Əsədov V.

 

Tarixin ibrət dərslərindən nəticə çıxarmalıyıq

 

Azərbaycana qarşı əsassız ərazi iddiaları irəli sürüb torpaqlarımızı zaman-zaman işğal edən erməni şovinistləri işğalçılıq əməllərinə haqq qazandırmaq, yeni təcavüzkarlıq planlarını tarixi nöqteyi-nəzərdən əsaslandırmaq və ictimai fikri çaşdırmaq məqsədilə indiki Ermənistan Respublikasının ərazisində mövcud olan bütün tarixi və mədəniyyət abidələrini, Qafqaz Albaniyasının xristian kilsəsinə aid bütün kilsə, məbəd və monastırları erməni abidələri elan edirlər. "Böyük Ermənistan" imperiyası barədə uydurmalarını şişirdərək təkcə Azərbaycanın deyil, Gürcüstan, İran və Türkiyə ərazilərinin də xeyli hissəsini ermənilərin "tarixi torpaqları" hesab edirlər.
İndiki Ermənistandakı bir çox maddi mədəniyyət abidələrini ermənilər özününk
üləşdirsələr də, bunlar Azərbaycan xalqının mədəni irsinə aiddir.
Qafqaz Albaniyası dövlətinin ərazisi, antik müəlliflərdən Klavdi Ptolemeyin və digər çoxsaylı yazılı tarixi mənbələrin məlumatına görə, eramızın əvvəllərindən VIII əsrin əvvəlinədək cənubda Araz çayından Şimali Qafqazadək, şərqdə Xəzər dənizinin qərb sahilindən Göyçə gölündən qərbdə yerləşən torpaqlaradək geniş bir sahəni əhatə etmişdir.
Bu yerlərdə qədim zamanlarda maldarlıq, əkinçilik və sənətkarlıqla məşğul olan müxtəlif dilli tayfalar yaşamışlar. Bunlar içərisində saklar, qarqarlar, kanqarlar, hunlar, şamaklar, türklər, muğlar, icmaxilər, suranlar, şirvanlar və digər türkdilli tayfalar üstünlük təşkil etmişlər. Eramızdan əvvəl V əsrdə yaşamış antik müəllif Herodot yazır ki, skiflər - türkdilli tayfalar midiyalılarla müharibədə qələbə çaldıqdan sonra Qafqaz ərazisində dövlət yaratmışlar. Skif çarlığı kimi tanınmış bu dövlətin qədim Albaniya dövləti olduğu güman edilir.
Eramızın I əsrinin əvvəllərində (8-ci ildə) Roma imperatoru Avqustun əmri ilə paytaxtdan Qara dəniz sahillərinə sürgün edilmiş və uzun müddət bu yerlərdə yaşayıb-yaratmış imperiyanın məşhur saray şairi Publiy Ovidiy Nazonun əsərlərindən məlum olur ki, eramızın əvvəllərində Qara dənizin şərq sahillərindən Xəzər dənizinədək böyük bir ərazidə skiflər - türkdilli tayfalar yaşamışlar. Bu fikri bir çox antik müəlliflər də təsdiq etmişlər. Tarixin atası Herodot (e.ə. V əsr), Miletli Qekatey (e.ə. VI-V əsr), Dionisiy Perieqet (e.ə. II əsr), K.Ptolomey (II əsr) və digər müəlliflərin əsərləri Qafqazın türk etnosunun vətəni olduğunu təkzibedilməz şəkildə sübut edir.
