Əsədov B.
Yeddi yox, yetmiş arxa dönənimiz İrəvan
torpağının altında uyuyur
Cəlil
Məmmədquluzadə yana-yana yazırdı: "Gəlin
biz də bir dəfə oturaq və keçə
papaqlarımızı ortalığa qoyub bir
fikirləşək - haradır bizim Vətənimiz?"
Ərəb tarixçisi Əbu Cəfər
Məhəmməd ibn Cəfər ət-Təbərinin
sözlərinə istinad etsək "Həmədan
həddinin ibtidasından ta Zəncana və
Əhbərə və axırı Dərbənd -
Xəzərə çıxınca - buna Azərbaycan
deyilir". Azərbaycanın bir hissəsi də
mərkəzi İrəvan şəhəri olan
Ermənistandadır. Burada tarixən azərbaycanlılar -
Oğuz türkləri yaşayıblar. XIX əsrin
əvvəllərində doğma torpaqlarımıza yadlar
doluşub, onu əlimizdən zor-güclə alıb
ermənilərə veriblər.
Soykökümüz
Filologiya elmləri doktoru, əməkdar elm xadimi, professor,
mərhum Mirəli Seyidov İrəvanda doğulmuş,
təhsil almışdı. Sonra böyük elm yoluna
çıxdı, ömrünü soyumuzun beşik yurdunu
axtarmağa həsr etdi. Bu, təsadüfi
deyildi. Əlində atasından-İrəvanın nüfuzlu
bəylərbəyi Mir Ələkbər Ağadan və
əmisindən - üləma din xadimi Mir Abbas Ağadan yadigar
qalmış əski kitablar vardı. Evlərində
ədəbi, elmi məclislərə yığışan
ziyalılarla onların söhbətlərini xatırlayırdı.
- Yeddi yox, yetmiş arxa dönənimiz İrəvan
torpağının altında uyuyur, - deyərdilər. - Bunu
öyrənən, üzə çıxaran, aləmə
bildirən oğul gərəkdir.
Nə bilərdilər ki, taleyin qismətindən bu oğul
elə Mirəli olacaq və onların niyyətlərini
yerinə yetirmək naminə o, nə qədər
əzab-əziyyətlə üzləşəcək. Amma
yolundan dönməyəcək, əyilməyəcək,
sınmayacaq, bütün təzyiqlərə baxmayaraq
Azərbaycan xalqının soykökünü tapmağa
çalışacaq.
Görkəmli alim 1989-cu ildə nəşr
etdirdiyi, uzun elmi axtarışlarının yekunu olan
"Azərbaycan xalqının soykökünü
düşünərkən" adlı kitabında
Qafqazın və Azərbaycanın türk xalqlarının
ilk beşiklərindən biri olduğunu təsdiqləyir.
M.Seyidov eradan qabaq və eranın ilk
yüzilliklərində Qafqazda və Azərbaycanda
yaşamış qəbilələrin
öyrənilməsindən bu qənaətə gəlir ki, o
çağlar etnik üstünlük türk
qəbiləbirləşmələrində olub:
"Əgər Azərbaycanda eradan qabaq və eranın ilk
yüzilliklərində yaşayan
qəbiləbirləşmələrinin soy-etnik
xəritəsi tərtib edilərsə, həmin torpaqda
Azərbaycan xalqının soykökündə duran
Qaşqaylar, Saqlar, Arsaqlar, Buntürklər, Varsaqlar,
Basillər, Bulğarlar, Şiraqlar/Siraqlar, Hunlar,
Xeylantürklər, Xəzərlər və başqa
türkdillilər başlıca, böyük yer tutar.
Bəllidir ki, bu qəbiləbirləşmələrinin bir
çoxu qonşu ölkələrdə də
yaşayıblar. Adları çəkilən
qəbiləbirləşmələri təkcə
Azərbaycanda deyil, Qafqazın ictimai-mədəni həyatında
da böyük rol oynamış, ərazinin
müdafiəsində iştirak etmiş, vuruş
cəbhələrində misilsiz igidliklər
göstərmişlər. Türkdilli, o
sıradan Azərbaycandilli
qəbiləbirləşmələri silsilələrinin
sıxlaşması Azərbaycan xalqının
biçimlənməsinin - formalaşmasının gedişini
sürətləndirirdi. Çünki onlar birləşir,
qaynayıb-qarışır və başqalarını da
öz içərilərinə alırdılar".
