Qarayeva S.

 

Kitabxanalar informasiya cəmiyyətinin beynidir

 

Aybəniz Əliyeva-Kəngərli: "AMEA-nın Mərkəzi Elmi Kitabxanası yüksələn xətt üzrə fəaliyyət göstərir"


Müsahibimiz AMEA Mərkəzi Elmi Kitabxanasının direktoru, filologiya elmləri namizədi Aybəniz Əliyeva-Kəngərlidir.   

   
- Aybəniz xanım, "Azərbaycanda kitabxanaların fəaliyyətinin yaxşılaşdırılması haqqında" sərəncamın imzalanmasından keçən zaman ərzində kitabxananızın fəaliyyətində nə kimi dəyişikliklər baş verib?

   
- Azərbaycan Milli Elmlər Akademiyasına, həmçinin Mərkəzi Elmi Kitabxanaya dövlətin kifayət qədər yüksək qayğısı var. Alimlərin, kitabxanaçıların maaşları ilbəil artır, sosial təminatı gücləndirilir. Bununla bərabər dövlətimiz, başda Azərbaycan Prezidenti olmaqla, mədəniyyətimizin tərəqqisinə xüsusi önəm verir. Kitabxanalarıın fəaliyyətini gücləndirmək və onları müasirləşdirmək üçün imzalanmış müvafiq sərəncam isə bu sahədə yeni uğurlar əldə olunmasına münbit şərait yaradıb. Ötən il ərzində fəaliyyətimizdə kifayət qədər irəliləyişlər müşahidə olunur. Belə ki, bu vaxt ərzində kitabxanamız elmi-tədqiqat işlərinin planına əsasən "Universal sənəd-informasiya fondlarının AMEA elmi tədqiqat institutlarının istiqamətlərinə uyğun olaraq milli və xarici elmi çap və elektron nəşrlərlə komplektləşdirilməsi, elmi kataloqlaşdırılması, mühafizəsi, istifadəsinin təşkili, təbliği, tədqiqi, elmi fondların bərpası və konservasiyası, elmin analitik-informasiya təminatı, kitabxana-informasiya işinin tədqiqi, kitabxana-biblioqrafiya proseslərinin avtomatlaşdırılması" işini daha yüksək səviyyədə yerinə yetirə bilib. 8 elmi-nəzəri, tətbiqi və elmi-praktiki mövzuya daxil olan 33 işin bütün mərhələlərini reallaşdırıb. Ədəbiyyatın cari komplektləşdirilməsi işi Prezidentin müvafiq sərəncamı ilə nəşr olunan və kitabxanalara pulsuz paylanan latın qrafikalı kitabların, beynəlxalq mübadilə yolu ilə alınan nəşrlərin, nəşriyyatlardan əldə edilən ədəbiyyatın, məcburi nüsxələrin, ayrı-ayrı alim və mütəxəssislər, eləcə də təşkilatlar tərəfindən hədiyyə verilən kitabların hesabına daha da gücləndirilib.

   - Yeri gəlmişkən, müasir oxucuları informasiya ilə təmin edərkən hər hansı problemlə üzləşirsinizmi? Bu məsələyə ona görə toxunuruq ki, bəzən kitabxanalara kifayət qədər ədəbiyyatın daxil olmaması ilə bağlı fikirlər səsləndirilir.

