Abidələr ikinci
ömrünü yaşayır
İçərişəhər tarixin
yadigarıdır
"İçərişəhərin
ərazisində mütəmadi olaraq aparılan qazıntı
işləri nəticəsində əldə olunmuş
arxeoloji materialların zənginliyi nümayiş etdirir ki,
İçərişəhər Azərbaycan xalqının
tarixinin, o cümlədən onun milli dövlətçilik
tarixinin bir çox açılmamış
səhifələri haqqında, zəngin mənəvi və
maddi sərvətlər xəzinəsi barədə
dəyərli, mötəbər məlumatlar verən və
tədqiqinə hələ də ehtiyac duyulan
tükənməz mənbədir. Mütəxəssislər
İçərişəhərin qədim yaşayış
məskəni olması ilə yanaşı, onun
ərazisində aparılan arxeoloji qazıntılar zamanı aşkar
etdikləri mədəni təbəqələrin Azərbaycan
xalqının tarixi və mədəniyyəti
üçün xüsusi əhəmiyyətə malk
olduğunu müəyyən etmişlər".
Heydər Əliyev
Respublika Prezidenti
İlham Əliyev və xanımı Mehriban Əliyeva mart
ayının 30-da paytaxtımızı gəzərək
İçərişəhərin tarixini, hazırkı
görünüşünü əks etdirən
fotoşəkillərə baxmış, qazıntılar
zamanı tapılmış mədəniyyət
nümunələri ilə tanış olmuşlar. Dövlət
başçısı ərazidə bərpa və
yenidənqurma işlərinin keyfiyyətlə
görülməsi, abidələrin yüksək
səviyyədə təmir-bərpa edilməsi barədə
tapşırıqlar vermişdir. Bu
günlərdə əməkdaşımız Nazirlər
Kabineti yanında "İçərişəhər"
Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin
rəisi Kamran İMANOVLA görüşmüş və
İçərişəhərdə görülən
işlər barədə bir neçə sualla ona
müraciət etmişdir.
- Son illər İçərişəhərin qorunub
saxlanması ilə bağlı dövlət
səviyyəsində görülən işlər
barədə oxucularımıza məlumat verməyinizi
xahiş edirik.
- İçərişəhər tariximizin yadigarıdır.
Zaman-zaman çox sınaqlardan, çətinliklərdən
çıxıb. Ölkəmiz müstəqillik
qazandıqdan sonra bu ünvanın dəyəri daha uca tutulur.
Ulu öndər Heydər Əliyev 2003-cü il fevralın
17-də "Bakı şəhərində
İçərişəhər Tarix-Memarlıq Qoruğunun
mühafizəsi və bərpası ilə bağlı
tədbirlər haqqında" sərəncam vermişdir.
Həmin vaxtdan buraya qayğı, diqqət daha da
artmışdır. Zəngin tarixə,
mədəniyyətə malik Azərbaycan xalqının
İçərişəhər, onun ərazisindəki
Qız qalası, qala divarları, Şirvanşahlar sarayı
kompleksi, məscidlər, karvansara, bazar meydanı və
başqaları öz unikallığı ilə
bəşər mədəniyyəti inciləri
sırasında xüsusi yer tutur. Bir
sözlə, daş yaddaşımız və tarix
ensiklopediyamız olan İçərişəhər özü
600-dən çox abidədən ibarət olan
şəhərsalma memarlıq abidəsidir.
"İçərişəhər" Tarix-Memarlıq
Qoruğunun YUNESKO-nun "Dünya İrs Siyahısı"na
daxil edilməsi xalqımızın milli sərvəti olan
İçərişəhərin və onun
ərazisindəki maddi-mədəniyyət abidələrinin
təkcə Azərbaycan tarixi, mədəniyyəti
üçün yox, eləcə də dünya
sivilizasiyası üçün necə böyük
əhəmiyyətə malik olduğunu göstərir.