Beləliklə, M.Seyidova görə eradan qabaq türk
soyları Çin Türküstanından tutmuş Qara
dənizədək bir ərazidə yaşamış və
zaman keçdikcə çoxalmış, sıxlaşmış,
dövlətlər yaranmışdır. Bu proses hərdən
dinc şəraitdə, hərdən isə
mübarizələr şəraitində Qafqazda, o sıradan
Azərbaycanda da getmişdir. Türk, Azərbaycandilli
qəbiləbirləşmələri silsilələri eradan
azı-azı on altı əsr əvvəl bu ölkənin
sakinləri olmuşlar. Qaynaqlar eradan qabaq XVI yüzillikdə
Qaşqayların Azərbaycanda, eradan qabaq VI yüzillikdə
və ondan öncə türkdilli Saqların Qafqazda
yaşamaları haqqında bilgi verir, M.Seyidovun qənaətini
bir daha möhkəmlədirlər. Eradan qabaq Azərbaycanda
başlıca türkdilli
qəbiləbirləşmələri
məskunlaşmış, eranın ilk
yüzilliklərində Xəzərlərin, Varsaqların,
Oğuzların və başqalarının hesabına onlar
daha da çoxalmışlar. Bu çağlarda, yəni
eramızın beş-altıncı yüzilliklərindən
tutmuş ta XII yüzilliyinə qədər Azərbaycanda
əsasən Azərbaycandilli qəbilələr
yaşamış, türkdilli
qəbiləbirləşmələrinin dilləri
qaynayıb-qarışmışdır.
Azərbaycan xalqının soykökündə duran
güclü qəbilələrdən biri Bulğarlardır.
Bu böyük, adlı-sanlı qəbilənin eramızdan
qabaq nəinki Azərbaycanda, hətta Ermənistanda da
yaşaması barədə bilgi vardır. V yüzilliyin
erməni tarixçisi Movses Xorenasi eradan əvvəl 138-ci
ildə hakim olmuş Vağarşaqdan danışarkən
türkdilli Bulğar qəbiləsini də anır:
"Eköç səbəbilə Bulğar Vğndur Vund bu
yerlərdə (Yuxarı Basyanda) yurd saldı, Vanand onun adı
ilə adlandı və bu günə kimi (yaxın)
kəndlər onun qardaşının və soyunun
adını daşıyır". M.Xorenasi eramızdan qabaq
110-cu ildə hakimiyyət sürmüş I Arşaqdan
söhbət açarkən də yenə Bulğarları
xatırlayır: "O zaman Qafqazın
böyük dağlarının ətəklərindəki
Bulğarların ölkəsində
düşmənçilik (küsülülük)
başladı və onların çoxu oradan bizim
ölkəyə gəldilər və Qoğdan
aşağıdakı bərəkətli yerlərdə uzun
müddətli yurd saldılar".
M.Seyidov erməni tarixçisinin bu qısa bilgisi ilə
bağlı yazır: "Onun dediyinə
görə yeni eradan çox-çox qabaqlar Ermənistanda
Bulğar türkdillilər yaşamış, güclü
və çox olduqlarından yaşadıqları
yerlərə öz adlarını vermişlərE Qafqaz
dağlarının ətəklərində Bulğarların
doğma yurdu varmış. İndi də həmin torpaqlarda
türkdilli Bulğarlar yaşayırlar.
Görünür, eradan qabaq Bulğar
qəbiləbirləşmələri Qafqazda,
Azərbaycanın Qafqaz dağlarına yaxın
yerlərində yaşamış, qəbilələr, soylar
arasındakı vuruşmalardan sonra M.Xorenasinin dediyi
yerlərdə də yurd salmışlar. Bulğar türkdilli
qəbiləbirləşmələri indiki İrəvan
yaxınlığındakı Qoğdan
aşağıdakı düzənlikdə də
yerləşmişdilər".
Qoğ İrəvan yaxınlığında
yaşayış məntəqəsi, türkdilli
Bulğarların doğma yurdu olub. Qoğdan
aşağıdakı düzənlikdə - Zəngibasar,
Qəmərli rayonlarında və digər rayonlarda
ötən əsrin axırlarına qədər
azərbaycanlılar yaşayıblar. Onların
soykökündə başqa türkdilli
qəbilələrlə birgə Bulğarlar da iştirak
ediblər.
Qalalarımız
İrəvan qalasının işğalında rus ordusuna
komandanlıq etmiş general İvan Paskeviçə bu
qələbəyə görə "Qraf Erivanski"
rütbəsi verilmiş və qalanın tutulması
Sankt-Peterburq şəhərində imperatorun iştirakı
ilə qeyd olunmuşdu.
