M.C.Paşayevin anadan olmasının 100 illiyinə həsr edilmiş sərgi açılmışdır

 

AMEA-nın Mərkəzi Elmi Kitabxanasının sərgi salonunda Azərbaycan elminin və nəsrinin görkəmli nümayəndəsi Mir Cəlal Paşayevin anadan olmasının 100 illiyinə həsr edilmiş ədəbiyyat və fotoşəkillərdən ibarət sərgi açılmışdır.

Açılış mərasimində yazıçı-alimin yaratdığı obrazların həmişə müasir olduğu, əsərlərinin indi də sevilə-sevilə oxunduğu və elə buna görə də XX əsr Azərbaycan ədəbiyyatında özünə layiqli yer tutması xüsusi vurğulanmışdır.

Görkəmli sənətkarın 70-ə yaxın kitabının və dövri mətbuatda dərc olunmuş əsərlərinin nümayiş etdirildiyi sərgidə alimin rnüxtəlif vaxtlarda çəkdirdiyi fotoşəkilləri də yer almışdır.

Mərkəzi Elmi Kitabxananın direktoru Aybəniz Əliyeva-Kəngərli yazıçı-alimin elmi-pedaqoji fəaliyyəti ilə yanaşı, onun yüksək insani keyfiyyətlərindən, milli elmi kadrların hazırlanması, gənc nəslin yetişdirilməsi və təlim-tərbiyəsi sahəsində böyük əməyindən danışmışdır. Mir Cəlal Paşayevin XX əsrdə Azərbaycanın ədəbiyyat, mədəniyyət və elm tarixində parlaq şəxsiyyətlərdən biri olduğunu vurğulayan natiq yazıçının hekayə və romanlarındakı həyatilikdən, əsərlərindəki ictimai məzmunun dərinliyindən də ətraflı danışmışdır.

Tədbirdə qeyd olunmuşdur ki, onun "Bir gəncin manifesti", "Dirilən adam", "Silah qardaşları", "Dağlar dilə gəldi", "Sadə hekayələr", "Yaşıdlarım", "İnsan fəlsəfəsi" və başqa əsərlərində insanın əxlaqi keyfiyyətlərindən, vətənpərvərlikdən, Böyük Vətən müharibəsində şücaət göstərən qəhrəmanlardan sadə dillə söz açılır.

Sərgidə göstərilən əsərlər arasında görkəmli alimin "Füzuli sənətkarlığı", "20-ci əsr Azərbaycan ədəbiyyatı", C.Məmmədquluzadənin realizmi haqqında", "Ədəbiyyatşünaslığın əsasları", "Ədəbi məktəblər" elmi əsərləri diqqəti daha çox cəlb edir.

 

Azərbaycan.- 2008.- 22 aprel.- S. 4.