   
- Bu çox ciddi problemdir. Sovet İttifaqı dövründə kitabxanalar şəbəkəsi mərkəzləşdirilmiş formada fəaliyyət göstərdiyindən digər respublikalarda nəşr olunan kitablar tez bir zamanda kitabxana fondlarına daxil olurdu. İttifaq dağıldıqdan sonra fondların ədəbiyyatla təminatı işi zəiflədi, buna "dayandırıldı" da deyə bilərik. Lakin Ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlişi bir çox məsələlərdə olduğu kimi bu sahədə də canlanma yaratdı. "Kitabxana işi haqqında" qanun qəbul olundu və burada nəşriyyatlar iri kitabxanalara məcburi nüsxələri göndərməyə məsul edildi. Bundan əlavə respublikamızın xaricdə artan imici, düzgün qurulan xarici siyasət imkan verdi ki, kitabxanalarımız xarici partnyorları ilə qırılan əlaqələrini bərpa edə bilsin. Zənnimcə, indi kitabxanalarda ədəbiyyatın komplektləşdirilməsilə bağlı heç bir problem qalmayıb. Məsələn, ötən il ərzində Mərkəzi Elmi Kitabxanaya 18024 nüsxə ədəbiyyat daxil olub ki, onlardan da 6852 nüsxəsi xarici dillərdədir. Kitabxanamız bununla yanaşı hər il 200-dən artıq elektron nəşr əldə edir ki, bu da elektron sənəd massivlərinin yaradılmasına köməkdir. Fondumuza Rusiya Elmlər Akademiyasının Təbiyyət Elmləri üzrə Kitabxanasından müxtəlif elm sahələri üzrə 159 adda 1230 nüsxə yeni elmi jurnal daxil olub. Hazırda biz 72 dövlətin 571 təşkilatı ilə əlaqə saxlayaraq ədəbiyyat və informasiya mübadiləsi aparırıq. Sayı barədə məlumat verdiyim 6852 nüsxə xarici ədəbiyyatın 4073 nüsxəsi beynəlxalq kitab mübadiləsi vasitəsilə, 2779 nüsxəsi isə satın və hədiyyə alınıb. Eyni zamanda keçən ildə Şərq, Qərbi Avropa və MDB ölkələrinə ümumilikdə 1734 nüsxə ədəbiyyat göndərmişik. Kitabxanamızın kartotekasında respublikamızda baş verən mühüm hadisələrlə, elm və mədəniyyət sahəsində əldə olunmuş nailiyyətlərlə bağlı 112 yeni rubrika açılıb. Bunlardan: "Görkəmli şəxsiyyətlər Prezident İlham Əliyev haqqında", "Qarabağ həqiqətləri", "Azərbaycanda muğam sənətinin inkişafına dövlət qayğısı", "Azərbaycan Beynəlxalq antiterror koalisiyasının fəal üzvü kimi", "Qeyri-neft sektorunun inkişafı gələcəyin qarantıdır", "Dünya mətbuatı Azərbaycan haqqında", "Məcburi köçkünlərin sosial rifahına yönəlmiş siyasət", "Dünya Azərbaycan və Türk diaspor təşkilatları rəhbərlərinin I forumu", "Böyük siyasi və strateji əhəmiyyət daşıyan "Qars-Axalkalaki-Bakı" dəmir yolu", "Kürəkçay müqaviləsi", "Türk dövləti və cəmiyyətlərinin XI dostluq, qardaşlıq və əməkdaşlıq Qurultayı", "Sosial-iqtisadi inkişafın yeni yüksəliş proqramı", "Azərbaycanda iqtisadi inkişaf modeli", "Hidrobiologiya" və başqalarını qeyd etmək olar. Ötən ildə kitabxanamızda 820 oxucu xüsusi proqram vasitəsilə qeydiyyatdan keçib, onların ümumi sayı 36623-ə çatıb. Davamiyyət isə 1 211 240 dəfə olub. Oxuculara 1 249 950 nüsxə kitab verilib. Bütün bunlar onu göstərir ki, kitabxanamız elmin və oxucuların informasiya təminatı istiqamətində yüksələn xətt üzrə fəaliyyət göstərir. Hazırkı dövrdə belə də olmalıdır, çünki tam əminliklə demək olar ki, kitabxanalar müasir informasiya cəmiyyətinin beyni rolunu oynayır.

   - Müasir texnologiyalar nə qədər inkişaf etsə də, bir çox hallarda oxucular kitabla birbaşa ünsiyyətdə olmağı üstün tutur. Başqa sözlə desəm, kitabxanalar da oxucularını mənbə-ədəbiyyatla birbaşa tanış etmək məqsədilə sərgilər, bədii tədbirlər keçirir. Bu sahədə nə kimi fəaliyyətləriniz var?