Qafqaz Albaniyasının tayfa ittifaqları başçılarının və çarlarının bir çoxunun adları türk mənşəli olmuşdur: Aran, Aray, Ərbaq, Baştaq, Əmbək, Ərnək, Həraq, Nuray, Dalak, Huray, Hiyran, Əncaq, Borc, Ərbun, Bəzək, Yusaq, Qaynaq, Sqayordu, Körnəg, Vaçıağan, Uray, Urnair, Satay, Asay, Varaz, Javanşir, Şiroy (Şiruyyə). Respublikamızdakı arxeoloji tapıntılar, xüsusilə arxeoloqlar R.Vahidovun, F.Osmanovun, A.Nuriyevin və T.Əliyevin aşkar etdikləri qədim türk kitabələri sübut edir ki, bu ərazidə qədim türk yazıları gürcü, erməni və alban yazılarından xeyli əvvəl mövcud olmuşdur. Bu əlifbaların hər üçü, xüsusilə alban əlifbası qədim türk əlifbası əsasında tərtib edilmişdir.
Eramızın əvvəllərində Qərbi Azərbaycanın bir çox bölgələri Albaniyanın sak tayfalarının adları ilə bağlı olmuşdur. Bu isə təsadüfi deyil. Eramızdan xeyli əvvəl Qafqaz dağlarından cənubda türkdilli sak tayfaları yaşamışlar. Qafqaz Albaniyasının ərazisində sakların adları ilə bağlı Sakasena, Balasakan, Sisakan, Saki, Arsak və bir sıra digər yer adları mövcud olmuşdur. Eramızın birinci əsrində yaşamış antik müəllif Strabon "Coğrafiya" əsərində bu faktı təsdiq edərək yazır: "Saklar da kimmerlər və trerlər kimi yürüşlər edib ən yaxşı torpaqlarda məskunlaşmışlar və bu ərazilərə öz adlarını qoymuşlar, məsələn - Sakasena".
Qənimət və qul ələ keçirmək məqsədilə qonşu tayfalar tərəfindən tez-tez edilən qarətçilik yürüşləri və daxili iqtisadi problemlərin birgə həll edilməsi zərurəti eramızdan əvvəl burada tayfa ittifaqlarının yaradılmasına və dövlətin meydana çıxmasına səbəb olmuşdur. Strabonun gözəl, ucaboy, ürəyiaçıq və səxavətli insanlar kimi xarakterizə etdiyi albanlar özlərini "ağuanlar", yəni "mehriban insanlar", yaşadıqları ölkəni isə "Ağuvan" adlandırmışlar. Qədim Roma və yunan mənbələrində isə dövlətin adı "Albaniya" şəklində yazılmış, tarixə elə bu adla da daxil olmuşdur. Klavdi Ptolemey II əsrdə ölkədə 29 şəhər və iri yaşayış məntəqəsinin olduğunu yazır.
Zaqafqaziyanın ərəblər tərəfindən işğalı dövründə, VIII əsrin əvvəllərində bu dövlət dağılmışdır. Hal-hazırda Azərbaycan Respublikası ərazisində Qafqaz Albaniyasının zəngin memarlıq irsinə aid xeyli məbəd, kilsə və monastırlar vardır. Albaniyanın həqiqi tarixinin və abidələrinin öyrənilməsi sahəsində son vaxtlar tədqiqatçı alimlərimiz tərəfindən müəyyən işlər görülmüşdür. İndiki Ermənistan ərazisində hələ xristianlıqdan xeyli əvvəl müxtəlif alban məbədləri mövcud olmuşdur.
Eramızdan əvvəl I əsrin sonlarında yaşamış antik müəllif Strabon Albaniyada yaşayan tayfaların dini etiqadlarından bəhs edərək yazır ki, onlar Heli (günəş), Zevs (atəş) və Selen (ay) ilahələrinə sitayiş edirlər. Xüsusi etiqad etdikləri Ay ilahəsinin müqəddəs məbədi İberiya yaxınlığında yerləşir. Ölkədə günəş, ay və bütpərəstlik məbədləri ilə yanaşı, çoxlu sayda atəşpərəstlik məbədləri də mövcud olmuşdur.
