Əliyeva İ.


Mənəvi ucalıq

 

Heydər Əliyev Fondunun xeyirxahlıq missiyası cəmiyyətin bu ruhda səfərbər olunmasına yönəlmiş nəcib təşəbbüslərə örnəkdir

 

Azərbaycanlı milli düşüncəsində xeyirxahlıq, nəciblik, mərhəmət, yaxşı əməl və mənəvi saflıq kimi meyarlar xalqımızın qərinələrlə formalaşan adət-ənənələrində, mənəvi dəyər və düşüncə sistemindən qırmızı xətlə keçir. Tarix boyu sərt və çətin sınaqlarla üzləşən, istibdad altında yaşamağa məhkum olan, maddi sıxıntılarla üzləşən xalqımız məhz ali mənəvi-əxlaqi keyfiyyətlərini, mənəvi dünyasından qaynaqlanan nəcib, saf duyğularını yaşatmaq əzmi göstərməklə özünəməxsusluğunu, milli kimliyini qorumuşdur. Yıxılanı ayağa qaldırmaq, kimsəsizə əl tutmaq, ehtiyacı olana yardım etmək, bir sözlə, savab işlər görmək eyni zamanda xalqımızın tapındığı islami dəyərlərdən irəli gəlir.
Xeyirxahlıq və mərhəmət bəşər övladını daxilən saflaşdıran, başqalarının gözündə ucaldan, insanlığın ali zinətinə çevirən fenomen dəyərlərdən sayılır. Kamil və yetkin insanın dünyanın xilası barədə düşüncələri məhz bu kimi ülvi, saf dəyərlərin üzərində köklənir. Başqalarına təmənnasız yaxşılıq etməkdən mənəvi rahatlıq tapan insanlar isə, sözün əsl mənasında, seçilmiş nəcib insanlardır. Hər bir cəmiyyətdə ədalət, insanpərvərlik, mənəvi saflıq kimi mənəvi keyfiyyətlər məhz belə kamil şəxsiyyətlərin saf düşüncə və pak əməllərində gerçəyə qovuşur. Yalnız yüksək mənəviyyatlı insanlar öz əməlləri ilə təkcə müasirlərinin deyil, həm də gələcək nəsillərin qarşısında cavabdehlik daşıdıqlarını dərk edirlər. Konkret həyat amalına malik belə mənəviyyat sahibləri şərəfli və mənalı ömür yolu ilə başqalarına örnək olurlar, dövrünün problemlərinə əsl ziyalı yanğısı, vətəndaş təəssübkeşliyi ilə yanaşır, fürsət düşdükcə xalqının nicatına, xoşbəxt və təminatlı gələcəyinə xidmət edən xeyirxah əməllərin müəllifinə çevrilirlər. Xalqımızın ideya-mənəvi sərvətlərinə yaradıcı münasibət göstərən belə ziyalı şəxsiyyətlərimiz müxtəlif dövrlərdə yaşasalar da, milli ləyaqət hissinə daim sadiq qalmış, nəcib, xeyirxah dəyərlərimizi yaşatmış, daha da zənginləşdirmişlər.
Tarixi təcrübə sübut edir ki, hər bir millət ictimai-iqtisadi formasiya dəyişkənliyində müxtəlif yad təsirlərə, yabançı, neqativ, ictimai şüurda qəbul olunmayan "ənənələrin" hücumuna məruz qalır. Qarşısıalınmaz qloballaşma əsrində hər bir xalqın qəlibləşmiş milli mənəvi-əxlaqi dəyərlərini sıradan çıxarmağa yönələn "universal" və ya "kosmopolit" ənənələrin təbliği daha geniş vüsət almışdır. Şübhəsiz, sivilizasiyalararası dialoq, fərqli mədəniyyətlər arasında ortaq təmas nöqtələrinin tapılması, ümumbəşəri dəyərlərin konsolidasiyası, dünya iqtisadiyyatının təmərküzləşməsi, informasiya və kommunikasiya texnologiyalarının sürətli inkişafı bəzən mütərəqqi mahiyyətindən uzaqlaşmasına, eləcə də milli mədəniyyətə, mənəvi dəyərlər sisteminə təhlükəyə çevrilməsinə gətirib çıxarır. Bəşəri və milli ideallar, zəngin mənəvi dəyərlər ifrat praqmatikləşmiş kapital münasibətləri fonunda müəyyən aşınmaya məruz qalır, kütləvi mədəniyyət stereotipləri hakim mövqeyə keçir. Belə bir şəraitdə xalqın milli-mənəvi dəyərlərinin qorunması məsələsi də son dərəcə vacib və aktual problem kimi önə çıxır.
