmasına və tədris prosesini bu standartların tələbləri əsasında qurmağa nail olmuşdur. Boloniya prosesinin xüsusiyyətlərinin əməkdaşlara çatdırılması istiqamətində konfranslar təşkil edilmişdir. Hər tədris həftəsinin və ayın sonunda həftəlik işlərin yekun nəticələrinin müzakirəsi və yeni həftədə görüləcək işlər haqqında müzakirələr aparılmışdır. ATİ kollektivi qarşıda duran vəzifənin məsuliyyətini dərindən dərk edərək, respublikanın turizm kadrlarına olan ehtiyacının təmin edilməsi işinin öhdəsindən layiqincə gəlməyi hər an diqqətdə saxlayır.
Ötən il institutda “Turizm təhsilində problemlər və perspektivlər
” adlı respublika konfransı, bu il turizm sahəsində bakalavr dərəcəsində təhsil alan tələbələrin “Azərbaycan turizmi: bu gün və sabah ” adlı birinci respublika elmi-praktik konfransı keçirilmişdir. “Qloballaşma prosesində Qafqaz və mərkəzi Asiya” II beynəlxalq konqresində ATİ aktiv iştirak etmiş, turizm sessiyasının təşkilatçılığını həyata keçirmişdir.
Hazırda 200 tələbəmiz var. Növbəti tədris ilində bu heyətə 309 nəfər də daxil olacaq. Tələbələrin qəbulunu TQDK həyata keçirir. Bu il 628 bal toplayaraq ali məktəbə daxil olmuş tələbəmiz var. Tələbələrin yarısından çoxu bizim instituta 500-dən çox bal toplayaraq daxil olmuşdur. ATİ -də tələbə gənclər təşkilatı, tələbə həmkarlar təşkilatı, tələbə elmi cəmiyyəti və turist klubu kimi birliklər fəaliyyət göstərir. Hər ayın son çərşənbə günü müxtəlif mövzular ətrafında mötəbər qonaqların iştirakı ilə Diskussiyalar Klubu keçirilir.
Kitabxanada 1523 sayda Azərbaycan, türk, ingilis, rus və digər dillərdə kitablar var. Azərbaycanda turizm sahəsində bu növdə müxtəlif kitabları olan digər belə kitabxana yoxdur. ATİ-nin kollektivi kimi, digər ali məktəblərin tələbələri, elmi işçilər də günü-gündən zənginləşən bu kitabxanadan istifadə edirlər. ATİ kitabxanasının məlumat bazasının yaradılması üçün ABŞ-ın Azərbaycandakı səfirliyi və BMT-nin Azərbaycan Təmsilçiliyi ilə əməkdaşlıq nəzərdə tutulub.
Regionun otel, restoran işi və səyahət sənayesində ixtisaslaşmanı sürətləndirmək, ali məktəb standartlarına əsaslanan tədris-tərbiyə yönümlü mərkəz olmaq, bu məqsədlərin həyata keçirilməsi üçün otel və restoran işi sənayesinin inkişafına həsr olunmuş müvafiq beynəlxalq təşkilatlarla inkişaf edən və dayanıqlı əlaqələr qurmaq, sənaye müəssisələrini və fərdləri çap materialları, kitablar, videokasetlər və təlim paketləri ilə təmin etmək, Azərbaycanda yerli ixtisasartırma sisteminin inkişafına yardım göstərmək üçün ATİ-də qısamüddətli qonaqpərvərlik təlim-tədris mərkəzi yaradılmışdır. Beynəlxalq əlaqələr və layihələr sahəsində əsasən 4 istiqamətdə iş aparılır: Avstriyanın Krems Tətbiqi Elmlər Universiteti ilə birgə əməkdaşlıq; “Açıq Pəncərə Əməkdaşlıq” layihəsində iştirak; BMT İP-in “Ölkədaxili turizmin səmərəli inkişafına kömək etməklə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması məqsədilə Mədəniyyət və Turizm Nazirliyinə institusional yardım” layihəsində iştirak; Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq" (“CAREC”) proqramı çərçivəsində əməkdaşlıq təşəbbüsü. Bu ilin iyulunda ATİ ilə Avstriyanın Krems Tətbiqi Elmlər Universiteti arasında beynəlxalq əməkdaşlıq müqaviləsi və akademik müqavilə imzalandı. Müqavilənin şərtlərinə əsasən, təhsilini müvəffəqiyyətlə tamamlayan tələbələr həm ATİ-nin, həm də Krems Tətbiqi Elmlər Universitetinin diplomları ilə təltif olunacaqlar. Əməkdaşlıq müqaviləsinin şərtlərinin həyata keçirilməsi ilə əlaqədar 2 — 7 avqustda İMC Universitetinin beynəlxalq ekspertlərdən ibarət qrupu Bakıya işgüzar səfərə gəlmişdilər. Səfər çərçivəsində tərəflərin iştirakı ilə İMC Universitetinin lisenziyasını ATİ-yə təqdimetmə mərasimi keçirilmişdir. Bu lisenziyaya əsasən, ikili diplom almış tələbələr İMC Universitetinin magistrantı olmaq şansı ilə bərabər, dünyanın istənilən ölkəsində işlə təmin olunmaq şansı da əldə edəcəklər.
