Niftəliyev E.
Vyanada
Nizami Gəncəvinin Xəmsəsi əsasında
hazırlanmış diskin təqdimatı keçirilmişdir
Aprelin 23-də Avstriya Milli Kitabxanasının “Kamineum” zalında dünya poeziyasının
görkəmli nümayəndələrindən
biri, Azərbaycanın
dahi şairi Nizami Gəncəvinin beş poemadan ibarət “Xəmsə”sinin bu kitabxanada
saxlanan əlyazması
əsasında hazırlanmış
multimedia diskinin təqdimat mərasimi keçirilmişdir.
Təqdimatda Azərbaycan mədəniyyət
və turizm nazirinin müavini Ədalət Vəliyev, Azərbaycanın Avstriyadakı
səfiri Fuad İsmayılov, Avstriyanın
Azərbaycandakı səfiri
Marius Kalligaris, Vyanada akkreditə olunmuş diplomatik korpusun təmsilçiləri,
Avstriya parlamentində
Avstriya-Qafqaz və Orta Asiya işçi
qrupunun rəhbəri Karl Öllinger, Nizami əsərlərini almancaya çevirən professor Yohann Kristof Bürgel, Avstriya hökumət və ictimaiyyətinin nümayəndələri,
çoxlu sayda nizamisevərlər və həmyerlilərimiz iştirak
etmişlər.
Avstriya Milli Kitabxanasının direktoru
xanım Yohanna Raxinger açılış
nitqi ilə çıxış edərək,
kitabxananın nadir incilərindən sayılan
“Xəmsə”nin XII əsrdə qələmə
alındığını və yalnız “İsgəndərnamə” poemasının
ikinci hissəsi istisna olmaqla, beş poemanın tam təfsilatı ilə əlyazmada əks olunduğunu bildirmişdir. Qeyd edilmişdir ki, Azərbaycanın Avstriyadakı
səfirliyinin dəstəyi
ilə həmin əlyazma artıq bərpa olunmuşdur və əlyazma əsasında üç
dildə multimedia diski hazırlanmışdır.
Y.Raxinger
2007-ci ilin yazında Azərbaycanda səfərdə
olarkən hər iki ölkənin milli kitabxanaları arasında əməkdaşlıq
haqqında sazişin imzalandığını xatırladaraq,
gələcəkdə qarşılıqlı
əməkdaşlığın daha da dərinləşəcəyinə
ümidvar olduğunu bildirmişdir.
Azərbaycan mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev çıxışında Nizami
Gəncəvi yaradıcılığı
və əsərlərinin
elmi-fəlsəfi dəyəri haqqında, onun sənətkarlığının
Yaxın Şərq xalqlarının ədəbiyyatının
inkişafına göstərdiyi
güclü təsirdən bəhs etmiş və “Xəmsə” toplusunun dünya mədəniyyəti
xəzinəsinin əvəzsiz
tərkib hissəsi olduğunu qeyd etmişdir.
Ə.Vəliyev
Azərbaycan xalqının
ümummilli lideri Heydər Əliyevin 2000-ci
ildə Avstriyaya rəsmi səfəri və göstərdiyi xüsusi qayğı, habelə Avstriya Milli Kitabxanasının baş direktoru xanım Y.Raxingerin 2007-ci ildə Azərbaycana səfəri və ölkələrimizin kitabxanaları
arasında qurulmuş
səmərəli əlaqələr nəticəsində
“Xəmsə”nin elektron versiyasının hazırlanmasını əlamətdar
hadisə kimi qiymətləndirmişdir.
Sonra Ə.Vəliyev 800 rəqəmsal vərəqdən
ibarət və ingilis, alman və fransız dillərində izahatların
daxil edildiyi disk haqqında məlumat vermiş, bu diskin təqdimat
mərasiminin təşkilatçılarına
minnətdarlığını bildirmiş, Avstriya Milli Kitabxanasına Azərbaycan müəlliflərinin
kitablarını hədiyyə
etmişdir.
Tədbirin bədii hissəsində dramaturq və rejissor Nadya Xəyalinin tərtibatında, avstriyalı
aktyorlar Maria Köstlinqer və Paul Zondereqqerin ifasında Nizami Gəncəvinin “Xosrov və Şirin” və “Yeddi gözəl” poemalarından
parçalar oxunmuşdur.
Sonda əməkdar artistlər Elçin Həşimov (tar) və Elnur
Əhmədovun (kamança)
müşayiəti ilə
gənc muğam ustası İlkin Əhmədov Nizami Gəncəvinin qəzəllərindən
ibarət muğam parçaları, Üzeyir
Hacıbəyovun “Sevgili
canan”, “Leyli və Məcnun” operasının müqəddiməsi
və digər milli musiqi əsərlərini
ifa etmişdir.
Xalq qəzeti.- 2008.- 25 aprel.- S. 8.