Müstəqillik tarixi o qədər də böyük olmayan Azərbaycan ötən əsrin sonlarına doğru qloballaşma qasırğasına düşsə də, ulu öndər Heydər Əliyevin müdrikliyi, uzaqgörən siyasəti sayəsində milli-mənəvi, dini dəyərlərini, adət-ənənələrini kənar təsirlərdən qorumağa nail olmuşdur. Ümummilli liderimiz xalqa daxilən, qəlbən bağlı, milli düşüncə və məfkurə sahibi olan şəxsiyyət kimi milli özünüdərki ifadə edən dəyərlərə daim yüksək həssaslıqla yanaşmış, onların hifz edilərək gənc nəslə aşılanmasını vacib saymışdır. Ulu öndərimiz Heydər Əliyev bu mənada, həm də xalqın inanclarını, milli dəyərlərini bütün siyasi proseslərin fövqündə saxlayaraq qorumağı bacarmış liderdir. Eyni siyasi kursu uğurla davam etdirən Azərbaycan Prezidenti İlham Əliyevin fəaliyyətində də milli-mənəvi, əxlaqi dəyərlərə, adət-ənənələrə hörmət prinsipi ön plandadır. Dövlət başçısı milli mədəniyyətin total təsirlər nəticəsində assimilyasiyaya məruz qalmasına nəinki yol vermir, əksinə, xalqımızın əsrarəngiz mədəni irsinin dünya miqyasında təbliğini vacib sayır.
İnamla deyə bilərik ki, ulu öndərimizin ali ideyalarına tapınan
dövlət başçısı İlham Əliyevin həyata keçirdiyi çoxşaxəli siyasətə öz töhfəsinə verən Heydər Əliyev Fondu Azərbaycan xalqının mədəniyyətinin, milli-mənəvi dəyərlər sisteminin qorunmasında, cəmiyyətdə saflıq, nəciblik, xeyirxahlıq kimi amillərin təbliğində müstəsna xidmətlərə malikdir. Yarandığı gündən ulu öndərimizin mərhəmət, nəciblik və yüksək humanizmə əsaslanan ali ideallarının ictimai şüurda möhkəmlənməsinə çalışan, millətin gələcəyi naminə bir sıra strateji əhəmiyyətli layihələri inamla həyata keçirən Heydər Əliyev Fondu hazırda Azərbaycan cəmiyyətində yüz minlərlə insanın ümid və pənah yerinə çevrilmişdir. Fond ümummilli liderimizin xeyirxah və nəcib əməllərini yaşatmaq üçün ictimai həyatın müxtəlif sahələrində fundamental layihələr həyata keçirir, hər bir vətəndaşın zəruri istək və arzularının gerçəkləşməsinə, problemlərinin operativ həllinə maddi-mənəvi dəstək verir.
Fondun fəaliyyəti eyni zamanda ümumbəşəri və milli idealların cəmiyyətdə daha möhkəm əsaslarla intişar tapmasına, fərqli sivilizasiyaların uğurlu dialoquna, keçmişlə gələcək arasında möhkəm körpü salınmasına yönəlmişdir. Fondun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən çoxşaxəli layihələri birləşdirən ümumi ortaq xətt məhz milli genofondun qorunması, saf dəyər və duyğuların ictimai şüurda intişar tapmasıdır. Azərbaycanın birinci xanımı haqlı olaraq informasiya texnologiyalarının sürətlə inkişaf etdiyi müasir dövrdə mənəvi-əxlaqi dəyərlərin yad təsirlərdən qorunmasına daha çox ehtiyac olduğunu bildirir. Qarşıya qoyduğu bu kimi xeyirxah məqsədlərlə cəmiyyətin mənəvi yüksəlişinə, saflaşmasına çalışan fond son illərdə nəinki respublika hüdudlarında, eləcə də beynəlxalq miqyasda böyük nüfuz qazanmışdır.