Son illər
İçərişəhərin və onun
ərazisindəki maddi-mədəniyyət abidələrinin
qorunub saxlanmasına dövlət qayğısı
göstərilir, kompleks tədbirlər həyata
keçirilir. İçərişəhər
ərazisinin dünya əhəmiyyətli memarlıq kompleksi
kimi qorunub saxlanması, onun sosial-iqtisadi inkişafının
təmin olunması üçün
hüquqi əsaslar yaradılması məqsədilə
Azərbaycan Prezidenti İlham Əliyevin 2005-ci il 10 fevral
tarixli sərəncamı ilə Azərbaycan
Respublikasının Nazirlər Kabineti yanında
"İçərişəhər" Dövlət
Tarix-Memarlıq Qoruğu İdarəsi yaradılmış,
2005-ci il 28 fevral tarixli fərmanla
"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu haqqında Əsasnamə
təsdiq edilmişdir. 2006-cı ilin avqust ayında verilmiş
daha bir sərəncamla müvafiq orqanlara Bakı
şəhərindəki tarix-memarlıq abidələrinin
təmiri, xarici görünüşünün bərpası,
abadlaşdırılması və xüsusi
işıqlandırılması üçün zəruri
işlərin görülməsi, o cümlədən
İçərişəhərin bərpası və qorunub
saxlanması üzrə dövlət proqramının
hazırlanması tapşırılmışdır. Nəhayət, ötən il may ayının 16-da
Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında
"İçərişəhər" Dövlət
Tarix-Memarlıq Qoruğu İdarəsinin Əsasnaməsi
təsdiq edilmiş, onun strukturu və aparatının say
həddi müəyyən edilmişdir və həmçinin
31 yanvar 2008-ci il fərmanına əsasən Qoruq
ərazisində yerləşən abidələr və
dövlət mülkiyyətində olan tikililər idarənin
balansına verilərək, bir sıra qanunvericilik
sənədlərində müvafiq dəyişmələr
aparılmışdır. Beləliklə,
Prezidentin diqqət və qayğısı sayəsində
İçərişəhər ərazisindəki
abidələrin, bütövlükdə,
memarlıq-şəhərsalma kompleksinin lazımi
səviyyədə qorunub saxlanması, gələcək
nəsillərə çatdırılması
üçün özündə mərkəzi və yerli
icra hakimiyyəti orqanlarının funksiya və
səlahiyyətlərini birləşdirən idarəetmə
sistemi yaradılmışdır.
Bu işlərin
davamı olaraq, hazırda Prezidentin fərman və
sərəncamlarında İçərişəhərin
tarixi ərazisinin memarlıq-arxeoloji, memorial abidələri,
təbii landşaftı və sosial rejimi ilə birlikdə
toxunulmazlığının təmin edilməsilə
bağlı əksini tapmış normalar əsasında
"İçərişəhərin statusu haqqında"
qanun layihəsi üzərində iş aparılır. Bu qanun qəbul olunandan sonra
İçərişəhərin etnoqrafik mühitinin,
ənənəvi xalq sənətkarlığının
və yerli tətbiqi-dekorativ incəsənətin
saxlanmasına, qoruğun bir sıra iqtisadi və sosial
məsələlərinin həllinə təkan
verəcək. Eləcə də Azərbaycanda
tarixən formalaşmış şəhərsalma
elementlərinin dirçəldilməsinə kömək
edəcəkdir.
Son illər
İçərişəhərin idarə edilməsi
sisteminin yaradılmasındakı böyük tərəqqi,
"Vahid fəaliyyət menecment planı"nın
formalaşdırılması, ölkə başçısı
cənab İlham Əliyevin
İçərişəhərin qorunub saxlanması
üzrə fərman və sərəncamlarının
icrası ilə bağlı "İçərişəhər"
Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi
tərəfindən həyata keçirilən tədbirlər
beynəlxalq qurumların da diqqətindən kənarda
qalmamışdır. Burada
görülən işlərlə tanış olan YUNESKO,
İCOMOS və İCCROM-in nümayəndələri
İçərişəhərin
"Təhlükədə olan Ümumdünya İrsi"
siyahısından çıxarılması
məsələsinə baxılması barədə təklif
hazırlamışlar və bunların Ümumdünya
İrsi Komitəsində 2008-ci ildə baxılması
nəzərdə tutulur.