Artıq “Erasmus Mundus Xarici Əməkdaşlıq Pəncərəsi” proqramı üzrə qrant udmuşuq. Bu proqram Avropa Birliyi ölkələri ilə üçüncü dünya ölkələri arasında tələbə və akademik heyət mübadiləsinə əsaslanaraq, təhsil sahəsində əməkdaşlığın inkişafını sürətləndirmək məqsədilə yaranmışdır. ATİ Xəzər Universiteti və Gəncə Dövlət Universiteti ilə konsorsium yaradaraq bu proqramda iştirak üçün ərizə vermişdir. Bizim ərizəmiz çərçivə proqramı əməkdaşlıq razılaşmasına əsasən qəbul edilmişdir. Hazırda ATİ konsorsium üzvləri ilə müqavilələr imzalamaq ərəfəsindədir. Əməkdaşların ilk görüşü 27 -30 sentyabr 2007-ci ildə Yunanıstanda, Salonikidə keçiriləcəkdir. “Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq” (“CAREC” ) proqramı ilə əlaqələrin qurulmasına da çalışırıq. Proqram region ölkələrində iqtisadi artımı dəstəkləmək və yaşayış səviyyəsini yüksəltmək məqsədi ilə 1997-ci ildə yaradılmışdır.
“Ölkədaxili turizmin səmərəli inkişafına kömək etməklə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması məqsədilə Mədəniyyət və Turizm Nazirliyinə institusional yardım” müqaviləsi “BMT İP” və Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi arasında 2 aprel 2007-ci ildə bağlanmışdır. Layihənin bir istiqaməti yerli turizm təhsilinin keyfiyyətinin beynəlxalq standartlara uyğunluğunu təmin etmək məqsədilə instituta institusional yardımı əhatə edəcək. Tədqiqat və inkişaf mərkəzinin, kompyuterlə təchiz edilmiş dil tədrisi otaqlarının yaradılması və kitabxananın zənginləşdirilməsi də həyata keçiriləcəkdir.
Gələcək planlarımız da çoxdur. İlk növbədə, ATİ-nin hər cür təchizatla təmin olunmuş korpusunun tikilməsi, 2008 - 2009- cu tədris ilindən etibarən magistratura mərhələsinin yaradılması, kollecin yaradılması, mütəxəssislər üçün ixtisasartırma və ixtisasdəyişmə kurslarının təşkili, sertifikat proqramları kurslarının yaradılması, turizm sahəsində elmi-tədqiqatların və araşdırmaların daha da genişləndirilməsi , elektron kitabxananın qurulması və s. yaxın zamanlarda olacaq işlərimizdəndir. Azərbaycan Turizm İnstitutu ölkənin təhsil sisteminin bir hissəsidir. Bu baxımdan ümumən təhsil sisteminin təkmilləşdirilməsi istiqamətində bir sıra işlərin sürətləndirilməsi turizm kadrları hazırlığına da öz təsirini verə bilər.