Bu, nə qala idi belə, necə qala idi ki, işğalı
rus generalına Erivanski rütbəsi qazandırmış
və imperatoru sevindirmişdi.
İrəvanda general İvan Paskeviçin abidəsi
ucalır. "Qolos Armenii" qəzetinin
yazdığına görə, fevralın 10-da abidənin
önündə Türkmənçay müqaviləsinin
(məhz bu müqavilə sayəsində Rusiya erməniləri
Türkiyədən və İrandan Cənubi Qafqaza
köçürmüş, torpaqlarımızı onlara
peşkəş etmişdir - B.Ə.) 180-ci ildönümü
şərəfinə təntənəli tədbir
keçirilib. Daha maraqlısı budur ki, həmin
ərəfədə İrəvan tarixi muzeyinin fondları
Paskeviçlərin ata-baba mülkündən-Belarusun Qomel şəhərindən
gətirilmiş otuz tarixi sənədin fotosurətləri
ilə zənginləşib. Bunların arasında
məşhur müqavilənin imzalanmasını əks
etdirən və Paskeviçlərin üzərində
İrəvan qalası həkk olunmuş soyad
bayrağının təsviri olan iki sənədin
fotosurəti də var. Lakin sülh
müqaviləsinin əslinin yerini nə Qomelin, nə də
İrəvanın muzey əməkdaşları bilmirlər,
daha doğrusu, özləri onu yoxa çıxarıblar.
Çünki müqavilədə söhbət uydurma
Şərqi Ermənistandan yox, Rusiyanın himayəsi
altına keçən İrəvan və Naxçıvan
xanlıqlarından gedir, İrəvan sərdarı
Hüseyn xanın, onun qardaşı Həsən xanın
və Naxçıvan hökmdarı Kərim xanın
adları çəkilir.
Qədim tarixə malik İrəvan qalası Zəngi
çayının sağ tərəfindəki sərt
sahildə yerləşən hündürlükdə kvadrat
formasında tikilmişdi. Yalnız Zəngi
çayının sahili boyu salınmış qərb
divarı qövsvari formadaydı. Bayırdan tikilən divar
beş sajen hündürlüyündəydi və on yeddi
bürclü idi. Qalanın iki böyük darvazası
vardı - Təbriz və Şirvan darvazaları. Biri
şimala, digəri cənuba açılırdı. Qalaya
gedən su xəttini sonralar ruslar
dağıtmışdılar.
Fransız səyyahı J.Şardon İrəvan qalasında
olmuş, onu müstəqil şəhər kimi təsvir
etmişdir. Bu şəhərcikdəki 800 evin hamısında
azərbaycanlılar yaşayırdılar. Ermənilər bura
yalnız ticarətə gəlirdilər.
Qala daxilində şəhər Şərq üslubunda
tikilmişdi. Küçələr xeyli dar, evlərin
divarları hündür idi. Rusların qala üzərinə
son hücumunda keçmiş dekabrist E.Laçinov da
iştirak etmişdi. Onun yazdığına görə, qala
daxilində iki məscid olub, amma dörd məscid olduğunu
deyənlər də var. Ən qədim məscid 1510-cu
ildə Şah İsmayıl Xətainin göstərişi
ilə inşa edilmişdi. Cümə məscidinin
əsasını isə Şah Abbas qoymuşdu. Bu
məsciddə mədrəsə, kitabxana və qonaq
otaqları fəaliyyət göstərirdi.
Qalanın daxilində ən möhtəşəm tikili
Sərdar sarayı idi. Xanlığın
dəftərxanası və hərəmxanası burada
yerləşirdi. Əsası elə qala tikildiyi vaxtdan
qoyulmuşdu. Sonradan gözəl bir memarlıq abidəsinə
çevrilmişdi. XVIII əsrin axırlarında
Hüseynəli xan və onun oğlu Məhəmməd xan
dövründə memar Mirzə Cəfər sarayda yeni tikinti
işləri aparmış, onu daha baxımlı etmişdi.
Otaqlar sonsuz zövq və ustalıqla bəzədilmişdi,
nəfis şəkildə işlənmiş
portretlərlə zəngin idi. Yenə dekabrist E.Laçinovun
şəhadətinə görə, Azərbaycan
memarlığının incilərindən olan bu sarayı
ermənilər dağıtmışlar.
