Əliyev Ə.
Parisdə Azərbaycan incəsənət
ustalarının konserti
böyük maraqla qarşılanmışdır
Aprelin 2-də Parisin
möhtəşəm "Champs Elyses" teatrının binasında
Azərbaycan mədəniyyət və incəsənətinin
Avropada, xüsusilə Fransada təbliği sahəsində
əvəzsiz xidmətlər göstərən Heydər
Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun
xoşməramlı səfiri, Azərbaycan
Respublikasının birinci xanımı Mehriban Əliyevanın
himayədarlığı altında ölkəmizin
Fransadakı səfirliyinin
təşkilatçılığı ilə
incəsənət ustalarımızın qala konserti olmuşdur.
Konsert keçən əsrin əvvəllərində
Şərqdə ilk müstəqil və demokratik
dövlət olan Azərbaycan Demokratik Respublikasının
yaranmasının 90 illik yubileyi münasibətilə
təşkil edilmişdir.
Konsertin əvvəlində
Fransa Milli Qvardiyasının nəfəs alətləri
orkestrinin ifasında Azərbaycan və Fransanın
dövlət himnləri səslənmişdir.
Mühüm hadisə
ilə bağlı
Azərbaycanın Fransadakı səfiri Tarik Əliyevin
iştirakçılara xoş arzuları bildirilmişdir.
Tədbirdə fransız musiqisevərlərinə
yaxşı tanış olan Alim Qasımov və qızı
Fərqanənin ifasında muğam və təsniflər
səslənmiş, Azərbaycan bəstəkarlarının
əsərlərindən parçalar, romans və ariyalar,
milli rəqslər və caz musiqisi ifa edilmişdir.
Konsertin sonunda
incəsənət ustaları birlikdə bəstəkar Rauf
Hacıyevin məşhur "Azərbaycan"
mahnısını ifa etmişlər.
Konsertə Azərbaycan
Respublikasının baş nazirinin müavini Elçin
Əfəndiyev, Fransa dövlətinin rəsmiləri,
senatorlar, Milli Assambleyanın deputatları, müxtəlif
ölkələrin səfirləri, akkreditə olunmuş diplomatik
korpusun nümayəndələri, Fransa ictimaiyyətinin və
Azərbaycan icmasının nümayəndələrindən
ibarət təqribən 2000 nəfərə yaxın qonaq tamaşa
etmişdir.
Konsertdən sonra
verilmiş ziyafətdə iştirakçılar Azərbaycan
milli mətbəxinin zəngin nemətlərindən dadmışlar.
Respublika.- 2008.- 5 aprel.- S. 6.