Novruzova A.

 

Peşəkar biblioqraf

 

Haqqında söhbət açdığımız Zemfira Qəhrəmanova qabiliyyəti, özünə və yoldaşlarına qarşı diqqət və tələbkarlığı, oxuculara xidməti yaxşılaşdırmaq üçün çalışqanlığı və çevikliyi, etik normaları daim nəzərə alması, heç kəsin paxıllığını çəkməməsi, ətrafdakılara bildiklərini əsirgəməməsi və onlardan daim öyrənməyə çalışması, biblioqraf peşəkarlığı və demokratik düşüncə tərzi baxımından Milli Kitabxana kollektivinin sevimlisinə çevrilmişdir.

Qəhrəmanova Zemfira Əliheydər qızı 1938-ci il mart ayının 11-də Bakı şəhərində dünyaya göz açmışdır. O, Yasamal rayonunda yerləşən 18 saylı orta məktəbi bitirmiş, 1958-ci ildə isə Bakı Mədəni-Maarif Texnikumuna daxil olmuşdur.

Yeri gəlmişkən, xüsusi vurğulamaq lazımdır ki, Zemfirada kitaba vurğunluq hələ kiçik yaşlarından baş qaldırmışdır. O, olub-keçənləri xatırlayaraq qeyd edir ki, hələ orta məktəbdə oxuyarkən kitab mütaliə etməkdə qardaşı ilə yarışa girirmiş.

- Elə olurdu ki, bir kitabı 2-3 dəfə oxuyurduq. Bədii ədəbiyyata marağım daha çox idi. Anam görməsin deyə, bədii ədəbiyyatı dərslik kitabının altında gizlədirdim, anamın diqqəti yayınan kimi, başlayırdım yenidən oxumağa. Bunu da qeyd edim ki, mənim gəlinciklə oynadığım yadıma gəlmir. Oyuncaqlarım da elə kitablar olub.

Bəli, Zemfira Qəhrəmanovanın kitaba, mütaliəyə olan hədsiz marağı onu 1960-cı ildə gətirib Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin nəzdindəki Kitabxanaçılıq şöbəsinə çıxartdı.

O, bu şöbəni 1966-cı ildə uğurla bitirib, yüksək ixtisaslı kitabxanaçı-biblioqraf diplomunu aldı.

Zemfira xanımın kitabxanaçılıq və biblioqrafiya işinə yenidən bağlanmasının bir səbəbini də xüsusi qeyd etmək lazımdır. O, bütün mənalı həyatını və yaradıcılıq qüvvəsini Azərbaycanda kitabxana işi və biblioqrafıyanın inkişafına sərf etmiş və indiki M.F.Axundov adına Milli Kitabxana ilə sıx bağlı olan, Azərbaycan biblioqrafıya elminin banisi Əliheydər Qəhrəmanovun qızıdır.

Əliheydər müəllim kitabxanaçılıq və biblioqrafiya işinin quruculuğu sahəsində çox zəhmət çəkmişdir. Bunu heç zaman unutmaq olmaz. O, ilk fəaliyyətinə A.Səhhət adına kitabxanadan başlamış və gələcək planlarını proqnozlaşdıra bilmişdir. Dörd övlad atası olan Ə.Qəhrəmanov onlara da kitablarla işləməyin sirlərini aşılamışdır. Nəticədə oğlu Fikrət və böyük qızı Zemfira atasının yolunu davam etdirməyi üstün tutmuşlar.

Azərbaycan ədəbiyyatı ilə dərindən maraqlanan Ə.Qəhrəmanov indiki Pedaqoji Universitetin məzunu olub. Əliheydər müəllim tələbəlik illərində biblioqrafiya ilə hərtərəfli maraqlanmışdır.

1937-ci ildə Azərbaycan Dövlət Kitab Palatasında işə dəvət olunan Ə.Qərhəmanovun bir biblioqraf və alim kimi fəaliyyəti diqqəti cəlb etmişdir. O, bir tərəfdən biblioqrafıyanın nəzəriyyəsi, metodikası, digər tərəfdən təcrübi olaraq, biblioqrafık göstəricilər tərtib etmişdir.

Ə.Qəhrəmanovun Azərbaycanda sahəvi retrospektiv biblioqrafıyanın inkişafında da xidmətləri böyükdür. Belə ki, 40-cı illərdən başlayaraq Ə.Qəhrəmanov bədii ədəbiyyatda tanınmış ədəbi simaların bədii irsinə aid 8 retrospektiv və şəxsi biblioqrafik göstəricini ortaya qoymuşdur. 1947-ci ildə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsində kitabxanaçılıq şöbəsi açılmış və həmin ildən Ə.Qəhrəmanov orada biblioqrafiya kursu üzrə mühazirələr oxumağa başlamışdır. 1948-ci ildən isə ömrünün axırına kimi Universitetin Kitabxanaşünaslıq və biblioqrafıya kafedrasına rəhbərlik etmişlər.

Azərbaycanda çap əsərlərinin ümumi biblioqrafiyasını yaratmaq sahəsində yorulmadan çalışan bu istedadlı alim yaradıcılığının püxtələşdiyi bir dövrdə 1958-ci ildə 48 yaşında ikən qəflətən dünyasını dəyişmişdir.

Zemfira xanımın fəaliyyəti ilə bağlı deyə bilərik ki, o, 1960-cı ildən ömrünü M.F.Axundov adına Milli Kitabxanaya bağlayıb.

Zemfira xanım kitabxananın Komplektləşdirmə, Xidmət şöbəsinin dəqiq elmlər zalında işləyib. 1974-cü ildən isə Soraq-məlumat xidməti şöbəsində bölmə müdiri vəzifəsində çalışır.

Zemfira Qəhrəmanova hər yerdə oxucu sorğularının layiqincə yerinə yetirilməsinə böyük kömək göstərmişdir. İndi də bu iş ləyaqətlə davam etdirilir. Onun fəaliyyətinin 50 ili göz qabağındadır. 2008-ci ilin mart ayında Zemfira xanımın 70 yaşı tamam olur. Bu münasibətlə Milli Kitabxananın əməksevər kollektivi və çalışdığı şöbənin əməkdaşları onu ürəkdən təbrik edir, ona möhkəm can sağlığı, işində yeni-yeni uğurlar diləyir.

 

Yeni Mədəni-maarif jurnalı.- 2008.- № 3.- S. 33.