-
"İçərişəhər" Qoruq
İdarəsinin fəaliyyəti barədə nə deyə
bilərsiniz?
-
"İçərişəhər" Dövlət
Tarix-Memarlıq Qoruğu İdarəsi 2007-ci ilin may ayından
fəaliyyətə başlamışdır. Prezident
tərəfindən onun qarşısında çox
məsuliyyətli, çətin, amma şərəfli
vəzifələr qoyulmuşdur. Bu
vəzifələrin ən vacibləri
İçərişəhərin min illər ərzində
formalaşmış memarlıq-şəhərsalma və
abidələr kompleksinin qorunub saxlanması, eyni zamanda,
ərazidəki abidələrin bərpa-təmiri,
şəhərin sosial-iqtisadi inkişafının təmin
edilməsi və müasir tələbləri
ödəyən beynəlxalq səviyyəli turist
mərkəzinə çevrilməsi, bütövlükdə
İçərişəhərdə vahid dövlət siyasətinin
həyata keçirilməsinin təmin olunmasıdır.
Qoruq ərazisində uzun illər bir sıra problemlər,
xüsusən, İçərişəhərin
işıqlandırılmasında, təmizlik sisteminin
təminatında, abadlıq-bərpa işlərinin
təşkilində çatışmazlıqlar mövcud
olmuşdur. Bununla əlaqədar, ölkə
Prezidentinin tapşırığına əsasən, ilk
növbədə, burada aparılan bütün qeyri-qanuni
tikinti və inşa işləri dayandırılmış,
tarix-memarlıq abidələrinin və tikililərin
inventarlaşdırılması aparılmış, qanunsuz
istifadəyə verilmiş dövlət
mülkiyyətində olan abidələr geri qaytarılmışdır.
İçərişəhərin memarlıq harmoniyasına,
küçələrinin görünüşünə
xələl gətirən, standartlara uyğun olmayan
layihələr ləğv edilmişdir. Ərazidə
müasir işıqlandırma sisteminin yaradılması, təmizlik
sisteminin qurulması, aparılan təmir-bərpa
işlərinin səmərəsinin
artırılması istiqamətində xeyli işlər
görülmüşdür.
Qısa vaxt ərzində qala divarları,
Qoşa qala qapılarından başlayaraq Böyük qala,
Qüllə, A.Zeynallı, S.Quliyev küçələri
və Qız qalasının ətrafları yeni
quraşdırılmış işıqlanma sistemləri
ilə təmin olunmuş, dolanbac küçələrinin
işıqlandırılması üçün
məşələ bənzər işıq
dirəkləri quraşdırılmış, qoruq
ərazisinin sanitar təmizliyi təmin edilmişdir. Qız qalasının qarşısında milli
şəbəkə-naxışlı yeni körpü
quraşdırılmış, qalanın ətrafındakı
meydanda milli üslubda oturacaqlar düzəldilmiş,
yanındakı bağda daş üzərində naxışlarla
işlənmiş yeni bulaq kompleksi yaradılmış,
ətraf daş fonarlarla işıqlandırılmış,
başqa bərpa, abadlıq və təmir işləri
aparılmışdır. A.Zeynallı
küçəsində memarlıq abidələri ilə
uyuşmayan qeyri-qanuni tikili sökülmüş, yerində
İçərişəhər sakinlərinin və
şəhərimizə gələn qonaqların mədəni
istirahətləri üçün
təşəbbüsümüzlə milli ornamentli və
üslublu türk çadırı quraşdırılmışdır.
Buxara və Multani karvansaraylarının ətrafında
təmir-bərpa işləri aparılmış, MEA-nın
İçərişəhərdə yerləşən
Arxeologiya və Etnoqrafiya muzeyi binasının bərbad
vəziyyətdə olan fasadı ilkin bərpa edilmişdir.
