İsmayıl
Ömərov türk mədəniyyətinə xidmətə
görə mükafatı aldı
Məlum
olduğu kimi, Türkiyənin “Kanal 7" televiziyası və
dünyanın 20-dən çox ölkəsində yayılan
”Först Biznes" (“First business”) beynəlxalq analitik
jurnalının birgə təsis etdiyi
“Zirvədəkilər-2007" mükafatı qaliblərə
təqdim olunub. İctimai Televiziya və
Radio Yayımları Şirkətinin Baş direktoru İsmayıl Ömərov da qaliblər sırasındadır. Baş
direktor uğurlu fəaliyyətinə görə
”Türk dünyasına
və türk mədəniyyətinə xidmət"
mükafatına layiq görülüb. Mükafatı
İ.Ömərova Türkiyənin
ədliyyə naziri Mehmet Əli Şahin təqdim edib.
Laureatlar arasında Türkiyə prezidenti Abdulla Gül, Türkiyənin ədliyyə
naziri Mehmet Əli Şahin, Türkiyə Radio Televiziya Üst Qurumunun rəhbəri Zahid Akman, Azərbaycanın
Rumıniyadakı səfiri
Eldar Həsənov da var.
Aprelin 19-da İstanbulda
“Ceylan İntercontinental”
da keçirilən təntənəli mərasimdə
“Först Biznes” jurnalının baş redaktoru Seyfulla Türksoy deyib ki, çox dəqiq dəyərləndirmədən
sonra “Zirvədəkilər
2007"in laureatları
seçilib. Sorğu Türkiyədə televiziya
tamaşaçıları, QHT nümayəndələri, siyasətçilər
və sahibkarlar arasında keçirilib.
“Zirvədəkilər
2007" mükafatının təqdimetmə mərasiminə
Rusiya, Qazağıstan,
Azərbaycan, Almaniya, Hollandiya, Qırğızıstan,
Rumıniya, Moldova, Türkmənistan, Gürcüstan,
Ukrayna kimi ölkələrdən 500-ə
yaxın dövlət
adamı, iş adamı, millət vəkili, diplomat və sənətçilər
qatılıb.
Qeyd edək ki, “Zirvədəkilər” mükafatı
bundan əvvəl Azərbaycan prezidenti İlham Əliyev, Türkiyənin baş nazir Rəcəb Tayyib Ərdoğan, Türkiyənin keçmiş
xarici işlər naziri İsmayıl Cem, Azərbaycanın fövqəladə hallar naziri Kəmaləddin Heydərova da verilib.
Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin müəllimi,
televiziya mütəxəssisi
Zeynal Məmmədli İTV-nin fəaliyyətinə
yaxından bələd
olmadığını, nadir
hallarda telekanalın proqramlarını izlədiyini
dedi. Amma müsahibimiz mükafatı
verən “Kanal 7"nin heç də diqqəti cəlb edənlər sırasında olmadığını
söylədi: ”Bu kanal Türkiyənin reklam bazarından da çox az
qazanır. Mən bununla heç də həmin kanalla bağlı mənfi münasibət aşılamaq istəmirəm.
Sadəcə, onun nüfuz dairəsi ilə bağlı sizi məlumatlandırmaq istəyirəm".
Z.Məmmədli Türkiyədəki
bir çox televiziyaların bu “mükafatdağıtma” mərasimlərinə
çox ciddi yanaşmadığını söylədi.
Onun sözlərinə görə,
mükafatın hökumət
nümayəndəsi tərəfindən
verilməsi də onun nüfuzuna kölgə salır: “Özünə müstəqil
deyən bir qrup mükafatını öz hökumətindəki
nazirin təqdim etməsini istəyirsə,
deməli, bu qurum hökumətdən asılı olmağı lazım bilir və asılı
olmaqla da iqtisadi problemlərini həll edir. Belə bir qurum
müstəqil qavrana bilməz. Halbuki jurnalistika hökumətdən
bəlli məsafədə
dayanmalıdır. Bir
televiziya üçün
üst saydığı
varlıq adi seyrçiləridir. Əgər
kanal mükafatçılar
cərgəsini hökumət
adamlarından və onlara birbaşa yaxın adamlardan müəyyənləşdirirsə, bu, onların çəkisi olmadığını
göstərir”.
Müsahibimiz onu da qeyd etdi
ki, mükafatçılar
arasında Türkiyənin
Radio Televizyon Üst Kurumu(bizdəki Milli Teleradio Şurası kimi) rəhbərinə verilməsi də kanalın bu yolla öz problemlərini
həll etmək istədiyini göstərir:
“Belə bir təəssürat yaranır
ki, onlar bu mükafatı verməklə ”RTÜK məni
cəzalandırmasın" arzusunu ifadə edir. O sədrin, eləcə də o kanalın hansı hörməti olacaqdı?"
Z.Məmmədlinin sözlərinə
görə, həmin kanalın İ.Ömərova
mükafat verməsi də parodiyalara yol açacaq. Müsahibimiz bildirdi ki, hökumətlə bu cür münasibət
quruan “Kanal 7" kimi telekanallar asılı və satılmağa hazır olan ünvanı qazanıblar.
Müsavat.- 2008.- 22 aprel.- S. 3.