Laçınım...
Ermənistan - Azərbaycan münaqişəsinin
həlliylə bağlı danışıqlarda böyük
mübahisə predmetinə çevrilən Laçın
rayonunun tarixi, arxeologiya və etnoqrafiyası indiyədək
geniş şəkildə öyrənilməyib. Amma bu
belə tədqiqatların olmaması anlamına gəlmir. Azərbaycanın mədəniyyət
abidələrini öyrənən Abidələri
Müdafiə Təşkilatı İctimai Birliyi sədri Faiq
İsmayılov maddi və mənəvi mədəniyyətimizin
ən gözəl nümunələrinin cəmləşdiyi
Laçın haqqında tədqiqatlarının
ictimaiyyətin nəzərinə
çatdırılmasını vacib sayır. Bu
ümimiləşdirilmiş məqalə Laçın
rayonunun tarixi abidələri haqqında təsəvvür
yaratmaq üçün diqqətinizə
çatdırılır.
Daş tarix
Alimlərimizin araşdırmasına görə, Azərbaycan
ərazisində ilahiləşdirilmiş təbii
obyektlərdən də ən qədimi daş olub.
Laçının bir çox kəndlərində o
cümlədən Cicimli, Quşçu, Sadınlarda
daşlar, qayalar var ki, insanlar bu daşları ziyarət edib,
nəzirlər qoyub, onlardan imdad gözləyiblər. Bu
qayalara və daşlara pir kimi etiqad edilib. Oyma, yonma, cızma
üsulu ilə daş üzərində həkk olunmuş
bədii daş nümunələrinə Güləbird,
Cicimli, Malxələf, Zabux, Malıbəy, Zeyvə, Kosalar,
Katos, Pircahan, Seyidlər kəndlərində rast gəlinir. Bu
ərazilərdəki oymalar içərisində insan,
quş, heyvan işləmələrilə yanaşı
süjet xarakterli oymalara və daş üzərində
hətta bütöv ov səhnəsinin cizgilərinə
də rast gəlinir. Malıbəy, Varazuğun, Mirik
dərəsi deyilən ərazilərdə mürəkkəb
xarakterli oymalar və müxtəlif ölçülü
(dairəvi, yumru, yarımsilindirik, dördbucaqlı və
çoxbucaqlı) daş fiqurların mövcudluğu
xüsusi maraq daşıyır. Daş
üzərindəki həndəsi və digər
ornamentlər, eləcə də oyma tipli
bəzəklərə memarlıq abidələri və
qəbir daşları üzərində də rast
gəlmək olur. Əksəriyyəti statik
vəziyyətdə oyulsa da bunların arasında dinamik,
həyati təsvirlərə də təsadüf edilir.
Ancaq bunlar xeyli səthi, daha çox cızma üsulunda icra
edilirdi. Bunu biz Cicimli kəndi yaxınlığındakı
Məlik Əjdər türbəsinin rəsmlərində
görürük.
Laçın rayonunda daş üzərində oyulmuş
orijinal bəzək nümunələrinə həm də
məzarüstü abidələrdə rast gəlinir. Bu ərazilərdə
bir neçə qrup məzar daşları mövcuddur.
Bunlardan yuxarı hissəsi düz, dairəvi, çatma
başdaşlarını və eyni zamanda horizontal
sənduqələri, at, qoç fiqurlu heykəlləri
göstərmək olar. Buna misal olaraq ay-ulduz,
günəşi bildirən svastika və ya zolaqlı dairə
və s. naxışları göstərmək olar. Bu
abidələr rayonun əsasən Abdallar, Xallanlı,
Malıbəy, Zeyvə, Qaragöl, Güləbird, Cicimli,
Malxələf, Fərəcan, Seyidlər və Ərikli
ərazilərində daha çox rast gəlinir. Burada biz
qədim türkdilli tayfaların etiqadıyla əlaqədar
təsviri sənətə gəlmiş bir çox orijinal
sujetli motivlərə rast gəlirik. Buna şamanların dini
mərasimlərini, qədim türkdilli xalqlarda zoomorf
anlayışlarla əlaqədar meydana gəlmiş onqon
quş totemlərinin təsvirlərini göstərmək
olar.
