Cavadov S.

 

Pir Hüseyn xanəgahı

 

Bərpa olunan tarixi abidələrimiz

 

Hacıqabul rayonu ərazisindəki Pir Hüseyn xanəgahı neçə illər idi ki, təmir olunurdu. Lakin işlər çox ləng gedirdi. Bu da maliyyə vəsaitinin azlığı ilə əlaqədar idi. Ölkəmizin iqtisadi imkanlarının artması genişmiqyaslı tikinti-quruculuq, abadlıq işlərinin aparılmasına şərait yaratdı. Əsrlərin şahidi olan, xalqımızın keçmişini özündə yaşadan tarixi abidələrimiz unudulmadı.

Prezident İlham Əliyev rnuzeylərin, qədim abidələrimizin əsaslı şəkildə təmir olunması ilə əlaqədar xüsusi sərəncam imzaladı. Elə həmin vaxtdan da Pir Hüseyn xanəgahında işlər sürətləndirildi. Mədəniyyət və Turizm Nazirliyinin müvafiq idarəsi burada aparılan işləri nəzarətə götürdü.

Abidəyə yeni həyat verən bərpaçılar işi başa çatdırdıqdan sonra keçən ilin sonlarına yaxın onun açılışı oldu. Mədəniyyət və Turizm Nazirliyinin, Hacıqabul Rayon icra Hakimiyyəti rəhbərliyinin, rayondan seçilmiş millət vəkillərinin, habelə ictimaiyyətin nümayəndələri həmin mərasimdə iştirak etdilər. Onu da qeyd edək ki, digər tarixi abidələrimiz kimi, Pir Hüseyn xanəgahı da bir tərəfdən zaman-zaman təbii fəlakətlərin - zəlzələlərin, sellərin, tufanların, digər tərəfdən isə talanların, hiyləgər xisləti ilə qəlbimizə yol tapan, lakin yeri gəldikcə ayağımızın altını qazan erməni "usta"larının amansızlıqlarına, xəyanətinə məruz qalmışdır.

Fiziki və mənəvi aşınmalara dözə-dözə, tab gətirə-gətirə əsrləri adlayıb bu günümüzə gəlib çıxan Pir Hüseyn xanəgahı özündə şanlı bir tarix yaşadır.

Yazılı mənbələrdən belə məlum olur ki, XI əsrdə şahrah yolla gedən görkəmli alim - Azərbaycanda elmi -fəlsəfi fikrin, islam fəlsəfi düşüncəsinin formalaşmasında mühüm rolu olan Pir Hüseyn Şirvaninin Pirsaat çayı  sahilində vəfat etməsi bu yeri daha da məşhurlaşdırmışdır. Onun müqəddəs məzarı üzərində sənduqə qoyulmuş, daha sonra isə türbə tikilmişdir.

Tarixi mənbələrdən və Xanəgahdakı Şərq baş tağından düşmüş 6 parçadan ibarət olan ərəbcə kitabədən görünür ki, bina Şirvanşah Fəribürz ibn Gərşasp dövründə Böyük Səd Həsən ibn Məmmədin vəsaiti və əmri ilə 1243-1244-cü illərdə inşa edilmişdir. 1256-cı ildə isə Mahmud ibn Maqsud tərəfindən minarə ucaldılmışdır. Pir Hüseynin sənduqəsi üzərində də kitabələr həkk olunmuşdur.

İran tarixçisi Vəssafın verdiyi məlumata görə, xanəgahın təsərrüfatı, kitabxanası, külli miqdarda sərvəti, o cümlədən qızıl külçələri olmuşdur. Lakin bu mal-mülk dəfələrlə qarət edilmişdir.

Məlumdur ki, istər çar Rusiyası və istərsə də sovet dövründə ermənilər özlərini bilikli mütəxəssis, bacarıqlı sənətkar kimi göstərərək ən mühüm sahələrdə çalışmışlar. Biz də olub-keçənləri yaddaşımızdan silib atmış, sanki heç nə olmayıbmış kimi, çox vaxt taleyüklü məsələlərimizi onlara etibar etmişik. Lakin ermənilər öz xislətlərinə sadiq qalaraq məkrli niyyətlərini ustalıqla davam etdirmişlər. Yaxın keçmişimizdə mədəniyyət məbədlərinin bərpası və təmirində, habelə onların usta işlədikləri yeni tikililərdə böyük hiyləgərliklə işlətdikləri erməni ornamentlərinin aşkarlanmasını yadımızdan çıxarmamalıyıq. Belə bir xəyanət təcavüz Pir Hüseyn xanəgahından da yan keçməmişdir. Hələ 1907-ci ildə xanəgahda Qafqaz Elmi Cəmiyyətinin katibi Ter-Avetisyanın başçılığı ilə guya "tədqiqat" işləri aparılarkən çox qiymətli, nadir kaşı bəzəkləri oğurlanmışdır. Məlum 1918-ci il hadisələri zamanı Şamaxıdan kənarda yerləşən bu abidə də erməni vəhşiliyinə, talançılığına məruz qalmışdır.

Pir Hüseyn xanəgahına məxsus olan al-əlvan naxışlı kaşılar bu gün dünya muzeylərinin sərgilərini bəzəyir, Sankt-Peterburq Ermitajında, Gürcüstan Dövlət Muzeyində, Moskva Şərq Muzeyində, Avropanın Luvr və digər muzeylərdə nümayiş etdirilir.

Xanəgahın daş kitabələrinin bir hissəsi isə bu gün Bakı muzeylərində saxlanılır. Bu kitabələrin hər biri xanəgahın möhtəşəmliyi haqqında şəhadət verən tarixi salnamədir. Xanəgah kompleksinə orta əsr Şirvan - Abşeron memarlığının ən nadir əsərlərindən sayılan türbə, məscid, karvansara və digər tikililər daxildir. Vaxtilə Sultan Məhəmməd Özbəyin, Elxan hökmdarlarından Əbu Səidin, Səfəvi şahı Məhəmməd Xudavəndənin (Şah Abbasın atası) və bir çox Şirvan şahlarının ziyarət etdiyi xanəgah sonradan on minlərlə insanın inam yerinə çevrilmişdir. Onlar dara düşəndə, hansısa dərdə mübtəla olanda el içində müqəddəs ocaq kimi tanınan bu məbədə gəlib Allahdan kömək diləyir, sonra isə burada qurban kəsib, nəzir verirlər. Deyilənlərə görə, inamla, ümidlə buraya gələnlər heç vaxt əlacsız, çarəsiz geri qaytmayıb, düçar olduqları çətinliklərdən və bəlalardan çıxa biliblər.

Abidəni Hacıqabul, Kürdəmir, Salyan, Şamaxı, Qobustan rayonlarının, qonşu Əli Bayramlı şəhərinin məktəbliləri də qrup şəklində tez-tez ziyarət edir, onun tarixini öyrənirlər. İndi isə ölkəmizin Şirvan, Muğan, Qərb, Cənub bölgələrinə səfər edən əcnəbi turistlər Pir Hüseyn xanəgahına getmək, çoxəsrlik tarixə malik bu abidəni ziyarət etmək imkanına malikdirlər.

 

Azərbaycan.- 2008.- 2 aprel.- S. 8.