Azərbaycanda turizm sənayesinin müasir tələblər səviyyəsində inkişafını təmin etmək üçün bu vaxta qədər görülən işləri qeyd etməklə yanaşı, göstərmək vacibdir ki, bu yalnız başlanğıcdır. Onları uğurla davam etdirmək, qarşıya çıxan maneələri dəf etmək, dünya turizm bazarında ölkənin rəqabət qabiliyyətini təmin etmək üçün məsələyə sistemli şəkildə yanaşmaqla, mükəmməl strateji planın hazırlanmasına və ardıcıl olaraq həyata keçirilməsinə ehtiyac var. Nəzərə almaq lazımdır ki, Azərbaycan böyük turizm imkanlarına malikdir, lakin bugün onun çox cüzi hissəsindən istifadə olunur. Buna görə də Azərbaycanın hakimiyyət orqanları, turizm şirkətləri, habelə turizm problemlərini tədqiq edən elmi ictimaiyyət qarşısında böyük vəzifələr durur. Ölkə turizminin inkişafının vacib şərtlərindən biri onun hazırkı vəziyyətinin dərindən araşdırılması, problemlərin aşkarlanaraq aradan qaldırılması yollarının müəyyənləşdirilməsidir. Qanunvericilik bazasının sistemləşdirilməsi və onda olan boşluqların aradan qaldırılması turizmin inkişafının həyati məsələsidir. Hüquqi baza turizmin ümumi inkişaf strategiyasından çıxış etməlidir. Bu zaman ən xırda detallar belə nəzərə alınmalı, dünya turizm bazarındakı rəqabət səviyyəsi dərk edilməlidir. Dövlət orqanları ilə turizm sahəsində fəaliyyət göstərən iş adamları arasında konstruktiv dialoqun qurulmasına, turizm, kurort-rekreasiya və otel fəaliyyəti sahəsində sahibkarlıq fəaliyyətinin inkişafı üçün münasib şəraitin yaradılmasına, həmçinin, yerli və xarici təcrübəinin yayılmasına, sahə üzrə sahibkarlar birliyinə praktiki dəstəyə, qüvvədə olan qanunvericiliyin təkmilləşdirilməsi və turizm-rekreasiya zonalarının yaradılmasına, yerli istehlakçının müdafiəsinə, yeni iqtisadi strukturların dəstəklənməsinə yönəldilmiş effektiv hüquqi-normativ aktın qəbul edilməsinə ehtiyac duyulur. Turizmin inkişafı perspektivləri və problemlərinin son illərdə tez-tez iqtisadi və turizm forumlarının , müxtəlif səviyyəli elmi-praktik konfransların müzakirə obyektinə çevirilməsinə baxmayaraq, bu sahənin inkişaf strategiyası yenicə formalaşma mərhələsindədir. Turizm potensialının çox yüksək olmasına baxmayaraq, bəzi ölkələrin, o cümlədən Azərbaycanın payına dünya turist axınının az bir faizi düşür. Son illər turizm sahəsinin yerli səviyyələrində bəzi müsbət tendensiyalar müşahidə olunur. Turizmin inkişafı proqramlarının hazırlanması və həyata keçirilməsinə başlanmışdır. Peşəkar turizmin təhsili sisteminin formalaşması prosesi gedir. Turizm sahəsinin elmi tədqiqatları genişlənir. Əldə olunmuş müsbət tendensiyalar dövlət orqanlarının, ictimaiyyətin, turizm və elm nümayəndələrinin turizmin inkişafı zərurətini dərk etməsini göstərir. Bununla yanaşı, turizm sənayesində səmərəli bazar münasibətləri sistemi tam qurulmayıb və istehsal texnologiyaları baxımından turizm sahəsinin dünya standartlarından nə qədər uzaq olduğu göz önündədir. Turizm fəaliyyətinin qanunvericilik potensialının Mülki Məcəllə və “İstehlakçı hüquqlarının müdafiəsi haqqında Qanunla uyğunlaşdırılmasına ehtiyac duyulur. “Turizm haqqında” Qanunda “Turistlərin təhlükəsizliyinin təmin edilməsi” maddəsinin olmasına baxmayaraq ona əməl edilmir. İcra hakimiyyəti orqanı vaxtlı-vaxtında turistlərin təhlükəsizliyi haqqında məlumat almır, bu səbəbdən də o, turoperatorları, turizm agentliklərini turistlərin getdiyi ölkələrin təhlükəsizliyi haqqında məlumatlandıra bilmir. Özfəaliyyət turistlərin təhlükəsizliyi haqqında da məlumat yoxdur. Ölkə səviyyəsində turizm haqqında dolğun statistik hesabat sistemi hələ də yaradılmayıb. Bu səbəbdən turizm bazarı subyektlərinin fəaliyyətinin tənzimləməsini təmin edən və qeyri-ciddi turizm təşkilatlarının əməllərindən turistləri müdafiə edən hüquqi normalara ehtiyac var.