Məbədlərin inşasına və fəaliyyətinə rəhbərlik edən baş kahin çardan sonra ən hörmətli şəxs hesab olunurmuş. Məbədlərdən qaçıb meşələrdə gizlənən məbəd qulları kahinlərin göstərişi ilə tutulub müqəddəs zəncirlə bağlanır, bir il təmtəraqlı şəraitdə bəslənilib saxlanıldıqdan sonra məbəddə qurban verilirmiş. Bu məbədlərin bir hissəsi sonralar xristian məbədlərinə çevrilmiş, əksər hissəsi isə islam dininin yayıldığı dövrdə dağıdılmışdır. Qafqaz Albaniyasında atəşpərəstlik məbədlərinin tikilməsi eramızdan əvvəl VII əsrdə zərdüştilik dininin yayılması ilə əlaqədar idi. Bu məbədlərin qalıqlarına Qərbi Azərbaycanda indi də təsadüf edilir.
Eramızın I əsrindən başlayaraq Roma imperiyası ərazisində yaranmış xristianlıq dini imperiya ilə iqtisadi və mənəvi əlaqələri olan Zaqafqaziyaya da yayılmağa başlamışdır. Alban tarixçisi Moisey Kalankatuylunun "Aqvan tarixi" əsərində Qafqaz Albaniyasında xristianlıq dininin yayılması, müxtəlif kilsə və məbədlərin tikilməsi barədə qiymətli məlumatlar vardır. Tarixi mənbələrdə Alban kilsəsi apostol kilsəsi adlandırılır. Çünki xristianlığı Albaniyaya eramızın 54-57-ci illərində apostol müqəddəs Yelisey gətirib. Təqribən üç əsr sonra parfiyalı missioner müqəddəs Qriqorisin fəaliyyəti nəticəsində ermənilər bütpərəstlikdən əl çəkib 327-ci ildə xristianlığı qəbul etmişlər. Bu barədə Alban salnaməçisi Moisey Kalankatuklunun əsərində kifayət qədər məlumat vardır.
Albaniya çarı III Vaçaqanın, ölkənin görkəmli din və dövlət xadimlərinin iştirakı ilə keçirilmiş Alban kilsəsinin 488-ci il Aquen məclisindən sonra xristian memarlığı üslubunda məbədlərin inşası geniş vüsət almışdı. III Vaçaqanın (487-510-cu illər) hakimiyyəti dövründə Albaniyada 300-dən çox kilsə və məbəd tikilmişdir. VII əsrin ortalarına yaxın ölkədə ixtiyarlarında kəndlər və torpaq sahələri olan 30-dan artıq monastır olmuşdur. Qərbi Azərbaycan ərazisində Albaniya çarları tərəfindən xristian məbədləri və monastırların tikilməsi barədə "Alban tarixi" salnaməsində məlumatlar vardır. Alban xristian məbədlərinin bir qismi hal-hazırda mövcuddur. Lakin ermənilər tərəfindən müxtəlif dövrlərdə bu abidələrin kitabələri pozulmuş və məbədlərin ermənilərə aid olduğunu göstərən yeni şaxta kitabələrlə əvəzlənmişdir.
İndiki Ermənistan ərazisindəki alban xristian məbədlərini buna misal g
östərmək olar: Zəngəzurda Tatev monastır kompleksi (IX-XII əsrlər); İcevanda Ağarçin monastır kompleksi (IX-XII əsrlər); İcevanda Kecəris monastır kompleksi (XI əsr); Karkor məbədi (X əsr); Qoşavənd kilsəsi (XIII əsr) və s.