Genişmiqyaslı xeyriyyəçilik fəaliyyətinə, nəcib və tərəqqipərvər təşəbbüslərinə görə 2004-cü ildə YUNESKO-nun, 2006-cı ildə İSESKO-nun xoşməramlı səfiri adına layiq görülən, 2007-ci ildə isə "Qızıl ürək" beynəlxalq mükafatı, Dünya Səhiyyə Təşkilatının İhsan Doğramacı Ailə Sağlamlığı Fondunun mükafatı, "Yüzilliyin mesenatları" Beynəlxalq Xeyriyyə Fondunun "Yaqut xaç" ordeni ilə təltif olunan Mehriban xanım Əliyeva özünəməxsus nəcibliklə həyata keçirdiyi xeyirxah missiyadan mənəvi rahatlıq tapdığını, ona ünvanlanan hər bir müraciətə ciddiliklə yanaşdığını bildirir: "Eİstər YUNESKO-nun xoşməramlı səfiri, istərsə də Heydər Əliyev Fondunun prezidenti kimi mənə ehtiyac olduğunu hiss edirəm. Mənim adıma hər gün 200-dən çox məktub gəlir. Onların heç biri diqqətsiz qalmır. Mən konkret iş görmək, konkret insanlara kömək etmək istəyirəm. Konkret problemləri həll etmək, yardım edə bildikdə sevinc hissi keçirmək və məndən asılı olmayan səbəblər üzündən nəsə edə bilmədikdə təəssüflənmək, qəzavü-qədər, sağalmaz xəstəlik qarşısında bütün gücsüzlüyünü dərk edərkən əziyyət çəkmək, xilas edilmiş bir uşağın təbəssümünü gördükdə isə bir daha sevinmək istəyirəm. Bu, mənim seçimimdir".
Müasir dövrdə iqtisadi inkişaf səviyyəsindən asılı olmayaraq, hər bir dövlətdə sosial müdafiəyə, köməyə, xeyirxahlığa ehtiyacı olan köməksiz təqəbə olur. Bazar iqtisadiyyatının sərt reallıqları ilə uzlaşmamasına rəğmən, əksər dövlətlər bu həssas sosial təbəqənin ehtiyaclarına, problemlərinə biganə qalmır, onları imkan daxilində öz himayəsinə götürür. Azərbaycan dövlətinin bu istiqamətdəki fəaliyyəti isə xüsusilə diqqəti çəkir - respublikamızın dövlət büdcəsində sosialyönümlü xərclər, eləcə də insan inkişafına xidmət edən, iqtisadi səmərə məqsədi güdməyən investisiyalar xüsusi çəkiyə malikdir. Dövlət başçısı İlham Əliyev ölkədə yoxsulluğun yaxın illərdə aradan qaldırılmasını, insanları qayğılandıran bütün sosial problemlərin həllini hökumət qarşısında mühüm vəzifələrdən biri kimi müəyyənləşdirmişdir. Bununla belə, mövcud problemlərin həllini bilavasitə hökumətin üzərinə qoymaq, orta təbəqəni, qeyri-hökumət təşkilatlarını, vətəndaş cəmiyyəti institutlarını məsuliyyətdən tamamilə kənarlaşdırmaq da düzgün yanaşma olmayıb, sovet dövrünün qeyri-adekvat, yanlış düşüncə tərzindən irəli gəlir. Bu mənada, Heydər Əliyev Fondunun dövlətin fəaliyyətinə hərtərəfli dəstəyə əsaslanan nəcib, xeyirxah fəaliyyəti digər qurumlar üçün də örnək sayıla bilər. Fondun fəaliyyəti Azərbaycan üçün müəyyən mənada yeni olan xeyriyyəçilik institutunun formalaşmasına xidmət edir.
Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın AzərTAc-a dərin məzmunlu müsahibəsi də bu baxımdan maraq doğuran məqamlarla, dəyərli fikirlərlə zəngindir. Əslində, bu müsahibə xeyirxah, nəcib və mərhəmətli addımları ilə cəmiyyətdə böyük nüfuz sahibinə çevrilmiş Azərbaycanın birinci xanımının ölkədə xeyriyyəçilik fəaliyyətinin genişlənməsinə açıq çağırışı kimi də dəyərləndirilə bilər. Mehriban xanım Əliyeva müsahibəsində xeyriyyəçilik məfhumunun fəlsəfi-nəzəri mahiyyətini açmış, belə fəaliyyəti şərtləndirən sosial-psixoloji amilləri əsaslandırmış, eyni zamanda cəmiyyətdə mənəvi harmoniyanın qorunmasına xidmət edən filantropiyanı yüksək mənəviyyatdan irəli gələn könüllü fəaliyyət kimi səciyyələndirmişdir. Azərbaycanın birinci xanımının bu fikri xüsusi maraq doğurur ki, müasir anlamda xeyriyyəçilik daha geniş məna daşıyaraq cəmiyyətin rifahı naminə təmənnasız könüllü fəaliyyəti əhatə edir. Bu fəaliyyət həm konkret fərdlərə və zəif müdafiə olunan qruplara, həm də ictimai həyatın müxtəlif sahələrinin - təhsilin, elmin, səhiyyənin, mədəniyyətin, incəsənətin inkişafının dəstəklənməsinə yönəldilə bilər. Bu fəaliyyət həm fiziki, həm də hüquqi şəxslər tərəfindən həyata keçirilə bilər. "EXeyriyyəçilik - insanların hər hansı direktivlər və göstərişlər əsasında deyil, öz qəlbinin və vicdanının səsi ilə öz vəsaitlərini, qüvvələrini, vaxtını və enerjisini sərf edərək gördüyü xeyirxah işlərdir.
Mənə belə gəlir ki, xeyriyyəçilik fəlsəfəsinin əsası, ilk növbədə insanların yaxşılıq etməyə çalışması, başqasının dərdinə şərik olmaq, onun halına yanmaq, altruizm, ehtiyacı olanlara kömək əli uzatmaq istəyi kimi insani keyfiyyətlərin və qabiliyyətlərin fundamental xarakterinin qəbul edilməsidir.
Mənəviyyatın ali qanunlarına görə, xeyriyyəçilik fəaliyyətinin əsas motivi şəxsən özün üçün hər hansı dividendlər və ya səmərə gözləmək deyil, məhz insanlara sevgi və təmənnasız olaraq xeyirxah işlər görmək arzusundan ibarət olmalıdır", - deyə Heydər Əliyev Fondunun prezidenti bildirir.
Şübhəsiz, cəmiyyətdə iqtisadi cəhətdən zəngin insanların, iş adamlarının sayının çoxalması son dərəcə sevindiricidir. Fəqət, məhz bu cür insanların cəmiyyət qarşısında sosial öhdəliklərini unutmasına, yalnız varlanmaq amalı ilə bütün nəcib təşəbbüslərdən kənarda qalmasına heç bir halda haqq qazandırmaq olmaz. Bütün sivil dövlətlərdə olduğu kimi, Azərbaycanda da iri şirkət rəhbərlərinin, nüfuzlu iş adamlarının xeyriyyəçilik tədbirlərində yaxından iştirakı onlara yalnız yüksək etimad və rəğbət qazandırar. Azərbaycanın birinci xanımı bu həssas məqama özünəməxsus yanaşma tərzi ilə xüsusi diqqət ayırır və cəmiyyətdə xeyriyyəçiliyin gerçək rolunun aydın dərkinə ehtiyac olduğunu bildirir. Söhbət ondan gedir ki, indiki mərhələdə iri biznes strukturlarının, yüksək imkanlı iş adamlarının müəyyən sosial layihələrin gerçəkləşdirilməsində dövlətə yaxından kömək etməsinə daha geniş imkanlar açılmışdır.