Gəlmə və sosial turizmin inkişafını əngəlləyən amillər də mövcuddur.
Bunlara milli turizm məhsulunun xarici turizm bazarlarına çıxışının zəif marketinq strategiyası, turizm məhsulunun bəsit çeşidi, yüksək qiymət və nəqliyyat xidmətlərinin vəziyyəti, dövlət tərəfindən nəzarət olunmayan qiymətlər və tariflər, turizm fəaliyyətinin prioritet istqamətinin (uşaq və tələbə-gənclər turizmi, gəlmə turizm) dövlət tərəfindən tənzimlənməsinin zəifləməsi, daxili və sosial turizmlə məşğul olan firmalar üçün güzəştli kreditlərin və vergi guzəştlərin yoxluğu, işçilərin istirahətinin stimullaşdırılması üçün sahibkarların vəsaitinin cəlb edilməsi mexanizminin olmaması daxildır. Turizm öz sosial istiqamətini itirməkdədir. Uşaq, tələbə və gənclər turizmi çox zəif inkişaf edir. Turizm axınında əksəriyyət xaricə istirahətə gedən vətəndaşlardır. Onlar hər il xaricə xeyli vəsait aparır, bu da ölkə iqtisadiyyatına pis təsir edir. Gəlmə turizmi isə ölkəyə az vəsait qaytarır.
Dünya Turizm Təşkilatının rəyinə görə, ekoloji turizm XXI əsrin ən perspektivli turizm istiqamətlərindən sayılır. Dünyanın iri milli parklarından ekoturizmin gəliri bəzi ölkələrdə milyonlara çatır. Azərbaycanın böyük ekoturizm potensialı var: qoruqlar, milli parklar, meşələr - ehtiyatlar genişdir, lakin zəif inkişaf edib. Onun inkişafını dayandıran amillərdən biri qanunvericilik təminatının zəifliyidir. Qanunvericilik aktları paketi hazırlanan zaman nəzərə almaq vacibdir ki, turizm iqtisadi və sosial məqsədlərə çatmaq üçün hüquqi mexanizmləri qanunvericiliklə tənzimlənən biznes sahəsidir. Bu baxımdan, Azərbaycanda turizmin inkişafına mane olan amillərdən danışarkən aşağıdakıları xüsusi qeyd etmək lazımdır:
— turizm sahəsini və inkişafın prioritet strateji istiqamətini dəstəkləyən aktual dövlət qanunvericiliyinin tam formalaşmaması;
—turizm bisnesinin xüsusiyyətlərini nəzərə alan vergi güzəştlərinin olmaması, vergi siyasətinin az səmərəliliyi;
-turizm sənayesinin gəlirli fəaliyyətini təmin edən vahid normativ hüquqi aktlar və iqtisadi mexanizmlər sisteminin zəifliyi;
— turizm sənayesi üçün peşəkar kadrlar hazırlığı sisteminin və bu hazırlığın elmi təminatının zəifliyi;
— turizm sahəsinə xarici və yerli investisiya axını mexanizminin olmaması;
— təhlükəsizlik sisteminin, turizmdə bədbəxt hadisələrin statistikasının və təhlilin, turizm sahəsində mülkiyyətin və şəxsiyyətin qorunması sisteminin olmaması;
— turistlərin gediş -gəliş sənədlərinin hazırlanması, qeydiyyatı, tənzimlənməsi sahəsində süründürməçilik və digər bürokratik əngəllərin olması;
— turizmə xidmət edən yetkin arayış, informasiya sisteminin zəifliyi və s.