   
- Məsələn, keçən il ərzində kitabxanada aktual elmi mövzularda, respublikanın tarixi hadisələrinə, əlamətdar günlərinə, görkəmli dövlət, elm və mədəniyyət xadimlərinin, yazıçı və şairlərin yubileylərinə həsr olunmuş konfrans, seminar və digər tədbirlərlə bağlı 100-dən artıq sərgi təşkil edilib. Ədəbiyyat sərgilərinin təşkili sahəsində ötən il Kitabxananın ən uğurlu nəticəsi Ümummilli lider Heydər Əliyevin anadan olmasının 84-cü ildönümü münasibətilə "Heydər Əliyev irsinin tədqiqinin təbliği" mövzusunda keçirilən silsilə sərgi-konfranslardır. Daim mətbuatın və ictimaiyyətin diqqət mərkəzində olan bu möhtəşəm sərgilərdə ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətini, zəngin idarəçilik təcrübəsini, respublikanın sosial-iqtisadi inkişafı və beynəlxalq aləmdə nüfuzunun artması istiqamətində apardığı ardıcıl, məqsədyönlü siyasətini, elm, təhsil, mədəniyyət sahəsindəki xidmətlərini əks etdirən 1000-dən artıq ədəbiyyat nümayiş olunub. Sərgilər Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Vergilər Nazirliyi, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Təhsil Nazirliyi, Fövqəladə Hallar Nazirliyi və digər qurumlarda keçirilib. Bildiyiniz kimi, bu il respublikamızda Ümummilli lider Heydər Əliyevin anadan olmasının 85-ci ildönümü yüksək səviyyədə qeyd olunacaq. Kitabxanamız bu münasibətlə "Heydər Əliyev irsinin tədqiqinin təbliği" silsilə sərgi-konfransları respublikamızın bütün regionlarında təşkil etməyi planlaşdırır.

   Bir müddət əvvəl kitabxanamızda "Azərbaycanın alim qadınları", "İqtisadiyyat və neft strategiyası", "Repressiya qurbanları", "İqtisadiyyat: problemlər və siyasət", "Qafqaz regionunun geosiyasəti", "Azərbaycanın memarlıq abidələri", "XXI əsrdə milli dövlətçilik", "Azərbaycan incəsənəti", "Təsviri incəsənət nümunələri" və sair mövzu sərgiləri, eləcə də, "Əziz Əliyev-110", "Həsən Əliyev-100", "Kərim Kərimov-90", "Mirəli Qaşqay - 100", "Hüseyn Cavid -125", "Murtuza Nağıyev-100", "Əlisöhbət Sumbatzadə-100", "Ağamusa Axundov - 75", "Mikayıl Heydərov- 80" və digər yubiley sərgiləri təşkil olunub. Mərkəzi Elmi Kitabxana ötən il Tarix İnstitutu ilə birgə fevral ayının 21-də "Xocalı soyqırımı" mövzusunda konfrans-sərgi keçirib, burada 123 kitab və jurnal nümayiş etdirilib, mart ayının 29-da "Azərbaycan xalqının faciəvi tarixi səhifələri" mövzusunda konfrans-sərgi keçirib, Azərbaycan, rus, Şərq və Avropa dillərində 261 kitab nümayiş olunub. Həmçinin, Tarix İnstitutu ilə birgə may ayının 24-də "Azərbaycanı dünyaya tanıdan cümhuriyyət: Azərbaycan Xalq Cümhuriyyəti" mövzusunda konfrans-sərgi keçirib, Azərbaycan, rus, Avropa və Şərq dillərində 257 adda ədəbiyyat sərgilənib. Ötən il iyul ayının 20-də Türkiyənin Azərbaycandakı səfirliyinin nəzdindəki Mədəniyyət Mərkəzi ilə birgə Əhməd Cəmaləddinin "Torlakyan davası: Behbud Xan Cavanşirin qətli" adlı kitabın təqdimat mərasimi təşkil olunub. Noyabr ayının 8-də isə kimya elmləri doktoru, professor Şıxbala Əliyevin ailəsi tərəfindən kitabxanaya hədiyyə edilmiş şəxsi kitab kolleksiyasının təqdimatı keçirilib.

   - Mərkəzi Elmi Kitabxananın nəşrləri barədə də məlumat vermənizi istərdik.