Sərdar sarayı qalanın Zəngi
çayı ilə sərhəd sahilində
ucaldılmışdı. Çayın o biri sahilində
isə Sərdar bağı salınmışdı. Bağda
istirahət üçün eyvan və otaqlar vardı.
İrəvanın sonuncu mühasirəsi zamanı
qoşunların hərəkətini yaxşı
müşahidə etmək üçün ağacların
bir hissəsi qırılmışdı. Lakin bu da
kömək etməmiş, qala işğal olunmuşdu.
İrəvan xanlığının ərazisində ikinci
böyük müdafiə qalası Sərdarabad qalası idi. XIX əsrin əvvəllərində İrəvan
sərdarı Hüseynqulu xanın göstərişi ilə
tikilmiş və onun şərəfinə Sərdarabad
qalası adlandırılmışdı.
Sərdarabad qalası İran və Türkiyə ilə
sərhədin yaxınlığında, Eçmiədzin
monastrından 25 verst aralı, Alagöz dağı
istiqamətindəki böyük düzənlikdə
yerləşirdi. Qalanın düzənlikdə tikilməsi
düşmən mühasirəsi zamanı ətrafı
yaxşı müşahidə etməyə imkan verirdi.
Qalanın qoşa divarlı olması müdafiə
qabiliyyətini artırırdı. Divarların
üstündə toplar qoyulmuşdu. Qalanın
müdafiəsində iki min nəfərlik qarnizon
dayanırdı.
Məktəblərimiz
İrəvanda ilk qəza məktəbini 172 il öncə,
1836-cı ildə Mirzə Molla Məhəmməd oğlu
yaradıb. 1881-ci ildə İrəvan quberniyasında
üç təhsil ocağı - İrəvan Gimnaziyası,
İrəvan Müəllimlər Seminariyası və Uluxanlı
kənd məktəbi açılmışdır. Bundan bir
il əvvəl İrəvanda ibtidai məktəb, iki il sonra
isə Böyük Vedidə yeni tipli məktəb
fəaliyyətə başlamışdır.
Qori Müəllimlər Seminariyasını bitirmiş
Cəlil Məmmədquluzadə ilk dərsini Uluxanlı
məktəbində demişdir. Firudin bəy
Köçərli 1885-ci ilin iyun ayında İrəvan
Gimnaziyasına Azərbaycan dili və şəriət
müəllimi təyin olunmuş, düz on il burada
çalışmışdır.
Əməkdar elm xadimi, yazıçı Əziz
Şərifin xatirələrindən bilirik ki,
azərbaycanlı uşaqlar gimnaziyaya daxil olmaq
üçün əvvəlcə hazırlıq
mərhələsindən keçməliydilər və bu
məqsədlə iki pansionun xidmətindən istifadə
edilirdi. Atası onu ikinci pansiona qoymuşdu. Həmin il Mustafa
bəy Topçubaşov və qardaşı Mehdi bəy
Topçubaşov da pansionda oxuyublar.
Müəllimlər Seminariyasının nəzdində
hazırlıq şöbəsi kimi ibtidai sinif fəaliyyət
göstərirdi. Burada azərbaycanlılar, ermənilər,
ruslar, gürcülər, ukraynalılar və digər
millətlərin nümayəndələri təhsil
alırdılar. Onlara riyaziyyat, həndəsə, astronomiya,
tarix, coğrafiya, rus dili, biologiya fənləri
öyrədilirdi.
Filologiya elmləri namizədi, İrəvan
tarixinin tədqiqatçısı Əsgər Zeynalov Firudin
bəy Köçərlinin İrəvanı "əhli
üləma və şüəra şəhəri" kimi
qiymətləndirdiyini vurğulayaraq yazır:
"İstər İrəvan Gimnaziyasında, istər
İrəvan Müəllimlər Seminariyasında təhsil o
dərəcədə yüksək idi ki, onların
məzunları Rusiyanın, eləcə də Avropanın
ən güclü ali məktəblərində lazımi
səviyyədə təhsillərini davam etdirə
bilirdilər. Məsələn, İrəvan
Gimnaziyasının və Müəllimlər
Seminariyasının məzunlarından dünya
şöhrətli alim, akademik Mustafa bəy Topçubaşov
Kiyev universitetində, gimnaziyanın sonuncu qızıl
medalçısı, görkəmli alim və ictimai xadim
Əziz Əliyev Peterburq Hərbi Akademiyasında, professor
Mehdixan Yerevanski, məşhur hüquqşünas
alim Miryusif Mirbabayev, ictimai xadim Maqsud Məmmədov Moskva
Universitetində, akademik Əhməd Rəcəbli
İtaliyanın Peruça şəhərində Ali Kral
Eksperimental Aqrar İnstitutunda, ziyalı ocağının
layiqli övladları Adil və Əslidar Muğanlinski
qardaşları Almaniyanın Leypsiq Universitetində
təhsillərini davam etdirmişdilər... Akademik Heydər Hüseynov, böyük
bəstəkarımız Səid Rüstəmov,
görkəmli elm xadimi və ictimai xadim Həsən Seyidov da
ilk təhsillərini İrəvan Gimnaziyasında
almışlar".