Dyubua-de Monperenin Qarabağ səfəri
Orta əsrlərdə kişinin məzarı
üstünə at, qoç fiqurları qoyulurdu. Bu
təsvirlər içərisində ən qiymətlisi
daşdan yonulmuş qoç fiqurlarıdır. Bu
bölgələrdəki daş fiqurlar, bu ərazilərə
qonaq gələn əcnəbi tədqiqatçıların
diqqətindən kənarda qalmayıb. Belə ki, 1834-cü
ildə Azərbaycanda olmuş Fransız səyyahı Dyubua-de
Monpere Qarabağda çoxlu daş heyvan fiqurlarını
gördüyünü və yerli türk əhalinin onlara
xüsusi hörmət bəslədiyini qeyd edib. Bunu eyni zamanda
rus alimi V.M.Sosıyev 1926-1927-ci illərdə
Azərbaycanın Naxçıvan, Ordubad və Laçın
rayonlarında olarkən yazırdı ki, yerli əhali burada
tez-tez təsadüf olunan daş qoç fiqurlarını
müqəddəs sayaraq ona sitayiş edirlər.
Laçın rayonunun ərazilərində olan daş
qoç fiqurlarının özünə məxsus
xüsusiyyətləri vardır. Burada Bozlu, Zabux,
Güləbird, Malıbəy, Pircahan, Seyidlər adlı
kəndlərin ərazilərindəki daş qoç
fiqurları daha çox uzaq keçmişlərin arxaik
sənət nümunələrini xatırladır. Uzunluğu
80, 90 sm, hündürlüyü 50, 60 sm-ə çatan
daş qoç fiqurları başqa yerlərdəki bu tipli
abidələrdən həm real təsviri, həm də
zəngin bədii tərtibatları ilə
fərqlənirlər. Müxtəlif formalı qoç
fiqurlarına Azərbaycanda hələ eramızdan
əvvəl X, VI, III əsrlərdə təsadüf olunub.
Laçın ərazisində daş qoç fiqurlarından
sonra atın ən çox təsadüf edilən daş
fiqurlarıdır. Keçmişdə Azərbaycanda dəfn
edilən qəhrəmanın qəbri üstünə
daşdan yonulmuş at fiqurları qoyardılar. Bu həm
də keçmişdə el arasında müqəddəs bir
heyvan olduğunu göstərir. Laçında at fiqurunun daha
çox qoç heykəlləriylə yanaşı
qoyulduğunu görürük. Bu ərazilərdəki
daş at fiqurlarının dekorativ bəzəklərinin
əsasən ata məxsus əşyaların
şəkillərilə bəzədildiyini görürük.
Bu cizgilər əsasən qabarıq şəkildə olub
üzəri bəzədilmiş cilov, yüyən, quşqun
(quyruğun altından keçən qayış), tapqır
(qarnının altından keçən qayış),
üzəngi, yəhər və yəhəraltı
çuldan ibarətdir.
Azərbaycanda XVI-XVII əsrlərdə düzəldilmiş
at fiqurlarının ən bədii və orijinal
nümunələrinə Laçın rayonunun Zabux,
Seyidlər və Gəncənin Göy İmam
qəbristanlıqlarındakı fiqurlar aid edilir. Bu fiqurlar
yerli boz daşlardan yonulub. Fiqurların uzunluğu 1,5 metr,
hündürlüyü 85 sm., eni isə 35 sm-dir. Fiqurların
üstü oyma üsulu ilə insan, quş təsviri,
nəbati, həndəsi naxışlar və
sülüs-nəxs yazılarla bəzədilib. Canlı
təsvirlər at fiqurlarının qabaq ayaqları
tərəfdə, döş tərəfə yaxın
hissədə həkk olunub. Daş abidələrimizin bir
çoxunda keçmişin kompozisiyası təkrarlansa da yeni
üsullu oymalara da rast gəlirik. Bu səpkidən olan
oymalardan biri rayonun Kosalar kəndi
yaxınlığındakı Ağoğlan qəsrinin
həyətindəki süjetli daşdır.