Güman edirik ki, indiki vaxtda turizmin aktual istiqamətləri aşağıdakılar sayıla bilər:
— idman - istirahət - turizm istehlakçı kompleksinin genişlənməsi;
– rayonlarda daxili və gəlmə turizmin inkişafının sürətləndirilməsi həmin regionun əhalisinin artmasına gətirib çıxara bilər;
— istirahətin həyat tərzi kimi təşkil edilməsi, idman, istirahət və turizm kimi sosial məhsullara baza standartlı imkanların qurulması;
— gəlmə turizmdə vergini tənzimləyən çevik iqtisadi xəttin yeridilməsi;
— sanatoriya-kurort tipli komplekslərin büdcədən maliyyələşməsi hesabına genişlənməsi;
— yalnız uşaqların istirahəti üçün istifadə etməklə, uşaq-sağlamlıq komplekslərinin bələdiyyə və yerli səviyyəyə keçirilməsi;
— turizm elminin ölkənin iqtisadiyyatına böyük təsirini nəzərə alaraq, AMEA-da müvafiq bölmənin yaradılması.
Fikrimizcə, qeyd edilənlərin həyata keçirilməsi üçün əlaqədar orqanlar tez bir zamanda aşağıdakı məəsələləri həll etməlidirlər. İlk növbədə, turizm sənayesinin qanunvericilik bazası təkmilləşdirilməli, bu zaman qabaqcıl turizm ölkələrinin, o cümlədən qardaş Türkiyənin təcrübəsindən faydalanmaq lazımdır. “Turizm haqqında” Azərbaycan Respublikası Qanununa “çətin vəziyyətə düşmüş turistə hüquqi və təşkilatı yardım almaq imkanının yaradılması” və “turizm xidmətlərinin keyfiyyətinin və təhlükəsizliyin yüksəldilməsi” maddələri əlavə edilməli, “turizm agentlikləri birliyi” haqqında qanun qəbul edilməli, ekoturizm fəaliyyətini tənzimləyən normativ sənədlər, dağ-xizək turizminin, otel biznesinin dəstəyinə yönəldilmiş qanunvericilik bazası və hüquqi aktlar hazırlanmalıdır. Daxili turizmin inkişafının dövlət strategiyası, turizmin inkişafı üçün məqsədyönlü büdcə fondu yaradılmalı, turizm məqsədi ilə istifadə edilən təbii və mədəni resursların qorunması üçün maliyyənin cəlb edilməsi üçün tədbirlər görülməlidir. Turistlərin ölkə ərazisində maneəsiz hərəkəti təmin edilməlidir.
Turizm şirkətlərinin maliyyə və inzibati məsuliyyəti mexanizmləri və turoperatorların maliyyə zaminliyinin tətbiqi vasitəsi ilə xaricə gedən ölkə turistlərinin hüquqlarının və qanuni maraqlarının qorunması təmin edilməlidir. Turizm sahəsində maliyyə hesablamaları haqqında hüquqi-normativ aktlar hazırlanmalıdır. Turizm-rekreasiya zonalarının ərazisində işgüzar fəaliyyətin həyata keçirilməsi təmin edilməli, ekoloji turizm fəaliyyətindən əldə olunan gəlirin bir hissəsinin xüsusi qoruqların mühafizəsi üçün ayrılması mexanizmi hazırlanmalı, xüsusi qoruqların və milli parkların müasir turizm infrastrukturu yaradılmalıdır. Terrorizm və miqrasiya təhlükəsi olmayan ölkələrdən gələn turistlər üçün viza rejimi sadələşdirilməli, Azərbaycanın turizmə yararlı imicinin formalaşdırılması üçün ölkəmizin xaricdəki səfirlikləri yanında turizm ofisləri açılmalıdır. Turizm bazarının xüsusiyyətlərini nəzərə alaraq aviasiya və dəmiryolu ilə turistlərin fərdi və qrup halında daşınmalarının agentlər tərəfindən sifariş və satış imkanlarına dair vahid qaydalar sistemi hazırlanmalıdır. Turizm inkişafının kompleks xüsusiyyətlərini, onun iqtisadiyyata təsirini əks etdirən, Ümumdünya Turizm Təşkilatının və BMT-nın Statistika Komissiyasının tövsiyələrinə cavab verən turizm üzrə statistik göstəricilər