Həmidoğlu A.

 

Jurnalın yeni nömrəsi işıq üzü görüb

 

"Qafqaz turizm" ayhq beynəlxalq jurnalının növbəti beşinci nömrəsi çapdan çıxıb. Jurnal bu dəfə də oxucularını ölkəmizin və regionumuzun tarixindən, bu günündən müxtəlif mövzularda maraqlı yazılarla sevindirə bilib. Bunların arasında Göyçə mahalı, Şəkinin qədim tarixi abidələrindən olan Həzrət ƏIi qalasından, böyük hun sərkərdəsi Atilladan, Türkiyənin gözəl guşələrindən biri olan Antalyadan, uçan naməlum obyektlərdən bəhs edən yazıları göstərmək olar. Jurnalın bu nömrəsində şahmatın və güzgünün tarixi barədə maraqlı materiallar da yer alıb.

Qeyd edək ki, jurnalın yaradıcılarının məqsədlərindən biri ölkəmizin turizm ölkəsi kimi tanınmasıdır. "Qafqaz turizm"in təsisçisi Cavanşir Feyziyevin sözlərinə görə, Azərbaycanın qədim tarixə malik olması, tarixi abidələrlə zənginliyi, dünyanın on bir iqlim qurşağından doqquzunun burada mövcudluğu və insanlarımızın qonaqpərvərliyi turizmin inkişafına geniş imkanlar yaradır. Təsisçi qeyd edir ki, son illər Azərbaycanda turizm sahəsində beynəlxalq əlaqələrin təşkili və inkişaf etdirilməsi, turizm imkanlarının təbliği, milli turizmin dirçəldilməsi və turizm infrastrukturlarının yeniləşməsi sahəsində konkret istiqamətlər müəyyənləşdirilib.

"Qafqaz turizm" nəfis şəkildə gözəl tərtibatda nəşr olunur. 160 səhifəlik jurnal yüksək səviyyəli fotoşəkillər və rəsm əsərlərilə zəngindir və gözəl dizayna malikdir. "Qafqaz turizm" "Letter Press" mətbəəsində nəşr edilib. Baş redaktoru Ramazan Qafarlıdır.

 

Xalq qəzeti.- 2007.- 18 sentyabr.- S. 6.