Laçın rayonunun sərt və mürəkkəb relyefi
bu ərazilərdə çoxlu sayda dağ çayları
üzərində körpülərin tikilməsinə
səbəb olub. Buna misal olaraq, Malxələf,
Fərəcan, Abdallar, Zabux, Minkənd, Şeylanlı, Pircahan,
Seyidlər kənd ərazilərindəki körpüləri,
o cümlədən Mirik kəndindəki Mahmud
körpüsünü, Əhmədli kəndindəki Seyid
Əmir körpüsünü, Abadxeyir dərəsindəki
ikitağlı körpünü misal göstərmək
olar.
Alban abidələri üzərində erməni
"sənətkarlığı"
Laçın ərazilərindəki Qafqaz Albaniyası
dövrü abidələri xüsusi maraq doğurur. Alban
dövrü abidələri demək olar ki,
Laçının bütün yaşayış
məntəqələrində, eyni zamanda əksər əsas
yol ayrıclarında, yol kənarlarında tikilib, onların
əksəriyyəti bu günə qədər durur.
Qədim Albaniyada şərq xristianlığına məxsus
memarlığın bütün növləri inkişaf edib.
Alban xristianlığının ilk dövrü
üçün xarakterik olan kilsə tikintiləri idi. Bu
kilsələr, uzunsov ibadət zalı olan birnefli
məbədlərdən ibarət olub. Bu növ
məbədlərin üstü ikiqatlı sadə daşla
örtülürdü. Bu cür abidələr
Şəlvə, Qorçu, Piçənis, Ərikli,
Korcabulaq, Aşağı Fərəcan, Hoçaz,
Əhmədli, Mirik, Sadınlar, Qarakeşdi və Katos
kəndlərində təsadüf edilir.
Albaniyada "dairəvi məbədlər" deyilən
xüsusi memarlıq da geniş yayılıb, bu
abidələr siyahısına Minkənd kəndindəki
abidəni aid etmək olar. Albaniyanın xristian
memarlığının ən kütləvi forması
isə sovmələrdir. Sovmələr, karvan yolları
kənarında kiçik ibadətgah rolunu oynasalar da,
əslində momerial tikililərdir. Bu ərazilərdə
həm mehrabsız, həm də merablı sovmələrə
təsadüf olunur. Belə abidələrin siyahısına
Sadınlar dərəsindəki və Mirik
dərəsindəki sovmələri və
Qarıqışlaq kəndi ərazisindəki "Dəmiovlu
pir" adlanan sovməni misal göstərmək olar. Bu
sovmələrin divarları bir qayda olaraq, zəif
naxışlı nişan daşlarıyla bəzədilir.
Alban dövrünün ən mürəkkəb quruluşlu
tikililəri isə bir qayda olaraq monastırlar hesab olunurlar.
Monastr tipli abidələr siyahısına isə
Laçın rayonundakı "Ağoğlan qəsri"ni
aid etmək olar. Bir çox
tədqiqatçılar hesab edirlər ki, bu üslub Cənubi
Qafqazda yalnız Alban dövrü memarlıq
abidələrinə məxsusdur. Çünki Alban
dövrü memarlıq abidələrinin daş və
divarları üzərindəki elementlər yalnız bu
dövr abidələrinin özünəməxsus
xüsusiyyətləri kimi dəyərləndirilir. Amma ermənilər Alban dövrünün
memarlıq abidələri üzərindəki
bəzəklərin, müxtəlif növ sujetlərin
ornamental quruluşunda forma və məzmun dəyişiklikləri
edərək bu abidələri erməni
mədəniyyətinin memarlıq nümunəsi kimi təqdim
edirlər. Bu yolla işğal edilmiş Azərbaycanın
qədim Alban mədəniyyətini
erməniləşdirməyə çalışırlar.
