Hacıxalıl H.

Dini abidələrimiz və turizm

 

Artıq uzun illərdir turizmə dünya iqtisadiyyatının yüksək gəlirli və intensiv inkişaf edən sahələrdən biri kimi baxılır. Təsadüfi deyil ki, hazırda dünyada formalaşan ümummilli məhsulun 10 faizi turizmin payına düşür. Son statistikaya görə 2004-cü ildə turizm və səyahət sahəsində 73,7 milyon nəfər çalışıb ki, bu da ümumi işləyənlərin 2,8 faizini təşkil edir. Həmin dövrdə olan məlumatlara əsasən turizmlə sıx əlaqəli sahələrdə 214,7 milyon nəfər işlə təmin olunub. Ümumiyyətlə, turizm və onunla sıx əlaqəli olan sahələrdə dünya üzrə məşğul olan əhalinin 8,1 faizi çalışır. Proqnozlara görə isə bu göstərici 2014-cü ildə 8,6 faizə çatacaq.

Turizmin inkişafı sosial problemlərin həllində mühüm rol oynayır. Dünyanın bir çox ölkəsində turizmin hesabına yeni iş yerləri açılır, əhalinin yüksək həyat səviyyəsi təmin olunur, ölkənin tədiyə balansının vəziyyəti yaxşılaşır. Bir çox dünya ölkələrində turizm yoxsulluqla mübarizədə və əhalinin işlə təmin olunmasında əhəmiyyətli rola malikdir. Turizm fərqli dövlətlər və millətlər arasında harmoniya yaradır, tarixi-mədəni abidələrin qorunub saxlanılmasına, milli hakimiyyət orqanlarını, qeyri-hökumət təşkılatlarını və kommersiya strukturlarını ətraf mühitin qorunub mühafızə olunmasında iştiraka sövq edir. Bu gün Azərbaycanda turizmin bütün sahələrini inkişaf etdirmək mümkündür. Etnoqrafık turizm, ekoturizm, sağlamlıq turizmi, gəzinti turizmi və başqa turizm sahələri Azərbaycan iqtisadiyyatında yeni inkişaf sahəsi kimi mühüm yer tutan qeyri-neft sektoruna başçılıq edə bilər. Məsələn, 2005-ci ildə turizmdən 72,7 milyon ABŞ dolları əldə edilib. Lakin bu rəqəm 2002-ci ildə 51 milyon dollar idi. Turizmi inkişaf etmiş ölkələrlə müqayisə etdikdə görərik ki, qısa zaman kəsiyində Azərbaycanda turizmin inkişafında göstərilən səylər gələcək uğurlarından xəbər verir. Məsələn, qardaş Türkiyədə turizmin inkişafına 20-25 il vaxt sərf olunub və ötən il turizm Türkiyəyə 17 milyard dollar gətirib.

Hamımıza məlumdur ki, Azərbaycanda müxtəlif dinlərə aid dini və tarixi abidələr mövcuddur, bu dini tarixi abidələrin sayına görə Azərbaycan regionda liderdir. Hələ islamdan öncə dini mistik təsəvvürlərin özünü bir inancın simvolu kimi totemlərdə büruzə verməsi Azərbaycanda ilk dini dəyərlərin formalaşmasından xəbər verir. Azərbaycanın bir çox regionlarında, məsələn Qərbi Azərbaycanın Sisyan rayonunun Urud kəndində, Kalinino rayonunun (keçmiş adı Əbilkənd olub) İlməzli və Cücə kəndlərində tapılan qoç heykəlləri sübut edir ki, bu torpaqlar qədim insan məskənidir və qədim türklərin tarixi torpaqlarıdır. Bu gün də Alp və Tyan-Şan dağlarında şamanların sirri açılmamış, hələ öz elmi sübutunu tapmamış tenqriçiliyin, göytanrıçılığın ilkin əsaslarını özündə qoruyub saxlayan ilahi bağlantı, yerlə göy arasında rabitə yaradan dini ayinlərin sirli qalması onu sübut edir ki, hələ dünyada çox böyük möcüzələr var. Belə möcüzələrdən biri də qədim türk torpağı, Naxçıvanda yerləşən Əshabi-Kəhf mağarasıdır. Bu mağara Babək rayonu ərazisində Haça və Nəhəcir dağları arasında yerləşir. Əshabi-Kəhf ərəb dilində "mağara adamları" deməkdir. Eyni adlı yerin Kiçik Asiya və ya Fələstin ərazisində olması haqqında müsəlman və bir sıra ədəbiyyatlarda, o cümlədən Quranda məlumat var. Xristianlığın və atəşpərəstliyin izlərini qoruyub saxlayan abidələrimiz də ulu babalarımızın inancından xəbər verir. Məsələn, Suraxanı yolu üzərindəki Atəşgah Azərbaycanda zərdüştlikdən öncələrdə də oda inamın təcəssümüdür. Odun insanların həyatında bir xilaskar rolunu oynaması isə hamımıza məlumdur. Burada maraqlı bir məqam var. Qədim yunan mifologiyasında allahlar odu oğurlayıb insanlara verdiyinə görə Promoteyi Qaf dağında zəncirləyirlər. Sual meydana çıxır: niyə məhz Qaf dağı?

Əvvəla dağ ucalıq, əzəmət simvoludur və Azərbaycan da bir dağlıq ölkədir. Od enerji və həyat mənbəyidir. Bəlkə elə Promotey allahların tapşırığı ilə odu Qafdan oğurlayıb allahlara, yəni Qədim Yunanıstana aparıb və sonradan geri oğurlayıb onu yerinə qaytarıb. Promotey və Qaf arasında olan bağlılıq Yunanıstanla Azərbaycan arasında tarixi, mədəni, dini əlaqələrin göstəricisidir. Yunan və Roma mifoloji düşüncəsinin məhsulu olan Poseydonun əlində üç dişli nizə ilə Atəşgahın üzərindəki nizə arasında olan bağlılığın heç fərqinə varmısınızmı? Demək hələ araşdırmaya və təbliğata ehtiyac var. Nuh, Xızır və Cərcis peyğəmbərin Azərbaycanda yaşaması ilə bağlı tarixi faktlar özünü doğruldur. Totemizmi, Ellinizmi, Xristianlığı, Atəşpərəstliyi, İslamı özündə eks etdirən dini abidələrimizi dünyaya tanıtdırmaqla Azərbaycan haqqında dünyanın fikrini müsbət yönümdə dəyişə bilərik. Burada dini tolerantlığın olması isə Azərbaycanın insan hüquq və azadlıqlarına verdiyi dəyərin göstəricisidir. Gəlin unutmayaq ki, dünyanın və bütün türk dünyasının enerji mərkəzi Azərbaycandır.

 

525-ci qəzet.- 2008.- 9 aprel.- S. 4.