Milli Kitabxana "Avropa Elektron Kitabxanası"na üzv qəbul edilib

 

Mirzə Fətəli Axundov adına Milli Kitabxananın direktoru Kərim Tahirov Niderlandın Haaqa şəhərində işgüzar səfərdə olub. K.Tahirov AzərTAc-a bildirib ki, səfərin məqsədi həmin şəhərdə Avropa Birliyinə daxil olan 27 ölkənin milli kitabxanasının elektron məlumat bazasını özündə birləşdirən “Avropa Elektron Kitabxanası”na yeni üzvlərin təntənəli qəbulu mərasimində iştirak etmək idi.

Tədbirdə Gürcüstan, Ukrayna, Makedoniya, Moldova, Bosniya-Herseqovina ölkələri ilə birlikdə Azərbaycan Milli Kitabxanası da yekdil səslə "Avropa Elektron Kitabxanası"na üzv qəbul edilib. Bu o deməkdir ki, Azərbaycan Milli Kitabxanası qurumun digər üzvlərinin milli kitabxanalarından qarşılıqlı şəkildə birbaşa istifadə imkanı qazanıb. Beləliklə, Azərbaycandan dünyaya daha bir vacib informasiya kanalı açılmış olub.              

Səfər çərçivəsində Azərbaycan Milli Kitabxanası ilə Niderland Milli Kitabxanası arasında qarşılıqlı əməkdaşlığa dair müqavilə imzalanıb. Ölkəmizin Niderlanddakı səfiri Fuad İsgəndərovun da iştirakı ilə imzalanan sənəddə qarşılıqlı sərgilərin təşkili, kitab mübadiləsinin həyata keçirilməsi, ekektron kataloq, oxucuların kitabxanaya cəlb olunması üzrə təcrübənin öyrənilməsi və sair məsələlər nəzərdə tutulur.

 

Palitra.- 2008.- 2 aprel.- S. 11.