İrəvan Gimnaziyasının və Müəllimlər
Seminariyasının fəaliyyətinə 1919-cu ildə
ermənilər son qoydular.
Torpaqlarımız
İkinci Yekaterina ilə rus dövlət və hərbi xadimi,
diplomat Q.A.Potyomkin arasında belə bir söhbət
olmuşdu:
General-feldmarşal: - Ermənilərin vətəni olmaya-olmaya
onlar özlərinə paytaxt salırlar.
İmperatriça: - Eyb etməz, sonradan vətənləri
də olacaq.
İndi Azərbaycan torpaqları hesabına ermənilərin
vətənləri də var, paytaxtları da. Bəs
əzəli torpaqlarımız kimin ucbatından itirilib,
nəyə görə ermənilərə verilib?
1914-cü il yanvarın 26-da Konstantinopolda Rusiya ilə
Türkiyə arasında müqavilə imzalandı. Ancaq
Ermənistanda islahatlara dair bu müqavilə havadan
asılı qaldı. İyulun 19-da Birinci Dünya
müharibəsi başlandı. Ermənilər könüllü
silahlı dəstələr təşkil edərək Rusiya
ordusunun tərkibində və Anadolunun daxilində
Türkiyəyə qarşı döyüş meydanına
atıldılar. Baş komandan, Qafqaz canişini 1916-cı ilin
mayında erməni könüllü silahlı
dəstələrinin tərxis olunması haqqında əmr
verdi və əslində bununla da 1917-1920-ci illərdə
Azərbaycan türklərinə qarşı soyqırımın
başlanmasını elan etdi. Könüllü
silahlı dəstələrin çoxu rus ordusu
zabitlərinə tabe olmaqdan imtina edərək quldur
dəstələri kimi müsəlman kəndlərini
qarət etməyə, dinc əhaliyə divan tutmağa
başladı. Beləliklə, "erməni
məsələsi" Zaqafqaziyada cəmləşdi.
"Böyük Ermənistan"la bağlı bütün
ümidlərinin açıq-aydın puça
çıxmasına baxmayaraq daşnaklar burada davakar
millətçilik siyasəti yeritməkdə davam
edirdilər.
Erməni könüllü silahlı dəstələri
Türkiyə ərazisindən çıxmağa məcbur
olduqdan sonra Qars-Aleksandropol yolu ilə geri qayıtdılar.
Talin, Əşmərək, Qurdqulu, Uluxanlı
kəndlərini qarət edib müsəlmanları
qətlə yetirə-yetirə İrəvana çatdılar.
Başqa bir dəstə də Iqdır,
Kərimarx, Eçmiədzin və İrəvan yolu boyunca olan
müsəlman kəndlərini yerlə-yeksan edir, camaatı
qırır, evləri yandırır, sanki
Türkiyədəki məğlubiyyətin intiqamını
almaq istəyirdi.
İrəvandan sonra erməni silahlı könüllüləri Qəmərli, Vedibasar, Sədərək yolu
ilə Dərələyəzə doğru
irəlilədilər. İkinci istiqamət İrəvandan
Dərəçiçək, Nor Bəyazid, Basarkeçər,
Zəngəzur, Qarabağ yolu boyunca qatarlanmış
kəndlərə doğru yönəlmişdi. Təkcə 1917-ci ilin dekabrından 1918-ci ilin martınadək
erməni quldur dəstələri İrəvan
qəzasında 32, Eçmiədzin qəzasında 84, Nor
Bəyazid qəzasında 7 - cəmi 197 kəndi qarət edib
yandırmış və dağıtmışdılar.
On minlərlə əhali qılıncdan keçirilmiş
və ya doğma diyarından didərgin
salınmışdı.
