Bir ömürdə üç ömür yaşamış insan: ədəbiyyatşünas alim,
yazıçı, müəllim
Mir Cəlal
Aprelin 22-də Azərbaycan Respublikası
Prezidentinin İşlər
İdarəsinin Prezident
Kitabxanasında görkəmli
ədəbiyyatşünas alim, əməkdar elm xadimi, yazıçı
Mir Cəlal Paşayevin anadan olmasının 100 illiyi ilə əlaqədar xatirə günü keçirilmişdir.
Tədbir iştirakçıları
əvvəlcə yubilyarın
həyat və yaradıcılığı ilə
əlaqədar kitabxana
əməkdaşlarının hazırladıqları “Mir
Cəlal Paşayev-100” sərgisi
ilə tanış olmuşlar.
Bakı Dövlət Universitetinin Mir Cəlal Paşayev adına Azərbaycan klassik ədəbiyyatı kafedrası
ilə birgə keçirilən tədbiri
kitabxananın direktoru
Mayıl Əhmədov
açaraq bildirmişdir
ki, XX əsr Azərbaycan ədəbiyyatının
görkəmli nümayəndəsi
Mir Cəlalın anadan olmasının
100 illik yubileyi YUNESKO tərəfindən bütün
dünyada qeyd olunur. Bu münasibətlə kitabxana kollektivinin hazırladığı “Mir
Cəlal Paşayev-100" adlı
elektron biblioqrafik göstərici haqqında
məlumat verən natiq diqqətə çatdırmışdır ki,
görkəmli alim haqqında ilk biblioqrafiya 1968-ci ildə ədibin 60 illik yubileyi ilə əlaqədar Azərbaycan
Elmlər Akademiyasının
əsaslı kitabxanasında,
ikinci biblioqrafiya isə 90 illiyi münasibətilə M.F.Axundov
adına Dövlət
Kitabxanasında hazırlanmışdır.
Birinci biblioqrafiyada
944, ikincidə 238 istinad
vardırsa, indiki göstəricidə 1950 istinad
vardır.
Göstəricinin bu tip məlumat nəşrlərinin strukturuna
uyğun tərtib edildiyini vurğulayan M.Əhmədov bildirmişdir
ki, burada Mir Cəlalın həyatı və fəaliyyəti, əsərləri,
monoqrafiyaları, məqalələri,
haqqındakı digər
materialları, tərcümələri,
redaktə etdiyi işlər tam əhatə olunmuşdur. Göstəricidən istifadəni
asanlaşdırmaq üçün
müəllifin əsərlərinin
və onun haqqında yazıların
adları əlifba sırası ilə tərtib edilmişdir. Göstəricinin üstün
cəhətlərindən biri
də onun elektron versiyasının da hazırlanmasıdır.
Yəni istənilən
oxucu kitabxanaya gəlmədən internet səhifəsində bu göstəricidən istifadə
edə bilər. Elektron göstəricinin başqa bir üstün məziyyəti
də onun mütəmadi dəyişmək
imkanının olmasındadır.
Tədbirdə yubilyarın tələbələri,
filologiya elmləri doktorları, BDU-nun professorları Qara Namazov, Təhsin Mütəllibov, Cəlal Abdullayev, İfrat xanım Əliyeva, Cəlil Nağıyev, Tofiq Hüseynoğlu Mir Cəlal Paşayevin müəllim,
yazıçı və
ədəbiyyatşünas alim kimi fəaliyyətini
eyni dərəcədə
yüksək dəyərləndirmişlər. Vurğulanmışdır ki,
ölkəmizdə üç
istiqamətdə fəaliyyət
göstərən başqa
şəxslər də
olmuşdur. Lakin onların heç biri Mir Cəlal
kimi həmin istiqamətləri eyni səviyyəyə qaldıra
bilməmişdir. Maraqlıdır
ki, 1928-ci ildə müəllim kimi fəaliyyətə başlayan
yubilyar məhz həmin ildə özünün “Dünya
romantizmi” mövzusunda
yazdığı geniş
elmi məqaləsini və ilk şeirlərini
dərc etdirmişdir.
Mir Cəlal həmin vaxtdan ömrünün sonunadək
bu üç istiqamətdə böyük
məsuliyyətlə fəaliyyət
göstərmişdir. Təsadüfi
deyildir ki, ədəbiyyatşünaslar bu
gün də onun namizədlik dissertasiyasını-"Füzuli
sənətkarlığı" monoqrafiyasını füzulişünaslığa
açar hesab edirlər. Onlar “Bir gəncin manifesti” romanını klassik nəsrimizin gözəl nümunəsi
sayır, nasirin hekayə yaradıcılığını
müdrikliyinə və
lakonikliyinə görə
təkcə Rusiyada deyil, dünyada hekayə janrının böyük ustadı Anton Çexovla müqayisə edirlər.
Tədbirdə yubilyarla çiyin-çiyinə işləmiş
tələbələri Mir
Cəlalın yüksək
insani keyfiyyətlərindən,
onlara sonsuz diqqət və qayğısından ətraflı
söz açmış,
onunla bağlı şirin, nümunəvi, ibrətamiz xatirələrini
danışmışlar.
Professor Cəlil Nağıyevin “Mir Cəlalın yaradıcılığı hələ
lazımınca öyrənilməmişdir,
müasir baxış
bucağından onun əsərlərinin yenidən
təhlilə böyük
ehtiyac var” – fikri tədbir iştirakçıları tərəfindən
razılıqla qarşılanmışdır.
Professorun bu fikrinə
münasibət bildirən
xarici işlər nazirinin müavini, Diplomatik Akademiyanın rektoru Hafiz Paşayev
demişdir ki, doğrudan da Mir Cəlal yaradıcılığından bəhs edən bəzi əsərlər sovet dövründə yazıldığından onlar
istər mövzu, istərsə də məna baxımından ətraflı,
obyektiv təhlilini tapmamışdır.
Axırda Hafiz Paşayev atasının xatirəsinə göstərilən
diqqət və ehtirama görə tədbirin təşkilatçılarına
və iştirakçılarına
təşəkkürünü bildirmişdir.
Xalq qəzeti.- 2008.- 23 aprel.- S. 5.