Heydər Əliyev Fondunun Azərbaycan mədəniyyətinə daha
bir töhfəsi
Aprelin 11-də Heydər
Əliyev Fondunda Azərbaycanın musiqi mədəniyyəti
tarixində xüsusi yeri olan xalq artisti, bəstəkar,
pianoçu Rafiq Babayevin yaradıcılığını
əhatə edən musiqi albomunun təqdimatı olmuşdur.
Heydər Əliyev Fondunun
hazırladığı bu
albom həm də Ermənistanın xüsusi xidmət orqanlarının əli ilə 1994-cü il martın 19-da Bakı metrosunda törədilmiş
terror aktının qurbanı olan Rafiq Babayevin simasında erməni təcavüzü və terroru nəticəsində
həlak olmuş bütün insanların xatirəsinə həsr edilmişdir.
Layihənin həyata keçirilməsi üçün
yaradılmış işçi
qrupuna bəstəkarın
ailə üzvləri,
yaxın həmkarları
cəlb olunmuşdular.
MDB ölkələrinin və Azərbaycanın dövlət arxivlərindən
toplanmış materiallar
əsasında hazırlanmış
alboma Rafiq Babayevin həyat və yaradıcılığından
bəhs edən və yüksək poliqrafik səviyyədə
buraxılmış kitab,
nadir videoyazılar olan 2 DVD və onun əsərlərindən
ibarət 8 CD daxildir.
Disklər “SONY” firmasının
Avstriyadakı studiyasında
müasir texnologiya əsasında təmizlənərək
yazılmışdır.
Azərbaycan mədəniyyət və incəsənət xadimlərinin, rəsmi şəxslərin iştirak
etdikləri təqdimat
mərasimi Rafiq Babayevə həsr olunmuş filmin nümayişi ilə başlandı.
Layihənin təşəbbüsçüsü,
Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı
səfiri, Milli Məclisin deputatı
MEHRİBAN ƏLİYEVA mərasimi açaraq dedi:
- Hörmətli qonaqlar,
əziz dostlar!
Mən sizin hamınızı Heydər
Əliyev Fondunda ürəkdən salamlayıram.
Bu gün biz görkəmli incəsənət xadimi, musiqiçi, bəstəkar,
xalq artisti Rafiq Babayevin yaradıcılığına həsr
olunmuş musiqi albomunun təqdimat mərasiminə yığışmışıq.
Heydər Əliyev Fondu tərəfindən hazırlanmış bu alboma sənətkarın həyat və yaradıcılığından bəhs edən kitab, seçilmiş əsərlərindən ibarət
olan 8 musiqi diski və video
materialları əks etdirən 2 DVD daxildir.
Rafiq Babayev XX əsrin 60-70-ci illərində
musiqi aləminə yeni nəfəs, fərqli baxış gətirən sənətkar
kimi tanınır. O, milli musiqi köklərinə
bağlı olaraq, Qərb və Şərq musiqi ənənələrinin sintezinin,
muğam və xalq melodiyalarının caz ritmləri ilə birləşdirilməsinin
əsasını qoymuş
musiqi novatorlarından
biri idi. Onun çoxsaylı caz, fortepiano, estrada əsərləri, pyes və mahnıları
nəinki Azərbaycanda,
hətta xaricdə də çox yaxşı tanınır.
Onun sənət axtarışları ömrünün
sonuna qədər tükənməmişdir və
yaradıcılığının hər bir mərhələsində
yeni səhifə açmağa, özünü
yeni səpkidə göstərməyə imkan
vermişdir. Kim bilir, bəlkə böyük, əsl istedada malik olan bu insan
ömrünün o qədər də uzun olmayacağını hiss edirdi. Ona
görə yaşamağa,
yaratmağa, işləməyə
tələsirdi. Daim yeniliklər
axtarışında idi,
öz zamanını qabaqlayırdı və biz bu gün
deyə bilərik ki, o, gələcək
üçün yaradır,
gələcək üçün
işləyirdi.