İrəvan azərbaycanlılarına qarşı ən
qəddar dövr isə 1918-1920-ci illərdə daşnak
partiyasının hakimiyyəti vaxtında olub. Ermənilər
600 min soydaşımızı bir dəfəyə
qırıblar.
1918-ci il mayın 28-də erməni dövləti -Ararat
respublikası yaradıldı. Ermənilər siyasi
mərkəz kimi yeganə yararlı şəhər olan
İrəvanı özlərinə paytaxt etmək
istəyirdilər. İrəvan şəhər
müsəlmanlarının Milli Şurası Mir
Hidayət Seyidov, Bağır Rzayev, Nərimanbəy
Nərimanbəyov rəsmi qaydada etirazlarını
bildirdilər. Amma Azərbaycan Milli Şurasının
mayın 29-da keçirilmiş geniş iclasında Erməni
Milli Şurasının xahişinə əməl olundu.
Fətəli xan Xoyski elə həmin gün xarici işlər
naziri Məmmədhəsən Hacınskiyə yazırdı:
"Biz ermənilərlə bütün
məsələləri həll etdik. Onlar ultimatumu qəbul
edəcək və müharibəni qurtaracaqlar. Biz
İrəvanı ermənilərə güzəştə
getdik".
Beləcə, İrəvan əlimizdən çıxdı,
ermənilərə pay verildi. Bundan sonra oradakı
azərbaycanlıların vəziyyəti daha da
ağırlaşdı. İndi onlar öz torpaqlarında,
ancaq yad dövlətdə yaşayırdılar. Daşnaklar
özlərini şəhərin sahibi kimi aparır, yerli
əhalini gözümçıxdıya salır,
işdən uzaqlaşdırır, qovmaqla
hədələyirdilər.
Bu proses heç zaman səngiməyib, az və ya çox
dərəcədə müntəzəm davam edib. Atam
danışardı: "Ermənilər bizim nəslin
kökünü kəsiblər. Nə atam yadıma gəlir,
nə anam. Onlar mən körpə olanda, 1905-ci il
qırğınında məhv ediliblər. Nə
qardaşımın yerini bilirəm, nə də
bacılarımın. 1918-ci il
qarışıqlığında itirmişik bir-birimizi.
İrəvan Yerevan olduqdan sonra ermənilər lap qudurdular,
başımıza min oyun açır, kəndlərimizdən
çıxarır, qəbiristanlıqlarımızı
dağıdırdılar. Daha heç yanda
sözümüz keçmirdi, Moskvadan üzü bəri
hər yerdə erməniləri müdafiə edir,
azərbaycanlıları onların ayağına verirdilər.
Buna etirazını bildirənlər tədricən aradan
götürülürdü. Məni də artıq ora-bura
çağırmağa başlamışdılar. Boynuma
qoymaq istəyirdilər ki, sovet hökumətinin
əleyhinə işləyirəm, Moskvanın
ermənilərin tərəfini saxladığını,
onları azərbaycanlılara qarşı
qızışdırdığını iddia edirəm.
Doğrudur, belə bir söz demişdim. Amma
məsələni şişirtmiş, xüsusi dəstə
düzəldib qiyam hazırladığımı
uydurmuşdular. Odur ki, 1945-ci ildə, müharibə qurtaran
kimi sizi də götürüb qaçdım Azərbaycana.
Yoldaşlarım da İrəvanı - dədə-baba
yurdlarını tərk etməyə məcbur oldular. Eybi yox,
su axdığı yerdən bir də axar, biz
əl-əlbət İrəvana qayıdacağıq".
Azərbaycanlılar tarix boyu
düşmənçilikdən uzaq olublar, bütün
xalqlarla dostluğa can atıblar, heç vaxt özgə
torpaqlarına göz dikməyiblər, hər zaman vətən
eşqi, vətən sevgisi ilə yaşayıblar,
təcavüzkarlıq, qisasçılıq xislətimizə
yaddır. Lakin min-min şəhidimizin
müqəddəs ruhu, ana-bacılarımızın
ümmanlanmış göz yaşları, sönmüş
çıraqlarımız, tüstüsüz ocaqlarımız,
niskilli dağ-daşlarımızın
sızıltısı, çökmüş
məzarıstanlarımızın iniltisi bizi
ata-babalarımızın canından - qanından yoğrulmuş
torpaqlarımızın əğyar tapdağından azad
olunması uğrunda mübarizəyə səsləyir.
Azərbaycan.- 2008.- 13
aprel.- S. 4.