Şaqakat məbədi Üçkilsə (1945-ci ildən Eçmiədzin) rayonunda Üçkilsə məbədindən şimal-şərqdə, Üçkilsə və Müqəddəs Ripsime məbədlərinin arasında yerləşir. V əsrə aiddir. Masdərə məbədi Talın rayonunun Masdərə (1965-ci ildən Dalarik) kəndində, Masdərə çayının kənarında yerləşir, V-VII əsrlərə aiddir. Günbəzli məbədi öz adını Masdərə kəndindən almışdır. Aşelişad-Xorvirab məbədi Vedibasar mahalının aran hissəsində, Araz çayı sahilində yerləşir. V əsrə aiddir. Avan məbədi Qırxbulaq mahalında, Ellər (1961-ci ildən Abovyan) rayonunun Avan kəndində, İrəvandan Baş Gərniyə gedən yolun üstündə yerləşir. VI əsrdə tikilmişdir. Uzunlar məbədi Allahverdi (1969-cu ildən Tumanyan) rayonunun Uzunlar (1968-ci ildən Odzun) kəndində yerləşir, VI əsrdə inşa edilmişdir. Yağaverdi məbədi Əştərək rayonunun Yağaverdi kəndində yerləşir. VI-VII əsrlərə aiddir. Putqun məbədi Qırxbulaq mahalında, Ellər rayonunun Putqun kəndində yerləşir. VI əsrin sonları, VII əsrin əvvəllərinə aiddir. Üçkilsə məbədi Üçkilsə ərazisində yerləşir. V əsrə aiddir. Müqəddəs Ripsime məbədi də Üçkilsə rayonu ərazisində, Üçkilsə məbədindən təxminən 1 km şərqdə yerləşir, V əsrə aiddir.
"Alban tarixi" salnaməsinin müəllifi Moisey Kalankatuklunun, salnaməçi Mxitar Qoşun və digər çoxsaylı tarixi mənbələrin məlumatlarına görə, XIII əsrdə Yuxarı Xaçın alban knyazı, Arsax hakimi Həsən Calal Dövlə, onun anası Vaxtanq, gəlini Arzu xatun, oğlu Baxram və knyaz Həsənin nəslindən olan digər knyazlar indiki Ermənistan ərazisində xeyli xristian məbədləri tikdirmiş və təmir etdirmişlər. Alban xristian kilsəsi 1836-cı ildə Rusiya dini işlər idarəsinin qərarı ilə ləğv olunana qədər xristian kilsə və məbədlərin inşası işini davam etdirmişdir.
Tədqiqatçı alimlərin fikrincə, ərəb işğalından sonra Albaniyanın Sisakan-Sunik vilayətində xristian memarlıq məktəbi IX-X əsrlərdə güclü inkişaf etmişdi. Ərəb xilafətindən asılı olan Sisakan xristian vilayətində özünəməxsus memarlıq planlaşdırma xüsusiyyətləri olan xristian məbədləri inşa edilmişdir. Zəngəzurda tikilmiş və zəmanəmizə gəlib çatmış məşhur Tatev monastır kompleksi (IX-XII əsrlər) bu abidələr içərisində orijinal memarlıq kompozisiya həlli nöqteyi-nəzərindən diqqətəlayiqdir.
VII əsrin ortalarında Qafqaz Albaniyası ərəblər tərəfindən işğal edildikdən sonra Qafqaz Albaniyası ərazisində əhalinin bir hissəsinin islamlaşması, dağlıq hissəsində isə xristian dinli əhalinin erməniləşməsi kimi mürəkkəb etnik proses uzun müddət davam etmiş və alban tayfalarının birləşib vahid xalq halında formalaşmasına mane olmuşdur.
Ərəb işğalçılarına qarşı baş verən üsyanlardan təşvişə düşən Xilafət ölkədəki şəhərlərin qala divarlarını, güclü qalaları, məbədləri dağıdır, cəza tədbirlərinə və hiylələrə əl atırdı.
Elmə çoxdan
məlum olan belə bir tarixi həqiqəti bir daha xatırlatmaq istərdik ki, nəinki indiki Ermənistanın ərazisində, ümumiyyətlə Qafqazda belə heç vaxt ermənilərin vətəni olmamışdır. Nüfuzlu şərqşünas alimlərin fikrincə, erməni etnosu eramızdan əvvəl II minilliyin sonu, I minilliyin I yarısında Fərat çayının yuxarı vadilərində formalaşmışdır.
