Hacıyeva E.

 

Abidələr tarixin sınağında

 

Azərbaycan xalqının tarix boyu yaratdığı mədəni sərvətlər içərisində memarlıq abidələri xüsusi yer tutur. Azərbaycan mədəniyyətinin əhəmiyyətli nümunələri olan bu abidələr mədəniyyət tarixiınizin öyrənilməsində mühüm mənbələrdən sayılır. Aparılmış arxeoloji qazıntılar nəticəsində əldə cdilən məlumatlar təsdiq edir ki, Azərbaycan ərazisində eramızdan əvvəl yaşamış insanlar maraqlı yaradıcılıq təfəkkürünə, obrazlı düşüncə tərzinə malik olmuşlar.

Azərbaycan ərazisində təbii mağaraların sayı çoxdur. Xüsusilə, Böyük və Kiçik Qafqaz dağlarının ətəklərində və Talış dağları ərazilərində Xanlar, Şamaxı, Gədəbəy, Kəlbəcər, Zəngilan və başqa rayonlarda, Naxçıvanda təsadüf olunan təbii mağaraların da hələ çox qədim zamanlarda ibtidai insanlar tərəfindən yaşayış məskəni kimi istifadə olunduğu təsdiqlənir.

Azərbaycan ərazisində süni mağaralar Böyük Qafqaz dağlarının cənub-şərq ətəklərində, Kiçik Qafqaz dağlarında, Füzuli rayonunda (Azıx mağarası), Qubadlı rayonunda Bərgüşad və Həkəri çaylarının vadilərində təsadüf olunmaqdadır.

Azərbaycan ərazisində təxminən e.ə.I minillikdən etibarən dövlətçilik formaları təşəkkül tapmağa başlayır və ilk dövlət hesab edilən Mannada digər sahələrlə yanaşı, mədəniyyət sahəsi, o cümlədən memarlıq sənəti də inkişaf mərhələsinə qədəm qoyur. Bu ərazidə məbəd və saray tikən, onlara naxış vuran ustalar vardı. Qonşuların Mannaya qarşı işğalçılıq siyasəti ölkədə müdafiə istehkamlarının və qala tipli şəhərlərin tikilməsini sürətləndirdi. Artıq e.ə IV-VII əsrlərdə Mannada xeyli qala tipli şəhərlər salınmış və istehkamlar tikilmişdi.

Midiya dövlətində daha çox yayılmış inşaat növü şəhərlər və qalalar idi.

Midiya dövlətindən sonra Azərbaycanda Atropaten və Albaniya dövlətləri olmuşdur. Bu dövrdə zərdüştlüyün geniş yayılması ilə əlaqədar olaraq memarlıqda daha çox məbədlər, atəşgahlar geniş yayılmışdı.

VII əsrdə Azərbaycan ərəb xəlifələrinin yaratdığı böyük dövlətin tərkibinə daxil edildi. Bununla da ölkədə islam dininin yayılması və hakim ideologiyaya çevrilməsi ilə bağlı Azərbaycan memarlığına təsir edən digər dlni ideologiyalara son qoyuldu. İslam dini milli memarlığımızın inkişafında dönüş yaratmışdır. Həmin dövrdə Azərbaycan memarlığında yeni sayılan məscid və mədrəsə tipli binaların kütləvi inşası memarlıq və şəhərsalma sənətinin inkişafında xüsusi yer tutdu.

Təbriz, Naxçıvan, Gəncə, Şamaxı və s. tarixi şəhərlərimizin inkişaf planında bu prinsipə ciddi riayət edildiyindən, həmin şəhərlər, qısa bir müddətdə özünün memarlıq həllini tapmışdır.

XII-XIII əsrlərdə Azərbaycanda Aran, Şirvan-Abşeron, Naxçıvan, Təbriz kimi memarlıq məktəbləri formalaşmağa başlayır.

Yusif ibn Küseyr (1162) və Möminə xatun sərdabələri (1186-cı il), Bakıda Qız qalası, Şirvanşahlar sarayı, Təbriz şəhərində tikilmiş çoxotaqlı divanxana, Ağqoyunlu dövlət başçılarından Yaqub Mirzənin tikdirdiyi Həqiq Behişt, Nəsriyyə mədrəsəsi, Qaraqoyunlu dövlət başçısı Cahanşahın tikdirdiyi Göy məscid Azərbaycan memarlığının qiymətli abidələridir.

XIII-XIV əsr Azərbaycan memarlığının gözəl abidələri olan qalalar, qüllələr, türbələr, məqbərələr, məscidlər, saraylar və başqa tikililərin bir çoxu indiyə kimi qalmışdır. Bakı limanında dənizin dibindən aşkar edilmiş «Bayıl daşları» buna parlaq misaldır.

Bu gün Azərbaycanın qədim yaşayış məskəni olan Qarabağ və onun ətraf əraziləri erməni qəsbkarlarının işğalı altındadır. Dünyanın ən qədim yaşayış məskəni olmuş Azıx mağarasını məkrli ermənilər alt-üst etmiş, oradakı maddi dəyərlərlə özlərinin qədimliklərini sübut etməyə çalışırlar.

Zaman-zaman Azərbaycanın maddi-mənəvi dəyərlərinin beşiyi olmuş Qarabağ sözün bütün mənalarında talan edilir. Qədim Şuşada, Ağdamda, Füzulidə, Kəlbəcərdə, Laçında, Zəngilanda, Qubadlıda tarixin yadigarı olan maddi-mədəniyyət abidələri erməni vandalizminin qurbanıdır. Tarixi saxtalaşdırmağın mahir ustası olan ermənilər min illik Azərbaycan abidələri üzərində dəyişikliklər etməklə, onları «özününküləşdirirlər». Mənimsəyə bilmədiklərini isə dağıdır, yerlə-yeksan edirlər. Əfsuslar olsun ki, bütün bu vəhşiliklər beynəlxalq aləmin gözləri qarşısında baş verir.

Bu məqamda bir həqiqəti də etiraf etməliyik. Azərbaycanın qədim yaşayış məskəni olduğunu bu gün dünya ictimaiyyəti birmənalı şəkildə qəbul edir. İçərişəhər tarix-memarlıq qoruğunun YUNESKO-nun Dünya irs Abidələri siyahısına daxil edilməsi bunun əyani təsdiqidir. Ölkəmizdə bu siyahıya düşəcək hələ onlarla maddi mədəniyyət abidəsi var.

Mütərəqqi incəsənət həmişə cəmiyyətin bütün maddi və mənəvi sərvətlərinin yaradıcısı olan xalqla sıx surətdə bağlı olmuşdur. Yalnız xalq incəsənəti, o cümlədən xalq arxitekturası geniş kütlələrin istək və arzularını, onların zövqünü və tələbatını tamamilə ödəyə bilər.

Tariximizi və milli-mənəvi dəyərlərimizi üzündə əks etdirən tarix-memarlıq abidələrinin istifadəsi, təbliği, qorunması və gələcək nəslə çatdırılması o zaman müvəffəqiyyətli ola bilər ki, bu məsələ ümumxalq işinə çevrilsin!

 

Mədəniyyət.- 2008.- 19 aprel.- S. 4.