"Hacı Banu" tarix-memarlıq abidəsində
təmir-bərpa işlərinə başlanmış və
orada "İçərişəhər" tarixi muzeyinin
yaradılması nəzərdə tutulur. Abidənin
ətrafında artıq milli şəbəkə üslubunda
işıq sistemli məhəccərlər
quraşdırılmışdır. Şirvanşahlar
sarayı kompleksinin yaxınlığındakı bağda
milli memarlıq üslubunda daş üzərində oyma
naxışlı bulaq kompleksi, qala divarlarının pandus
və yarusları bərpa olunmaqla
İçərişəhər ənənəsinə
uyğun istirahət guşəsi yaradılır. Müasir
işıqlandırma sistemi və etnomühitə uyğun
keramik heykəltəraşlıq formaları
quraşdırılır.
Qız qalası yaxınlığındakı 1964-cü
ildə aşkar olunmuş Sıratağlı
abidələrə aid müqəddəs sitayiş yerləri
kompleksinin bərpası üçün işlər
görülür. Xanəgah bərpa edilir. Bu kompleks
bütün dünyaya örnək olan Azərbaycan
tolerantlığının bariz nümunəsidir. Burada
açıq səma altında muzey layihəsi həyata
keçirilir.
İçərişəhərdə abadlıq, təmir
və bərpa işləri həvəslə, uğurla davam
etdirilir. Böyük qala, 6-cı Böyük qala
döngəsi, S.Quliyev küçəsi və 2-ci
Qüllə döngəsindəki binaların fasad
hissələrində təmir-bərpa işləri görülür.
Kiçik qala küçəsindəki bina və
tikililərin fasadlarında bərpa işləri ilə
yanaşı, onların tarixi görkəminin özünə
qaytarılması ilə bağlı layihə həyata
keçirilir. Asfalt örtüyün daşla
əvəzlənməsi, işıqlandırma sisteminin
müasir dizaynda, qədimliyə uyğun şəkildə
yenidən qurulması da nəzərdə tutulur. S.Quliyev küçəsində əsaslı
bərpa işləri artıq başa
çatdırılmış, köhnə kommunikasiya
qurğuları yeniləri, yol örtüyü üzlük
daşla əvəzlənmiş, Ə.Əliyev
küçəsinə çıxış
hissəsindəki pilləkən daşla yenidən bərpa
olunmuşdur.
Ümumiyyətlə,
"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin
fəaliyyəti ərzində
İçərişəhərdə 50-dən artıq
yaşayış binasında təmir-bərpa işləri
aparılmış Qız qalası
yaxınlığındakı meydanda 685 kvadratmetr asfalt
örtük kub formalı daşlarla əvəzlənmiş,
985 kvadratmetr sahədə asfalt örtüyü təmir
edilmiş, 200-ə yaxın ağac əkilmişdir. Küçələrin təmizliyində
istifadə üçün xaricdə istehsal olunmuş 3
ədəd xüsusi təyinatlı maşın, başqa
texnika, avadanlıqlar alınmışdır.
İçərişəhərdə nəqliyyatın
hərəkəti ilə bağlı yaranmış problemin
tənzimlənməsi məqsədilə
elektron-müşahidə sistemi yaradılmışdır.
Ərazidə idarənin informasiya
mərkəzindən idarə və videomüşahidə
olunan iki elektron qapı quraşdırılmış, burada
fəaliyyət göstərən təşkilat və
firmaların siyahıları tərtib edilmiş,
sakinlərə və firmalara məxsus nəqliyyat
vasitələrinin əraziyə maneəsiz daxili
üçün elektron kartlar verilmiş, kartları olmayan
nəqliyyat vasitələrinin
İçərişəhərə girişi qadağan
edilmişdir.
- İçərişəhər qədim tariximizin bir
yadigarı olmaqla xalqımızın yüksək
mədəniyyətindən xəbər verir və təbii
ki, bu cür unikal memarlıq-şəhərsalma kompleksinin
təbliği və onun müasir turizm mərkəzinə
çevrilməsi də vacib
məsələlərdəndir. Bu
istiqamətdə idarənin gördüyü işlər
barədə məlumat oxucularımız üçün
maraqlı olardı.
