Azərbaycan Respublikasının Göygöl Milli Parkının
yaradılması haqqında
Azərbaycan
Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan
Respublikasının xüsusi mühafizə olunan təbiət
əraziləri şəbəkəsinin genişləndirilməsi,
biomüxtəlifliyin qorunub saxlanılması, təbii
resursların səmərəli istifadə edilməsi,
ekoturizmin inkişaf etdirilməsi və respublikanın təbii
irsinin geniş miqyasda təbliğ olunması məqsədi
ilə qərara alıram:
1. Göygöl
dövlət qoruğunun və Azərbaycan
Respublikasının Xanlar, Daşkəsən və Goranboy
rayonları inzibati ərazilərinin əlavə olunan
xəritədə göstərilmiş 12755 hektarlıq
sahəsində Azərbaycan Respublikasının Göygöl
Milli Parkı yaradılsın.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etsin.
3. Bu sərəncam imzalandığı gündən qüvvəyə minir.
İlham Əliyev, Azərbaycan
Respublikasının Prezidenti
Bakı
şəhəri, 1 aprel 2008-ci il
Azərbaycan.- 2008.- 2 aprel.- S. 1.