sistemi hazırlanmalıdır. Turizmin davamlı inkişafında maraqlı olan beynəlxalq təşkilatlarla (YUNESKO, UNWTO, peşəkar Turizm Təhsilinin Beynəlxalq Konqresi) əlaqələr inkişaf etdirilməli, KİV-də, həmçinin xüsusi turizm nəşrlərində YUNESKO-nun təbiətin və mədəni irsin obyektləri ilə işi haqqında əhalinin maarifləndirilməsi gücləndirilməli, turizmin mədəni-idraki növlərinin inkişafına yönəldilmiş layihələrin inkişafı və maliyyələşdirməsi məqsədi ilə özəl biznesin və mədəniyyət idarələrinin səmərəli sosial partnyorluğu təşkil edilməlidir. YUNESKO-nun “Dünya İrsi” siyahısına daxil olan mədəni və təbiət irsinin obyektlərinin bərpasına və öyrənilməsinə gənclər geniş cəlb edilməli, ali təhsil müəssisələrinin bazasında könüllü tələbə dəstələri yaradılmalıdır. Mədəniyyət obyektlərinin idarəolunmasının xarici təcrübəsindən istifadə etməklə YUNESKO-nun “Dünya İrsi” obyektlərinin idarəolunması üzrə mütəxəssislər hazırlığı məqsədilə “Dünya mədəniyyət irsi və turizm” mövzulu tədris proqramlarının həyata keçirilməsi üçün pedaqoji kadrlar hazırlanmalıdır. Turizm sənayesinin inkişafını təmin edən məlumat sistemi, davamlı inkişafın beynəlxalq prinsiplərinə cavab verəcək turizm şirkətlərinin və turizm sənayesi obyektlərinin məlumat bazası yaradılmalı, bu məqsədlə İnternet portalının fəaliyyəti dəstəklənməlidir. Turizm sahəsində çalışacaq peşəkar kadrlar yetişdirilməli, ixtisas artırmaq üçün peşəkar turizm təhsilinin çoxmərhələli sisteminin və elmi tədqiqatların inkişafı təmin edilməlidir. Peşəkar turizm təhsili sisteminin elmi və tədris-metodiki təminatı üzrə baza strukturu kimi ATİ dəstəklənməli, onun turizm ixtisası fənləri kafedrasının iştirakı ilə məktəblilər və tələbələr arasında “Dünya irsi sənin əlindədir” adlı YUNESKO-nun tədris kursu həyata keçirilməli və ölkə ərazisindəki məktəblərdə, ali təhsil müəssisələrində kursun mövzusu üzrə YUNESKO-nun informasiya mərkəzləri yaradılmalıdır. Turizm şirkətlərinin rəhbərləri və işçiləri üçün ekspertlərin və alimlərin köməyi ilə mədəni turizm sahəsində master-klaslar təşkil edilməlidir.Turizmin vasitəsi ilə “2007—2016-cı illər ərzində vətəndaşların vətənpərvərlik tərbiyəsi” dövlət proqramının reallaşmasına dair fəaliyyət planı tərtib edilməli, daxili və gəlmə turizminin inkişafı məqsədi ilə “İctimai TV”-də “Azərbaycanda turizm” adlı proqram yaradılmalı, uşaq və gənclər üçün “Mənim Vətənim Azərbaycandır” adlı ekspedisiya təşkil edilməlidir.
Azərbaycanda turizmin inkişafının vacib şərtlərindən biri bu sahədə fundamental elmi və praktik tədqiqatların aparılmasıdır. Bunun üçün Milli Elmlər Akademiyasının elmi tədqiqatlar planına dövlət siyasətinin, strategiyasının və turizm rekreasiya sahəsində proqramların inkişafının əsaslandırılması üzrə işlər daxil edilməlıdir. Turizmin ölkə iqtisadiyyatına təsirini nəzərə alaraq, rekreasiya və turizm sənayesinin problemləri üzrə Müəssisələrarası Elmi Şura yaradılmalı, ATİ-də geniş elmi-tədqiqat işləri aparılmalı, onun turizmin elmi mərkəzinə çevrilməsi istiqamətində işlərə dəstək verilməlidir. Görüləcək bütün bu işlər Azərbaycan turizminin tez bir zamanda dünya turizm bazarında layiqli yer tutmasına imkan yaradacaqdır.

 

Xalq qəzeti.-2007.- 2 sentyabr.-S.4.