   
- Hər il kitabxanamız "Elmi əsərlər" adlı toplunu, "Azərbaycan Milli Elmlər Akademiyasının nəşrlərinin biblioqrafiyası. İllik" adlı biblioqrafik göstəricini, kitabxanamıza daxil olan ədəbiyyatın rüblik bülletenlərini, eləcə də, "Azərbaycanın elm və mədəniyyət xadimləri" seriyasından şəxsi biblioqrafik göstəriciləri oxucuların ixtiyarına verir. Ötən il bu seriyadan görkəmli ziyalılar Həsən Əliyev, Səlim Musayev, Elmira Süleymanova, Fəzilə Səmədova, Ayaz Əfəndiyev, Seyfəddin Əliyev və başqa alimlərin şəxsi biblioqrafik göstəriciləri çapdan çıxıb. Bundan əlavə "Azərbaycanda kitabxana işinin tarixi: II hissə" (Abuzər Xələfov), "Müasir Azərbaycanda elmin informasiya təminatı və kitabxanalar" (A. Əliyeva-Kəngərli), "Azərbaycan dünya mətbuatında" biblioqrafik göstəricisinin 3-cü buraxılışı, "Qafqaz regionu və qonşu ölkələrin tarixi. XVIII-XX əsrlər" adlı kitablar nəşr etmişik. Hazırda "Azərbyacan folkloru", "Kitabxana-informasiya terminlərinin izahlı lüğəti", "Veblioqrafiya. Dünya KİV-ləri İnternetdə" və s. adlı kitablar nəşrə hazırlanır. Ümumilikdə ötən il ərzində kitabxanada 222,4 ç.v. həcmində 12 kitab nəşr edilib, respublika mətbuatında kitabxananın əməkdaşlarının 50-dən çox məqaləsi dərc olunub. İki məqalə isə Rusiyanın elmi jurnallarında dərc edilib.

   - Aydındır ki, müasir dövrümüzdə kitabxanalar yeni texnologiyalardan, internetdən, avtomatlaşdırılmış sistemlərdən istifadəsiz inkişaf edə bilməz. Bu sahədə hansı işləri görürsünüz?

   
- Artıq bir neçə ildir ki, kitabxanamızda informasiya texnologiyaları uğurla tətbiq olunur, elektron kataloq və elektron kitabxana yaradılır, əməkdaşların yüksək texnologiyalarla işləmək bacarıqları artırılır. Üç dildə-azərbaycan, ingilis və rus dilində fəaliyyət göstərən portalımızın (www.csl-az.com ) ötən il BMT-nin "World Award Summit" müsabiqəsində "Elektron elm" nominasiyasında qalib olması bunun yaxşı sübutudur. Bundan əlavə Kitabxanamızda "Azərbaycanşünaslıq" (müstəqillik dövrü) elektron informasiya mərkəzinin yaradılması" işinə müvafiq olaraq "Azərbaycanın tarixi", "Azərbaycanın elmi", "Azərbaycanın iqtisadiyyatı", "Azərbaycanın mədəniyyəti" adlı elektron məlumat bazalarına 5000 sənəd daxil edilib. "Azərbaycan dilində ədəbiyyatın elektron kataloqunun yaradılması" işi üzrə isə Azərbaycan dilində 3084 adda ədəbiyyatın elmi təsviri və elektron kataloqa daxil edilməsi prosesi icra olunub. Həmin işin "Azərbaycan dilində ədəbiyyatın retrokonversiyası" mərhələsi davam etdirilib və 456 adda ədəbiyyat elektron kataloqda öz əksini tapıb. Eyni zamanda rus, Qərbi Avropa və Şərq dillərində 2326 adda cari ədəbiyyat elektron kataloqda təsvir olunub. Kitabxana "EBSCO" verilənlər bazasından 42000, İNTAS layihəsindən 7000, "Springer" nəşriyyatından isə 3500 adda elektron şəkildə elmi jurnal əldə edib və onlayn formada oxucuların istifadəsinə verib. "Azərbaycanda neft" elektron biblioqrafik göstəricisinin formalaşdırılması" üzrə iş davam etdirilib və Azərbaycanda neft yataqlarının geologiyası, neft quyularının qazılması, neft kimyası və neft emalı üzrə müxtəlif dillərdə 1 076 sənəd elektron bazaya daxil edilib. Həmçinin respublikamızda ilk dəfə "Azərbaycan Milli Elmlər Akademiyasının alimləri" adlı elektron biblioqrafik göstəricisi formalaşdırılıb.