Azərbaycanın birinci xanımı hesab edir ki, müasir cəmiyyətdə xeyriyyəçilik maddi nemətlərin və resursların indiki anda dəstəklənməyə ən çox ehtiyacı olan müəyyən fərdlərin, sosial qrupların və sahələrin xeyrinə yenidən bölüşdürülməsinin nadir mexanizmidir. Bu mexanizmin nadirliyi ondadır ki, siyasi məqsədəuyğunluq və iqtisadi səmərə mülahizələrinə əsaslanan dövlət və bazar mexanizmlərindən fərqli olaraq, nemətlərin xeyriyyəçilik formasında yenidən bölüşdürülməsi bilavasitə mənəvi-əxlaqi motivlərlə, ilk növbədə, ümumbəşəri dəyərlərlə tənzimlənir. Mehriban xanım Əliyevaya görə, belə olan halda xeyriyyəçilik əxlaqi baxımdan bütün cəmiyyət tərəfindən bəyənilir, müxtəlif sosial, siyasi və iqtisadi qruplar tərəfindən mənəvi dəstək obyektinə çevrilir. Heydər Əliyev Fondunun prezidenti eyni zamanda vurğulayır ki, müasir Azərbaycan sosial müdafiəni üstün tutan dövlət olduğu üçün onun siyasəti vətəndaşların layiqli həyatını və sərbəst inkişafını təmin edən şərait yaradılmasına yönəlmişdir.
Azərbaycan dövləti bazar iqtisadiyyatının daha da inkişaf etməsinə yönəlmiş istiqaməti saxlamaqla yanaşı, sosial siyasətin prioritetliyini təmin etməyə çalışır. İndi dövlət sosialyönümlü proqramlara və layihələrə getdikcə daha çox maliyyə vəsaitləri sərf edir. Minimum əməkhaqqı, pensiyalar və müxtəlif sosial müavinətlər müntəzəm olaraq artırılır, sosial obyektlərin tikintisi genişlənir. Eyni zamanda məişət sahəsindən tutmuş korporativ filantropiyaya qədər ən müxtəlif formalarda təzahür edən xeyriyyəçiliyin çox böyük potensialını qiymətləndirməmək olmaz. Keçmişdə olduğu kimi, indi də bu potensialın əsas tətbiq dairəsi sosial, humanitar sahələrdir.
Azərbaycan cəmiyyəti son illərdə məhz Heydər Əliyev Fondunun prezidentinin vətəndaşlara diqqət və qayğı nümunələri ilə zəngin olan çoxşaxəli fəaliyyətinə nəzərən savab və xeyirxah əməllərin nə qədər müstəcəb olduğunu dərindən dərk etmiş, yaşam fəlsəfəsini bu meyarlara uyğunlaşdırmağa çalışmışdır. Bu mənada fond qarşıya qoyduğu məqsədlərin miqyasına, əhatə dairəsinə, mahiyyətinə görə analoqu olmayan bir qurum kimi tanınır. Şübhəsiz, Azərbaycanın birinci xanımının yüksək mənəvi aləmindən, nəcibliyindən, insanpərvərliyindən irəli gələn bu fəaliyyət bütövlükdə cəmiyyətdə xoş ovqatın, nəcib duyğuların, xeyriyyəçilik meyillərinin güclənməsinə səbəb olur. Mehriban xanım Əliyeva AzərTAc-a müsahibəsində xeyriyyəçilik missiyasının cəmiyyətdə doğurduğu yüksək mənəvi atmosferin əhəmiyyətini diqqətə çəkir. Dünyanın xilası naminə çalışan yüksək amallı insanlarla eyni sırada dayanan YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri qeyd edir ki, xeyriyyəçilik cəmiyyətdə mənəvi-psixoloji ab-havanın yaxşılaşmasına şərait yaradır, insanlar arasında münasibətləri humanistləşdirir, onların daha xeyirxah, səmimi və həssas olmasına müsbət təsir göstərir.
