Quliyev İ.

 

Turizmin inkişafında Türkiyədən nümunə götürməliyik

 

Hadı Rəcəbli ilkin dövr üçün bu sahənin vergilərdən azad edilməsini təklif edir

 

"Türkiyədə kiçik bir turist obyektində ən azı 50 adam çalışır. Bu baxımdan ölkədə turizmin inkişaf etdirilməsi çox yaxşı olardı. Turizmin inkişafı ölkədə işsizlik probleminin həllinə yardımçı olardı". Milli Məclisin Sosial siyasət daimi komissiyasının sədri Hadı Rəcəbli bu fikirdədir. Onun sözlərinə görə, turizm obyektlərinin sayının çoxalması digər sahələrin inkişafına da təkan verir. Məsələn, kəndlilər turizm obyektlərini südlə, meyvə-tərəvəzlə təmin edirlər. Buna görə turizmin inkişaf etdiyi bölgədə böyük dirçəliş müşahidə olunur. H.Rəcəblinin fikrincə, Azərbaycan bu sahədə Türkiyənin təcrübəsindən istifadə etməlidir. Millət vəkili bildirdi ki, mərhum Turqut Özalın prezidentliyi dövründə Türkiyədə turizm sektorunun inkişafına hətta "çirkli pullar" da cəlb olunub. Bir müddət bu sektorda çalışanlara vergi güzəştləri tətbiq olunub. "Bütün bunların sayəsində Türkiyə qısa müddət ərzində dünyada turizm sahəsində ən tanınmış ölkələrdən birinə çevrildi" - deyə komissiya sədri vurğuladı. O qeyd etdi ki, Azərbaycanda da turizmin inkişafı üçün stimullaşdırıcı addımlar atılmalıdır.

Daimi komissiya sədri əlavə etdi ki, hazırda payız sessiyası üçün hazırlanan "Kurortlar sanatoriyalar haqqında" qanun layihəsinin turizm zonalarında ictimai müzakirələrinin keçirilməsi nəzərdə tutulur. Müzakirələr əvvəlcə Nabranda, sonra Gəncədə, daha sonra isə Lənkəranda təşkil ediləcək. Komissiya üzvləri qanun layihəsinin müzakirələri ilə yanaşı, yerli turizmin problemlərini yerindəcə öyrənməyə çalışacaqlar.

H.Rəcəbli hesab edir ki, parlamentin payız sessiyasında "Təhsil haqqında" qanunun qəbul edilməsi vacibdir. Onun sözlərinə görə, bu qanun layihəsi uzun müddətdir müzakirə edilməkdədir. Buna görə layihənin payız sessiyasında müzakirəyə çıxarılmaması yaxşı qəbul olunmayacaq. "Biz artıq xəcalət çəkirik ki, "Təhsil haqqında" qanunu 10-12 ildir müzakirə etsək , yekun nəticəyə gələ bilmirik" - deyə daimi komissiya sədri vurğuladı.

H.Rəcəbli qeyd etdi ki, Azərbaycanda qəbul imtahanlarının test üsulu ilə keçirilməsi prinsipi qorunub saxlanmalıdır bu, yeni qəbul ediləcək qanunda da əksini tapmalıdır: "Test üsulunu ləğv etmək olmaz. Biz yalnız bu sistemi bir qədər təkmilləşdirə bilərik. Mənim şəxsi qənaətimcə, buraxılış imtahanları ilə qəbul imtahanlarını birləşdirib bir imtahan keçirməliyik. Hesab edirəm ki, "Təhsil haqqında" qanunun son variantında bu məsələnin optimal bir variantı tapılacaq".

H.Rəcəblinin sözlərinə görə, ölkədə əmək münasibətlərinin daim yeniləşməsi Əmək Məcəlləsinə yenidən baxılmasını zəruri edir. Son vaxtlar baş verən hadisələrdən sonra bu məsələ daha da aktuallaşıb. Xüsusilə işçilərlə əmək müqavilələrinin imzalanması ilə bağlı tələblər sərtləşdirilməlidir. Daimi komissiya sədrinin sözlərinə görə, bu məqsədlə Əmək Məcəlləsinin monitorinqi keçirilməli məcəlləyə lazımi əlavə dyişikliklər edilməlidir.

H.Rəcəbli Milli Məclisdə "Çoxuşaqlı ailələrin sosial müdafiəsi haqqında" qanunun qəbul edilməsinin əleyhinə olduğunu bildirdi. Onun sözlərinə görə, onsuz da Azərbaycanda illik 1,1-1,2 faiz artım var. Belə bir şəraitdə çoxuşaqlılığın təbliğ edilməsi o qədər məqsədəuyğun deyil. Daimi komissiya sədrinin fikrincə, bundansa parlament "Gənc ailələrin sosial müdafiəsi haqqında" qanun qəbul etməlidir.

 

Kaspi.-2007.- 5 sentyabr.-S.11.