   Məlumat üçün onu da bildirim ki, kitabxanamızda ənənəvi iş proseslərini avtomatlaşdırmaq üçün "İRBİS-64" adlı proqram təminatından istifadə olunur. Qarşımızda duran əsas məqsəd bu proqram vasitəsilə həm Mərkəzi Elmi Kitabxanada, həm də Akademiya şəbəkə kitabxanalarında iş proseslərini avtomatlaşdırmaq və sürətləndirmək, toplu elektron kataloq və elektron kitabxana yaratmaqdır. Ötən il biz metodik rəhbərliyini həyata keçirdiyimiz AMEA-ın elmi təqdqiqat institutlarının kitabxanaçılarına həmin proqramla işləməyi tədris etdik, müəyyən biliklərə sahib olan əməkdaşlar sertifikatla təmin olundular. Artıq AMEA-nın bir çox institutlarında metodik rəhbərliyimiz və proqram təminatımız vasitəsilə elektron kataloqun yaradılması işlərinə başlanılıb. Bu iş cari ildə də davam etdirilir.

   - 2003-cü ildə AMEA-nın nizamnaməsi təsdiqləndi və Mərkəzi Elmi Kitabxana respublikada "Elmi tədqiqat institutu" statusunu yiyələnən ilk və yeganə kitabxana oldu. Bu sizin fəaliyyətinizə, kadr siyasətinizə necə təsir etdi?

   
- Bunun bir çox müsbət nəticələri oldu. İlk növbədə kitabxanamızın elmi potensialı, nəşrləri və müstəqil elmi əlaqələrinin keyfiyyəti yüksəldi, kitabxanamız əvvəllər olduğu kimi müvafiq bölmənin tərkibində deyil, müstəqil institut kimi Rəyasət Heyəti qarşısında illik hesabat verməyə başladı. Bu isə bizdən fəaliyyətimizə daha məsuliyyətlə yanaşmağı və ayrıca hesabat verə biləcək qədər uğur qazanmağa, iş görməyə məsul etdi. Son illərdə biz öz fəaliyyətimizlə bizə oan etimadı doğrultduq. Ən böyük uğurumuzsa ondan ibarət oldu ki, Mərkəzi Elmi Kitabxanaya kitabxanaşünsalıq, biblioqrafiyaşünaslıq, kitabşünaslıq və nəşriyyat işi sahəsində alimlər hazırlamağa icazə verildi, kitabxanamızda aspirantura təsis olundu. Hazırda kitabxanamızda 6 aspirant və eyni sayda dissertant təhsil alır.

   - Gələcək planlarınız barədə oxucularımıza nə deyərdiniz?

   
- Planlarımız çoxdur. Hazırda ən ciddi işimiz Ümummilli lider Heydər Əliyevin 85-ci ildönümünə və Azərbaycan Cümhuriyyətinin 90 illiyinə hazırlaşmaqdır. Çalışacağıq ki, bu tədbirlərdə üzərimizə düşən vəzifələrin öhdəsindən layiqincə gələk, silsilə tədbirlər, sərgi-konfranslar, simpoziumlar təşkil edək. Qarşımızda duran digər önəmli vəzifələrdən biri də bu il Türkiyənin qonaq ölkə qismində çıxış edəcəyi Frankfurt Beynəlxalq kitab sərgisində qardaş ölkə ilə birlikdə olmaq, Azərbaycan mədəniyyətini, elmini, qazanılan uğurları təbliğ etməkdir. Məsələn ötən il Rusiyada, İranda və başqa ölkələrdə keçirilən böyük kitab sərgilərində 2000-dən çox ədəbiyyat nümayiş etdirə bildik. Ümid edirik ki, bu il dəvət aldığımız beynəlxalq kitab sərgilərində respublikamızı daha artıq sayda ədəbiyyatla təmsil edəcək, Qarabağ həqiqətlərini, iqtisadi nailiyyətlərimizi, uğurlu daxili və xarici siyasətin nəticələrini, elmimizi, ədəbiyyatımızı, mədəniyyətimizi daha geniş auditoriyaya çıxaracağıq.

 

525-ci qəzet.- 2008.- 4 aprel.- S. 7.