Kitabxana sahəsində
əməkdaşlıq haqqında memorandum imzalanmışdır
Aprelin 9-da Azərbaycan
Mədəniyyət və Turizm Nazirliyi ilə ABŞ-ın
ölkəmizdəki səfirliyi arasında əməkdaşlıq
haqqında memorandum imzalanmışdır. Nazir
Əbülfəs Qarayev və səfir Ann Dersin imzaladıqları
sənəd birgə layihənin ikinci hissəsinin həyata
keçirilməsini, başqa sözlə, Bakıda və
ölkənin müxtəlif bölgələrində kitabxana
işinin təkmilləşdirilməsini, kitabxanalarda Amerika
guşələrinin yaradılmasını nəzərdə
tutur.
Ə.Qarayevin
sözlərinə görə, ABŞ səfirliyinin iki il
ərzində həyata keçirdiyi Azərbaycan
kitabxanalarının inkişaf proqramı
çərçivəsində kitabxanalarda Amerika mərkəzləri
yaradılmışdır. Layihə Azərbaycanın bir
sıra mərkəzi kitabxanalarının müasir
texnologiyalarla təmin edilməsinə imkan vermişdir.
İkinci
mərhələnin proqramı da xeyli zəngindir. İndi bu cür
mərkəzlərin Gəncədə, Lənkəranda,
Salyanda, Kürdəmirdə və digər
bölgələrdə açılması, yerlərdə
məşğələ-kursların keçirilməsi və
sair planlaşdırılır. Nazir vurğulamışdır
ki, Azərbaycan dünya birliyinə inteqrasiya edən
müstəqil dövlətdir və ABŞ ilə yaxından
tanış olmağa imkan yaradan bu cür informasiya
mərkəzləri gənclər üçün maraq
kəsb edir.
Ann Ders bildirmişdir ki,
belə mərkəzlər dünyanın 100 ölkəsində
fəaliyyət göstərir və iki dövlət
arasında bir növ humanitar körpü yaradır. Sazişə
əsasən, Mədəniyyət və Turizm Nazirliyi ABŞ
mərkəzlərinin yaradılması üçün
yerlər ayıracaq, onların internetə
çıxışla və digər proqramlarla təchiz
olunmasını təmin edəcəkdir. Amerika tərəfi
mərkəzləri kompüterlərlə və
Birləşmiş Ştatlar haqqında tədris
materialları ilə təchiz edəcəkdir.
Azərbaycan.- 2008.- 10 aprel.- S. 6.