"Qasımuşağı"nın
şöhrəti
VII əsrdən Azərbaycanın bütün
ərazilərində olduğu kimi, Laçında da daha
mürəkkəb xarakterli memarlıq abidələri,
qəbir daşları, qəbirüstü abidələr,
inanc yerləri, türbələr və bir sıra bədii
daş nümunələri meydana
gəlməyə başladı. Onlardan Ciçimli
kəndindəki Məlikəjdər türbəsi,
Malxələf kəndində Xəlifə türbəsi,
Güləbird kəndində türbə, Qaragöl
yaylağında məscid, Qarıqışlaq kəndində
məscid, Zeyvə kəndində Soltan Baba türbəsi,
Şeyx Əhməd türbəsi, Əhmədli
kəndində Seyid Cabbar ocağı, Piçənis
kəndində türbə və digər onlarla memarlıq
abidələrini misal göstərmək olar.
Laçında su dəyirmanları və "qaradam"lar
xüsusi əhəmiyyət daşıyır. Bu
ərazidəki bütün çay axarları boyuca demək
olar ki, yaşayış məntəqələrinin
(kəndlərin) hər birinə məxsus bir və ya iki su
dəyirmanı olub. Su dəyirmanlarının çoxu dövrümüzə
qədər gəlib çıxıb, yerli əhali bu
dəyirmanların bir çoxunu yeniləşdirərək
son dövrlərə qədər istifadə edib.
Laçın ərazisində qədim insanların
yaşayış evləri əsasən kahalardan və
qaradamlardan ibarət idi. Kaha qayadan oyulardı, əsasən
çox da böyük olmayan, birgözlü
yaşayış sahəsindən ibarət olurdu.
Bəzənə iki və ya üç otaqlı kahalara da
təsadüf edilirdi. Kahalar əsasən sadə formada olurdu.
Hansısa əşya qoymaq üçün divarlvrda bir və
ya bir neçə dolab (taxça) olardı. Qayalıq olmayan
yerlərdə isə əsasən qazma və qaradamlar
tikilərdi. Belə yaşayış evlərində
pəncərə olmazdı. İşıq damın
ortasındakı oyuqdan yəni bacadan düşərdi. Baca qaradamdan həm də tüstünün
çıxmasını təmin edərdi. Ənənəvi
qaradamlarda əhalinin ev məişət
avadanlığıyla yanaşı, mal-qarası da saxlanardı.
Sakinlər bir qayda olaraq evin bir hissəsində
xalça-palazla örtülmüş yerdə yatıb-
durardı.
Zaman keçdikcə qaradamları "ev damları"
əvəzlədi. Ev damları da əsasən qaradamlar
kimi tikilirdi. Ev damlarında da baca ləğv edilməmiş,
amma ocaq evin ortasından evin divarına
köçmüşdü. Belə ki, evin divarının içində
təqribən 1-1,2 metr hündürlüyündə 50-70 sm
enində oyuq düzəldilirdi, buna "buxarı"
deyirdilər. Buxarının içindən divarın
içi ilə yuxarı evin damı istiqamətində
bayıra tüstü çıxmaq üçün yer
qoyulurdu. Ev damlarında bir yenilik də ondan ibarət idi ki,
burada mal-qara saxlanmırdı. Qaradamlardan fərqli olaraq ev
damlarında yatıb durmaq üçün ağacdan
düzəldilmiş taxt və ərzaq saxlamaq
üçün "kəndi" adlanan taxta qutu qoyulurdu.
Damlar hazırda rayonun Qarıqışlaq, Sadınlar,
Quşçu, Mirik, Əhmədli, Şeylanl, Katos və
digər kəndlərində qalır. Laçın
ərazisində toxuculuq sənəti də inkişaf edib.
Burada yundan toxunan at çulu, palaz, kilim, xalça, zili, xurcun,
fərməş xüsusi gözəlliyilə seçilib.
Təsadüfi deyil ki, dünyada "Qasımuşağı"
adı ilə tanınan xalçanın yaranması məhz bu
bölgənin adıyla bağlıdır.
Xalq cəbhəsi.- 2008.- 9 aprel.- S. 15.