Çox təəssüf
ki, belə bir insanın yarı yolda kəsilən ömrü onun bir çox
arzularını ürəyində
qoydu. 1994-cü ilin
mart ayında Bakı metrosunda törədilən erməni
terroru nəticəsində
Rafiq Babayev faciəli şəkildə
həlak oldu, mədəniyyətimizə böyük
itki üz verdi. Bu terror
aktı nəticəsində
14 nəfər həlak
olmuş, 49 nəfər
yaralanmışdır. Bütövlükdə,
1990-cı illərin əvvəlində erməni
terror təşkilatları
tərəfindən ölkəmizdə
32 terror aktı törədilmiş, 2 mindən
çox insan bunların qurbanı olmuşdur. Bu gün bu albomu
təqdim edərək,
biz təkcə Rafiq Babayevin xatirəsini deyil, bütün erməni terrorunun qurbanı olmuş günahsız insanların ruhunu yad edirik.
Heydər Əliyev Fondu Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasətini
ifşa edən bir çox sənədləri nəşr
etdiribdir. Bu sənədlərdə ermənilər
tərəfindən azərbaycanlılara
qarşı etnik təmizləmə siyasəti,
Xocalı faciəsi və digər dəhşətli faktlar öz əksini tapıbdır. Bildiyiniz kimi, “Qarabağ həqiqətləri” toplusu
bir çox xarici dillərə tərcümə olunaraq xaricdə yayılıb və bütün bu reallıqları dünyaya çatdırır.
Böyük sənətçi
Rafiq Babayev bütün ömrü boyu millətlərarası
qardaşlıq və
dostluğa sadiqlik nümayiş etdirmişdir.
Onun əsərləri,
gözəl melodiyaları
millətindən, dinindən
asılı olmayaraq, bütün insanları birləşdirirdi və bu da onun
əsl insan, böyük humanist olduğunu sübut edir. Hər bir böyük sənətkarın həyatı
insan ömründən
çox uzundur. Bu gün Rafiq
Babayevin yaradıcılığı
bizimlədir, onun gözəl əsərləri,
unudulmaz melodiyaları
bizim ürəyimizdədir,
Azərbaycan xalqı tərəfindən çox
sevilir və daim ifa olunur.
Mən əminəm ki, Rafiq Babayev öz
yaxınlarının, əzizlərinin,
dostlarının və
onu şəxsən tanımayan insanların ürəyində böyük
sənətkar, musiqiçi,
bəstəkar və eyni zamanda, ən
yüksək insani keyfiyyətlərə malik
olan nurlu bir şəxsiyyət kimi yaşayacaqdır.
Mən çox şadam ki, bu albomu yaratmaqla
biz böyük sənətkarın yaradıcılıq
irsinin qorunması və təbliğinə öz töhfəmizi verə bilmişik.
Bir daha bütün mərasim iştirakçılarını ürəkdən salamlayıram
və sizə cansağlığı arzulayıram.
* * *
Rafiq Babayevin ailəsi adından çıxış edən
qızı Fərziyyə
Babayeva nəcib təşəbbüsünə görə Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya dərin minnətdarlığını
bildirdi.
Mehriban xanımın Azərbaycan
mədəniyyətinin inkişafı
sahəsindəki xidmətlərinin
böyük önəm
daşıdığını vurğulayan kinorejissor, xalq artisti Oqtay
Mirqasımov yeni albomu Heydər Əliyev Fondunun mədəniyyətimizə növbəti
töhfəsi kimi qiymətləndirdi. O, televiziya
muğam müsabiqələrinin
milli musiqimizin qorunmasındakı roluna da toxundu, bunun
müqəddəs bir
iş olduğunu söylədi.
Oqtay Mirqasımov Rafiq Babayev ilə bağlı xatirələrini
də bölüşdü.
Bu təqdimatın Azərbaycanın bütün
musiqisevərlərinin ürəyincə
olduğunu bildirən
Azərbaycan Milli Konservatoriyasının rektoru,
xalq artisti Siyavuş Kərimi ümummilli lider Heydər Əliyevin Rafiq Babayevin sənətini həmişə
yüksək qiymətləndirdiyini xatırlatdı.
O dedi ki, ulu öndər 1994-cü ilin martında Bakı metrosunda törədilmiş terror aktı barədə danışanda Rafiq Babayevin itkisini xüsusi qeyd edirdi.
Təqdimat mərasimi
incəsənət ustalarının
çıxışı ilə
başa çatdı.
Xalq qəzeti.- 12 aprel.- S. 2.