Məlum olduğu kimi, eramızdan əvvəl 66-cı ildə II, Tiqranın hakimiyyəti dövründə Ermənistan dövlət müstəqilliyini itirərək Roma imperiyasının vassalına, əyalətinə çevrilmişdi. Bu hadisəni təsdiq edən antik Roma müəllifi Fest "Roma xalqının tarixinin qısa xülasəsi" əsərində yazır: "Eİmperator Troyanın hakimiyyəti dövründə Ermənistan çarının hakimiyyəti əlindən alındı: Ermənistan, Mesopotamiya, Assuriya və Ərəbistan əyalətlərə çevrildilər".
Tarixi faktların və mənbələrin araşdırılması göstərir ki, indiki Ermənistan ərazisindən həmvətənlərimizin deportasiyası və ermənilərin orada məskunlaşdırılması XIX əsrin birinci yarısında Rusiya-İran və Rusiya-Türkiyə müharibələri nəticəsində bu ərazilər Rusiyanın tərkibinə daxil edildikdən sonra başlamış, gah müxtəlif bəhanələrlə gizli, gah da açıq zorakarlıq yolu ilə həyata keçirilmişdir.
1988-1991-ci illərdə SSRİ imperiyasının süqutu dövründə milli şovinizm siyasəti faktiki olaraq dövlət siyasətinə çevrilmiş Ermənistandan, bütün az
ərbaycanlı əhali ulu əcdadlarının min illər boyu yaşadıqları torpaqlardan zorla qovulmuşlar. İndi Qərbi Azərbaycanın əhalisi ancaq ermənilərdən ibarətdir. Xalqımızın tarixi keçmişinə aid maddi-mədəniyyət abidələrinin bir hissəsi erməniləşdirilmiş, islam mədəniyyəti abidələri isə yerlə yeksan edilmişdir.
1832-ci ildə Rusiya mütəxəssisləri İrəvan şəhərində 12 məscid binasını qeydə almışlar.
Bunların bir çoxunun adları məlumdur: Qala məscidi, Şah Abbas məscidi, Zal xan məscidi, Novruzəli bəy məscidi, Sərtib xan məscidi, Hüseynəli xan məscidi, Hacı İmamverdi məscidi, Hacı Cəfər məscidi və başqaları.
Vaxtilə indi Ermənistan adlanan ərazidə mövcud olmuş abidələrimizdən bəzilərini xatırlatmaq ist
ərdik.
Elmi ədəbiyyatda olan məlumatlara görə, İrəvan qalası Səfəvilər dövlətinin banisi Şah İsmayıl Xətainin göstərişi ilə XVI əsrdə inşa edilmişdi. Osmanlı-İran müharibələri zamanı qalanın dağılmış hissələri 1582-83-cü illərdə bərpa edilmişdi. Qalanın uzunluğu 850, eni 790 m, qala divarlarının hündürlüyü 10 m olmuşdur. Bu qala təqribən 1000 m məsafədən Keçiqala adlandırılan ikinci qala ilə əhatə olunmuşdu. XIX əsrin sonlarında İrəvan qalasını ermənilər tamamilə dağıtmışlar.
Sərdar xan sarayı adlandırılan memarlıq abidəsi İrəvan qalasında yerləşirdi. Səfəvilər dövründə inşa edilmiş, sonralar İrəvan xanlarının sarayı olmuşdur. 1760-1770-ci illərdə İrəvan hakimi Hüseynəli xan (1762-1783-cü illər) binanı əsaslı bərpa etdirmiş, oğlu Məhəmməd xan (1784-1805-ci illər) isə sarayın məşhur Güzgülü zalını və yay iqamətgahını inşa etdirmişdi. Sərdar xan sarayı XX əsrin I yarısında ermənilər tərəfindən dağıdılmışdır.
