Sadıqova S.
Görkəmli biblioqraf alim
Böyük insan,
görkəmli biblioqraf alim, Azərbaycan Respublikasının
Əməkdar mədəniyyət işçisi, BDU-nun biblioqrafiyaşünaslıq
kafedrasının müdiri, professor Zöhrab Hüseyn oğlu
Əliyev ömrünün 55 ilini universitetin doğma divarları
arasında keçirir. Tanınmış biblioqraf-alim,
professor Zöhrab Əliyevin bütün mənalı
ömrü Bakı Dövlət Universitetinin
kitabxanaçılıq-informasiya fakültəsi ilə
bağlıdır. 1949-1954-cü illərdə Bakı
Dövlət Universitetinin filologiya fakültəsinin kitabxanaşünaslıq
şöbəsində ali təhsil alıb. 1954-1957-ci
illərdə M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasında
biblioqraf və Mədəniyyət Nazirliyinin kitabxanalar
üzrə metodisti vəzifəsində
çalışıb. 1957-ci ildə Zöhrab Əliyev
respublikamızda kitabxanaşünaslıq-biblioqrafiya ixtisası
üzrə ilk əyani təhsil alan aspirant olub. 1963-cü
ildə "Azərbaycanda biblioqrafiya işinin tarixi
(1920-1958-ci illər)" mövzusunda namizədlik
dissertasiyası müdafiə edib.
Müdafiə
Şurasında çıxış edən Azərbaycan xalq
yazıçısı, Azərbaycan kitabxana işinin
inkişafında böyük xidmətləri olan Süleyman
Rəhimov demişdir: "Nəhayət çıraq öz dibinə
də işıq saldı". Göründüyü kimi, bu
görkəmli yazıçının biblioqrafiyaya verdiyi
çox böyük qiymət idi. Zöhrab müəllim 10
ildən artıq müddətdə kitabxanaçılıq
fakültəsinin dekanı işləmiş, 1984-cü
ildən bu günə kimi biblioqrafiyaşünaslıq
kafedrasının müdiridir.
Zəngin elmi
axtarışların bəhrəsi olan bir neçə
dəyərli dərs vəsaitinin, monoqrafiya və dərsliyin
müəllifi olan Zöhrab Əliyevin yalnız
müstəqillik illərində 30 adda əsəri çap
olunmuşdur. "Azərbaycanda elmi-köməkçi biblioqrafiya
müasir mərhələdə", "Azərbaycanda
biblioqrafiyaşünaslıq sahəsində elmi tədqiqatların
əsas istiqamətləri", "Milli biblioqrafiyanın
yaranması", "Kitabxanaçılıq
fakültəsində biblioqrafiya fənlərinin tədrisi",
"Beynəlxalq biblioqrafik əməkdaşlıq və
Azərbacanın orada iştirakı məsələsi",
"Biblioqrafik informasiya və onun elmi mahiyyəti",
"Biblioqrafik işin kompüterləşdirilməsinin
nəzəri və praktiki əhəmiyyəti", "Milli
biblioqrafiya biblioqrafik resursun tərkib hissəsi kimi",
"1920-1930-cu illərdə Azərbaycanda xüsusi biblioqrafiya",
"Azərbaycanda biblioqrafik fəaliyyətin bəzi
təşkili məsələləri", "Azərbaycan
biblioqrafiyasını zənginləşdirən dəyərli
töhfə (Heydər Əliyev: biblioqrafik məlumat kitabı
haqqında)", "Biblioqrafik informasiya sənəd
informasiya tələbatının ödənilməsində
mühüm vasitədir", "Biblioqrafik vəsaitlər
sənəd axını və kütləsini inteqral
şəkildə əks etdirən biblioqrafik informasiya
mənbələridir", "Qeyri-müstəqil biblioqrafik
informasiya mənbələri" və s. elmi
əsərləri müstəqillik illərində
fəaliyyətinin nəticəsidir.
Hələ 1989-cu
ildə biblioqrafiyaşünaslığa dair bir neçə
kitabın və elmi məqalənin müəllifi olan
Zöhrab Əliyevin yetkinliyini, əsərlərinin
sayını nəzərə alaraq ona professor elmi
dərəcəsi verilib.
Kitabxanaşünas-biblioqraf
kadrların
hazırlanmasında, dövrün tələbləri
səviyyəsində keyfiyyət dəyişikliyinə nail
olunmasında ən mühüm şərtlərdən biri
öyrənilən fənnin ana dilində geniş
əhatəli tədris ədəbiyyatının
olmasıdır. Məhz bu sahədə professor Z.Əliyevin
fəaliyyəti diqqətəlayiqdir. Belə ki, professor
Zöhrab Əliyevin biblioqrafiyaşünaslıq elminin
tarixində ilk dəfə Azərbaycan dilində "Ümumi
biblioqrafiyaşünaslıq" adlı dərsliyin ərsəyə
gəlməsi üçün uzun illər elmi axtarışlar
aparmış, onu tələbələrin istifadəsinə
vermişdir.