Azərbaycanın birinci xanımı haqlı olaraq vurğulayır ki, ölkəmizdə xeyriyyəçilik üçün fəaliyyət meydanı qeyri-məhduddur. Ən mühüm istiqamət yenə də sosial imkanları məhdud olan əhali qruplarına, yəni aztəminatlı vətəndaşlara, əlillərə, yetimlərə, qaçqınlara və məcburi köçkünlərə, təbii fəlakətlərdən və texnogen qəzalardan zərər çəkmiş insanlara müxtəlif şəkildə kömək etməkdir. Mehriban xanım Əliyeva eyni zamanda zəngin mədəni ənənələrimizin qorunub saxlanması, nadir tarixi və memarlıq abidələrinin mühafizəsi, təbii mühitin qorunması, istedadlı gənclərə dəstək, bədən tərbiyəsi və idmanın inkişafına kömək məsələlərini də xeyriyyəçilik fəaliyyətinin üstün istiqamətlərinə aid edir. Onun qənaətincə, xeyriyyəçi öz fəaliyyət istiqamətini seçərkən bunu ictimai tələbata uyğunlaşdırmalı və öz qüvvələrini ən kəskin, ümdə problemlər üzərində cəmləşdirməyi bacarmalıdır. Heydər Əliyev Fondunun prezidenti Azərbaycanda xeyriyyəçiliyin inkişafına mane olan amilləri də vurğulamış, bu sahədə təşəbbüskarlığın lazımi səviyyədə olmadığını təəssüflə qeyd etmişdir: "Eİndiki dövrdə ölkəmizdə vətəndaş cəmiyyətinə xas olan bəzi inkişaf çətinliklərini də görməmək olmaz. Mən bəzən bu məsələnin ifrat siyasiləşdirilməsini və merkantilləşdirilməsini nəzərdə tuturam. Belə hallar xeyriyyəçilik potensialının reallaşdırılması imkanlarını xeyli məhdudlaşdırır. Onu da vurğulamaq istərdim ki, bizim biznes strukturlarının korporativ sosial məsuliyyəti lazımi səviyyədə deyil, onlar çox vaxt öz fəaliyyətlərinin sosial və ekoloji nəticələrini nəzərə almır, sosial sahədə həllini gözləyən problemlərə lazımınca diqqət yetirmirlərE İctimai əxlaqa xas olan bəzi naqisliklər - şəxsiyyətlərarası etimadın, insanların bir-birinin kədərinə şərik olması və təmənnasızlıq kimi keyfiyyətlərin qıtlığı onların öz vəsaitlərini, qüvvələrini və vaxtını başqalarının naminə, bütövlükdə cəmiyyətin naminə qurban verməyə könüllü hazır olması ruhunun tam üzə çıxmasına mane olur".
Zamanında müəllifi olduğu savab və müqəddəs əməllərin nəticəsi kimi tarixdə əbədiyaşarlıq hüququ qazanmış şəxsiyyətlər sırasında görkəmli xeyriyyəçi, böyük mesenat Hacı Zeynalabdin Tağıyevin adı xüsusi çəkilir. Dövrünün bir sıra zəngin insanlarından fərqli olaraq əldə etdiyi sərvətin böyük qismini məhz xalqının nicatına, maariflənməsinə həsr etmiş bu ləyaqətli Azərbaycan oğlunun xatirəsi onun bir zamanlar şövqlə qurub-yaratdığı əzəmətli tikililərdə, tarixi binalarda, eyni zamanda unudulması mümkün olmayan nəcib, xeyirxah əməllərdə yaşayır. Mehriban xanım Əliyeva müsahibəsində Azərbaycanda xeyriyyəçilik institutunun keçmiş ənənələrinə nəzər salaraq bildirir ki, şəfqət, başqasının halına yanmaq, xeyirxah işlər görməyə çalışmaq, qonaqpərvərlik və səxavət kimi keyfiyyətlər həmişə Azərbaycan xalqının ən mühüm həyati dəyərləri olmuşdur və indi də belədir. İslamın da, digər dünya dinlərinin də təbliğ etdiyi ən mühüm dəyərlərdən biri məhz bu mənəvi prinsiplərdir. İndi biz müasir Azərbaycanda ictimai həyatın xüsusi bir sektoru olan xeyriyyəçilik institutunu yenidən formalaşdırıb inkişaf etdirməklə, təbii ki, müasir dövrün reallıqları və tələbatı nəzərə alınmaqla, nəinki gözəl ənənələrimizi dirçəldir və inkişaf etdirir, həm də sosial və mənəvi tərəqqi üçün səmərəli vasitə yaradırıq.
