Naxçıvanda üzərində Quran ayələri olan epiqrafik abidə tapılıb

 

Naxçıvan şəhər sakini Azər Quliyev üzərində "Quran" ayələri həkk olunmuş nadir epiqrafik abidə taparaq, Naxçıvan Dövlət Tarix Muzeyinə təhvil verib. Muzeydən APA-ya bildiriblər ki, ilkin araşdırma nəticəsində abidənin Naxçıvan ərazisində çox nadir tapılan rəngli epiqrafik maddi-mədəniyyət nümunələrindən biri olduğu müəyyənləşdirilib. Sarımtıl qum daşından hazırlanan oyma üsulu ilə işlənmiş abidənin uzunluğu 107, qalınlığı 8 santimetrdir.

Üz hissənin kənarına "Quran" ayələri həkk olunub. Daşın orta hissəsində yazı mətni var, yuxarı hissədə isə oyma üsulu ilə milli ornamentlərdən svastikadan istifadə olunub. Yazılar ərəb dilindədir. Abidənin maraq doğuran xüsusiyyətlərindən biri üzərində göy, qırmızı açıq yaşıl rənglərdən istifadə olunmasıdır. Abidə üzərindəki oyma boşluqlar həmin rənglərlə bəzədilib. Bir neçə yüz il torpaq altında qalmasına baxmayaraq, rənglərin indiyədək davam gətirməsi diqqəti cəlb edir. AMEA Naxçıvan bölməsinin Tarix, Etnoqrafiya Arxeologiya İnstitutunun mütəxəssisləri hazırda abidəni öyrənir. İlkin şifahi rəylərə əsasən abidə XIV əsrə aiddir.

 

Kaspi.- 2008.- 24 aprel.- S. 3.