Milli
biblioqrafiyamızın tarixini sistemli və kompleks tədqiq
etmək, nəzəri-metodik, təşkilati
məsələlərin öyrənilməsi professor
Zöhrab Əliyevin yaradıcılığında
mühüm yer tutur. Bu yaxınlarda işıq üzü
görmüş "Azərbaycan biblioqrafiyasının
tarixi" adlı dərsliyi 2007-ci ildə Bakı Universiteti
nəşriyyatında 190 səhifədən ibarət 11,75
çap vərəqi həcmində çap olunmuşdur. Tələbələrə
Azərbaycan milli biblioqrafiyasının inkişafı tarixinin
öyrədilməsi həm mənbəşünaslıq
və həm də qabaqcıl təcrübənin
mənimsənilməsi baxımından böyük
əhəmiyyət kəsb edir. Dərslikdə
"Müstəqillik illərində Azərbaycanda biblioqrafiya"
bölməsinin verilməsi onun aktuallığından xəbər
verir. Eyni zamanda milli biblioqrafiyamızın tarixini mərhələ-mərhələ
işıqlandıran dərslikdə 70 adda
ədəbiyyatın biblioqrafik siyahısı mühüm
əhəmiyyət kəsb edir. Belə ki, 39 adda
Azərbaycan dilində, 23 adda rus dilində və arxiv
sənədlərinin verilməsi onun informasiya təminatını
daha da gücləndirir.
Professor Zöhrab
Əliyev kitabxanaçılıq-informasiya fakültəsinin
dekanı olduğu və biblioqrafiyaşünaslıq kafedrasına
rəhbərlik etdiyi dövrdə fakültənin
inkişafında, elmi kadrların hazırlanmasında xüsusi
xidmətlər göstərib.
Görkəmli alim
Zöhrab Əliyev BDU-nun həyatında yaxından iştirak
edib, universitetin Böyük Elmi Şurasının
üzvü olub. O, hazırda Azərbaycan Respublikası
Təhsil Nazirliyinin Vahid Elmi-Metodik Şurasının
kitabxanaşünaslıq, biblioqrafiya bölməsinin sədr
müavinidir.
Professor Zöhrab
Əliyevin elmi-pedaqoji fəaliyyəti dövlətimiz
tərəfindən yüksək qiymətləndirilib, 1980-ci
ildə ona "Azərbaycan Respublikasının Əməkdar
mədəniyyət işçisi" fəxri adı verilib.
Onun zəngin elmi fəaliyyəti nəzərə alınaraq
müxtəlif medallar və fəxri fərmanlarla təltif
edilib.
Professor Zöhrab
Əliyev şüurlu həyatını Azərbaycanda ali
kitabxanaçılıq-biblioqrafiya təhsilinin və
biblioqrafik fəaliyyətin yaradılması və
təkmilləşdirilməsinə həsr etmişdir. Milli
biblioqrafiyamızın tarixinin sistemli və kompleks tədqiqi,
nəzəri-metodik, təşkilati məsələlərin
öyrənilməsi Zöhrab müəllimin
yaradıcılığında qızıl xətt kimi
keçir. Onun bir alim kimi yaradıcılığı,
müəllim kimi fəaliyyəti, gözəl insan kimi
həyat yolunun parlaq səhifələri, portretinin əsas
cizgiləri alimin həyat və fəaliyyətinə həsr olunmuş
"Azərbaycan biblioqrafiyasının canlı salnaməsi"
adlı kitabda öz əksini tapmışdır. O,
həmişə xalqa sədaqətlə, ləyaqətlə,
əsl vətəndaş kimi xidmət göstərmiş
gözəl insan nümunəsi yaratmışdır.
Akademik Bəkir
Nəbiyev Zöhrab müəllim haqqında demişdir:
"Ömrünü kitaba həsr etmək hər bir alim
və müəllim üçün şərəfdir. Lakin
bir alim bütün şüurlu fəaliyyətini elm və
bilik mənbəyi olan kitabın özünün, zəngin
biliklər səltənəti kitabxananın, kitabxanaşünaslıq
elminin, nəhayət dünyadakı peşələrin ən
şərəflilərindən olan biblioqrafiyanın
təcrübəsinə, elmi problemlərinə, bütün
bunların yüksək səviyyədə tədrisinə
həsr edirsə, bu, artıq həmin alim üçün
şərəflidir... Böyük iftixar duyğusu ilə
etiraf edirəm ki, bu sahədə yarım əsrin
hüdudlarını aşan fəaliyyətin səni təkcə
çalışdığın sahənin yox,
bütövlükdə Azərbaycan mədəniyyətinin
görkəmli xadimləri cərgəsinə
qaldırmışdır. Bu səviyyəni sən Allahın
böyük səxavətlə verdiyi yüksək fərdi
keyfiyyətlərin əsasında öz istedadın,
zəhmətsevərliyin, cəfakeşliyin,
təvazökarlığın sayəsində əldə
etmisən. İkimizin də dostlarımızın
xətrinə dəyməz, desəm ki, sən bizim
sıralarımızda ən təvazökar qardaşımız
kimi həmişə xüsusi statusa malik olmusan".
Əqidəsinə, andına sadiq, məsləki nurlu insan, sadə, tərifdən uzaq, şərəf və ləyaqəti ilə nəsillərə örnək olan səmimi, qayğıkeş, mehriban, daim yaxşılıq edən, nəcib bir insan, əsl vətəndaş, müdrik bir ziyalı Zöhrab Hüseyn oğlu Əliyev ömrünün 55 ilini kitabxanaçılıq-biblioqrafiya sahəsinə, onun inkişafına sərf etmişdir. O, ömür-gün yoldaşı Elmira xanım, ləyaqətli övladları Kamran müəllim və Esmira xanım və dörd nəvəsi ilə birlikdə xoşbəxt günlərini paylaşır. Biz Zöhrab müəllimə elmi yaradıcılığında yeni-yeni uğurlar arzulayırıq.
Respublika.- 2008.- 6 aprel.- S. 5.