Azərbaycanın birinci xanımı ölkəmizdə bu istiqamətdə meyillərin güclənməsi üçün xeyriyyəçiliyin inkişafının milli konsepsiyasının işlənib hazırlanmasını da vacib sayır. "Bu sənəddə sosial siyasətin bir vasitəsi kimi xeyriyyəçilik sisteminin qurulmasının əsas istiqamətləri öz ifadəsini tapmalıdır. Həmin siyasətin iştirakçıları isə cəmiyyətin hər üç sektorudur - dövlət, biznes və qeyri-kommersiya sektoru. Konsepsiyada xeyriyyəçilik fəaliyyətinin həyata keçirilməsində qarşıya çıxan əsas problemlər və onların həlli yolları təsbit olunmalı, icra hakimiyyəti, yerli özünüidarə orqanlarının və ictimai təsisatların qarşılıqlı tərəfdaşlıq əlaqələri yaradılmasının mexanizmləri göstərilməlidir. Mənim fikrimcə, bu da çox vacibdir ki, həmin konsepsiya xeyriyyəçilik fəaliyyətinin bütün əsas aspektlərinin - normativ- hüquqi, təşkilati, kadr, infrastruktur, informasiya və başqa məsələlərin harmonikləşdirilməsinə yönəlmiş olsun. Təbii ki, bu ciddi işin öhdəsindən yalnız bütöv bir kollektiv halında cəmləşmiş mütəxəssislər, alimlər və praktik işçilər gələ bilər", - deyə Mehriban xanım Əliyeva vurğulayır.
Azərbaycanın birinci xanımının dərin məzmunlu müsahibəsi ilə tanışlıq zamanı bir daha aydın olur ki, şəxsiyyətə hörmət, vətəndaşa həssas münasibət, insanlara qayğı və təmənnasız xidmət Heydər Əliyev Fondunun əsas fəaliyyət kredosudur. Millətə və dövlətə xidmət məramına əsaslanan bu fəaliyyətin qayəsində həm də yüksək humanizm, mərhəmət və nəciblik kimi ali mənəvi keyfiyyətlər dayanır. Əsl insan üçün ən dəyərli xəzinə məhz çalışmaq və başqalarına yaxşılıq etmək bacarığıdır. Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva da dəyərli vaxtını, enerjisini insanlarımızın rifahına sərf edir. Ən təqdirəlayiq cəhət bundadır ki, onun həyata keçirdiyi bu böyük layihələr təmənnasızlıq prinsipinə söykənir.
"EXeyriyyəçilik insani münasibətlərin son dərəcə incə, nəzakətli və həssas sahəsidir və fəaliyyətin bütün iştirakçılarından - xeyriyyəçilərin özlərindən, bu fəaliyyətdən bəhrələnənlərdən və vasitəçilərdən ümumbəşəri əxlaq, etika və nəzakət normalarına dönmədən riayət olunmasını tələb edir" deyən Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi fond xoşməramlı ənənəni bu gün uğurla davam etdirir. Məhz bu xoşməramlı fəaliyyətinə görə də fond Azərbaycanda böyük nüfuza malik olan və ölkənin ictimai həyatında mühüm rol oynayan bir quruma çevrilmişdir.


 Azərbaycan.- 2008.- 6 ap­rel.- S. 2.