- Qoruq idarəsinin qarşısında duran ən vacib
vəzifələrdən biri də
İçərişəhərin müasir
tələblərə cavab verən beynəlxalq turizm mərkəzinə
çevrilməsi istiqamətində görüləcək
işlərlə əlaqədardır. Buraya
ərazidə aparılan bərpa və abadlıq işləri
ilə yanaşı, müasir infrastrukturun yaradılması,
turist marşrutlarının müəyyən edilməsi,
geniş tərtibat işlərinin aparılması,
tarix-memarlıq abidələrini əks etdirən
videoçarxların, kitabçaların, təqvimlərin,
açıqcaların hazırlanması da daxildir. Bununla bağlı artıq müvafiq işlər
görülür. İçərişəhərin gerbinin
hazırlanması, memarlıq abidələri ilə
tanış olmağa imkan verən sərginin təşkili
və şəhərin keramika üzərində elektron
formada hazırlanan xəritəsi də bu məqsədə
xidmət edir. 85 tarixi memarlıq abidəsinin
ünvanlarının göstərdiyi bu xəritəyə
əcnəbilər böyük maraq göstərirlər.
Qoruqda mədəni mərkəzin
yaradılması, xüsusi elm-istehsalat bərpa
emalatxanasının açılması, nadir memarlıq
incilərinin bərpası, arxeoloji qazıntılar nəticəsində
aşkara çıxarılmış maddi-mədəniyyət
abidə komplekslərinin konservasiya olunması
istiqamətlərində də işlər davam etdirilir.
Eyni zamanda, İçərişəhər qoruğu
ərazisində son vaxtlar elmi-arxeoloji monitorinq və
kəşfiyyat işləri aparılır. Aşkar
edilmiş maddi-mədəniyyət abidələrinin elmi-tarixi
cəhətdən öyrənilməsi təşkil
edilmişdir. Qoruğun sifarişi ilə Bakının
qədim dövrlərinə aid kitablar hazırlanır.
- İçərişəhərin qorunub saxlanması və
inkişafı üzrə "Master plan"ın
hazırlanması barədə xəbər verilmişdir.
Bununla bağlı əlavə məlumat verməyinizi
xahiş edirik.
- Görülən işlər
xalqımızın maddi-mədəniyyət
nümunələrinin qorunub saxlanılması
milli-mənəvi dəyərlərimizin təbliğində
böyük xidmətləri olan YUNESKO-nun xoşməramlı
səfiri, Milli Məclisin deputatı Mehriban xanım
Əliyevanın kömək və dəstəyinin
nəticəsidir.
Mehriban xanımın
təşəbbüsü, dəstəyi, tanınmış
milli və beynəlxalq mütəxəssislərin
iştirakı ilə İçərişəhərin
ən mühüm sənədi olan "Master-plan"ı
hazırlanır, İçərişəhərin idarə
olunmasına dair "Menecment plan" isə artıq
hazırlanmış və tətbiq edilir.
Başlıca məqsəd ondan ibarətdir ki,
şəhərsalma mədəniyyətimizi
mərhələlərlə özündə əks
etdirən İçərişəhər memarlığımızın
"daş yaddaşı" kimi mühafizə edilməli,
bir tərəfdən canlı şəhər kimi
yaşamalı, digər tərəfdən, unikal maddi-mədəniyyət
abidəsi kimi gələcək nəsillərə yadigar
qalmalıdır. Məlumdur ki, yaxın keçmişdə bu
ünvana qarşı çox amansızlıqlar olub.
Müstəqilliyimizin vacib şərtlərindən biri də
tarixi abidələri, milli-mənəvi dəyərləri,
ulularımızdan qalan yadigarları qorumaqdır. Unutmamalıyıq
ki, İçərişəhər memarlıq
abidələri tarixin qovğalarından çıxıb.
Onların qədrini bilmək hər birimizin
vətəndaşlıq borcudur.
Azərbaycan.- 2008.- 12 aprel.- S. 5.