Fəxriyyə

 

İsgəndəriyyə Kitabxanası ATİ ilə təcrübə mübadiləsi aparır

 

Bu günlərdə Azərbaycan Turizm İnstitutunun marketinq və ictimai əlaqələr üzrə rektor köməkçisi Təranə Dusturova İsgəndəriyyə Kitabxanasının direktoru İsmayıl Serageldinin dəvəti ilə Misir Ərəb Respublikasında təcrübə mübadiləsində olub. T.Dusturovanın qəzetimizə verdiyi məlumata görə, Misirdə olan zaman bu ölkənin Turizm Nazirliyinin Beynəlxalq və İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri xanım Madiha Saleh El Dinlə görüşüb, tələbələrin bu ölkədə yay təcrübə semestri keçməsi üçün nazirliyin dəstək verməsini xahiş edib. Sonra İsgəndəriyyə Kitabxanasına gələn Təranə xanım burada ildə bir milyondan çox turist qəbulunu həyata keçirən və tənzimləyən kitabxananın turistlərlə iş üzrə şöbəsinin işi ilə tanış olub. Rektor köməkçisi Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin hədiyyəsi olan Qarabağ həqiqətləri haqqında kitabı və milli ornamentlərlə bəzədilmiş xalçanı İsgəndəriyyə Kitabxanasına təqdim edib. Kitabxana rəhbərliyi ilə ATİ arasında tələbələrin bələdçilik və turistlərin qarşılanması, yola salınması sahəsində əməkdaşlıq imkanları haqqında müzakirələr aparan Təranə xanım təcrübə mübadiləsi barədə şərtləri də müəyyənləşdirib. Daha sonra ATİ-nin kitabxanasına Misir turizmi və tarixi ilə bağlı bəzi materiallar bağışlanıb.

 

Mədəniyyət.- 2008.- 5 aprel.- S. 2.