Mükərrəmoğlu M.
Azərbaycan regionun
informasiya mərkəzinə
çevrilmək potensialına
malikdir
Bu sözlər
ABŞ-ın “Cisco” şirkətinin Rusiya və MDB
ölkələri üzrə vitse-prezidenti Skot Blaklinə
məxsusdur. O, bu yaxınlarda verdiyi müsahibələrin
birində demişdir.
– Azərbaycanın rabitə və informasiya texnologiyaları
naziri Əli Abbasovla yüksək texnologiyalar parkının
yaradılmasında iştirakımız barədə
müzakirələr aparırıq. Bundan əvvəl Azərbaycanda
gördüyümüz işlərin xronologiyasına
baxsanız, birmənalı olaraq yeni layihədə iştirak
etmək istədiyimizi görə bilərsiniz. İnformasiya
texnologiyaları sahəsində Azərbaycanda
şirkətimizin 14 belə akademiyası fəaliyyət
göstərir. Sonuncu təlim mərkəzimizi
Naxçıvanda açdıq. Bu akademiyalarda informasiya
şəbəkələri üzrə dizayn və
idarəetmə bacarığı olan gənc
mütəxəssisləri öyrədirik. Biz gənc
mütəxəssislərin hazırlığı və
bütün ölkəni onlarla təmin etməyin
əhəmiyyətini aydın başa düşürük.
İndi bütün bunlar göstərir ki, Azərbaycanın
regionların informasiya mərkəzinə çevrilmək
şansı vardır. Bu perspektivə Prezident İlham
Əliyev də dəfələrlə işarə edib.
Ölkənin son inkişaf göstəriciləri də
hadisələrin məhz bu məcrada inkişaf
edəcəyinə dəlalət edir. Biz görürük ki,
Azərbaycan Prezidenti Yaxın Şərq, Fars körfəzi
və digər regionların ölkələri ilə aktiv
işləyir. Bu, dünyəvi müsəlman ölkəsi
üçün çox böyük nailiyyətdir. Prezident
İlham Əliyev Avropa İttifaqı ölkələri,
Türkiyə, İordaniya ilə də yaxşı
münasibətlər qurub və ölkənin artan
imkanları bunu gözəl büruzə verir. “Cisco” qeyd olunan
prosesdə iştirakından qürur duyur. Bizim
planlarımız ölkə hökumətinin dəstəyindən
asılı olacaq. Dövlət başçısı ilə
söhbətdən bilirik ki, hökumətin birinci
məqsədi Azərbaycan cəmiyyəti, hökuməti,
biznesi, təhsilini, səhiyyəsini, təhlükəsizliyini
və s. sahələri birləşdirən
şəbəkə yaratmaqdır. Hələ ki,
texnoparkın konkret detalları ilə bağlı
hökumətlə danışıqlar aparmamışıq.
Biz Azərbaycanın öz milli şəbəkəsini
hansı istiqamətdə inkişaf etdirəcəyini
bilmək istəyirik. ”Cisco” bütün layihələrə
dəstək verməyə hazırdır. Lakin öz
fəaliyyətimizi hökumətin inkişaf planlarına
uyğun qurmaq istəyirik.
Demək istəmirəm ki, qonşu dövlətlərdə
inkişaf azdır, amma regionun digər ölkələri
ilə müqayisədə Azərbaycanın bir çox
üstünlükləri var. Azərbaycanda sovet dövründən
miras qalmış yüksək təhsilli insan resursları
və beynəlxalq aləmlə yaxşı
əlaqələr qurmuş rəhbərliyiniz var.
Müqayisə etsəniz görərsiniz ki, 3 il bundan
əvvəl Qərb və ABŞ-la münasibətlər
indiki səviyyədə olmayıb. Liderlərinizin Yaxın
Şərq, Türkiyə, Aralıq dənizi ölkələrinə
uğurlu səfərləri olub. Lakin yenə də XXI
əsrin bilik iqtisadiyyatı üçün treninq
keçməlisiniz. “Cisco”nun isə bu işdə rolu odur ki,
Azərbaycan iqtisadiyyatı üçün müasir
dövrün tələblərinə cavab verən bilikli
mütəxəssislər hazırlasın. Görülməli
işlər çoxdur və Azərbaycan hökuməti
müasir şəbəkələrin gətirəcəyi
üstünlüklərlə bağlı qərar
verməlidir. Prezident İlham Əliyev öz dostları
Şeyx Məhəmməd, Kral Abdulla və s.
həmkarlarının gördüyü işlər
barədə xəbərdardır. O, bilir ki, eyni addımları
atmaq üçün
onda tam potensial var. Bəli, ölkənizdə
risklər var və mən onları kiçiltmək
istəmirəm. Azərbaycanı əhatə edən inkişaf parametrlərinə
baxdıqda hər bir insan ruhlanır.
Xalq qəzeti.- 2008.- 3 aprel.- S. 6.