Şah Abbas məscidi İrəvan qalasında yerləşirdi. Sərdar sarayının şərqində yerləşən bu məscid 1606-cı ildə Səfəvi hökmdarı I Şah Abbas (1587-1629) tərəfindən inşa edilmişdir. Məscidin ətrafında mədrəsə, kitabxana, karvansara və onları əhatə edən böyük həyət, həyətdə hovuz olmuşdur. Qala Sərdar məscidi - "Qala məscidi" və ya "Köhnə məscid" İrəvanda 1510-cu ildə Şah İsmayılın əmri ilə tikilmişdir. 1589-cu ildə osmanlılar tərəfindən bərpa edilmişdir. Onu "Sərdar məscidi" də adlandırırdılar. Hacı Novruzəli məscidi İrəvan şəhərində yerləşirdi. XVIII əsrin ikinci yarısında tikilmişdir. Məscid şəhərin Hacı Novruzəli məhəlləsində (dəmiryolu vağzalı yaxınlığında) yerləşir. Orta əsrlərdə Səfəvilərin hakimiyyəti illərində və İrəvan xanlarının dövründə İrəvan şəhərində və bazar meydanının ətrafında karvansaralar inşa edilmişdi. Bişmiş kərpicdən tikilmiş bu memarlıq abidələri XVI-XVIII əsrlərə aiddir. XIX əsrin birinci yarısında İrəvanda aşağıdakı karvansaralar mövcud olmuşdur: Culfa karvansarası, Gürcü karvansarası, Zöhrab xan karvansarası, Tahir karvansarası, Hacı Əli karvansarası, Sulu karvansara, Susuz karvansara və başqaları. Bu milli memarlıq abidələrimizin çoxu ermənilər tərəfindən dağıdılmışdır. Dəmirbulaq məscidi İrəvan şəhərində yerləşir. Şəhərin Dəmirbulaq məhəlləsində yerləşdiyi üçün "Dəmirbulaq məscidi" adlanır. Bu məscidə xalq arasında "Günlüklü məscid" də deyilir. Məscidi Hacı Müzəffər XVII-XVIII əsrlərdə inşa etdirmişdir.
Pir Hüseyn türbəsi - Zəngibasar rayonunun mərkəzi olan Uluxanlı qəsəbəsindən 14 kilometr şimalda, İrəvan şəhərinin yaxınlığındakı Cəfərabad kəndində yerləşir. Qırmızı tuf daşdan inşa edilmişdir. Səkkizgüşəli türbədir.
Qaraqoyunlu əmirlərinin sərdabəsi üstündə ucaldılan türbənin hündürlüyü 12 m olmuşdur. Türbəni yuxarıdan kəmərvari əhatə edən ərəbdilli kitabədə Çuxur Səd vilayətinin Sakadlı tayfasından olan əmirləri Pir Hüseyn və atası Əmir Səədin (1411-ci ildə vəfat etmişdir) adları yazılmışdır. Türbə XV əsrə aiddir. Urud qəbiristanlığında qəbirüstü abidələr XV-XVII əsrlərə aiddir. Zəngəzur mahalının Qarakilsə (1940-cı ildən - Sisian) rayonunun Urud (1968-ci ildən - Vorotan) kəndindəki orta əsr qəbiristanlığında yüzə qədər üstü yazılı qəbirüstü sənduqə və qoç heykəlləri vardır. Hamamlı rayonunun Saralı kəndində yerləşən, XIX əsrə aid memarlıq abidəsi olan məscid binasını 1988-ci ildə ermənilər dağıtmışlar. Göy məscid və ya Hüseynəli xan məscidi İrəvan şəhərində yerləşir. Tikintisinə 1764-cü ildə başlanmış və həmin ildə İrəvan hakimi Hüseynəli xan Qacar (1762-1783) tərəfindən tamamlanmış, Hüseynəli xan məscidi adlandırılmışdır. Göy məscid İrəvan məscidləri içərisində ölçüsünə görə ən böyüyüdür. İrəvan şəhərinin mərkəzi məscidi idi. Məscid kompleksi ibadət və din xadimləri üçün yaşayış otaqlarından ibarətdir.
1921-ci ildən sonra Qərbi Azərbaycan ərazilərində olan şəhər, yaşayış məntəqələri və kəndlərin tarixi adları dəyişdirilib erməniləşdirilmişdir. Allahverdi, Qızılqoç, Calaloğlu, Karvansara, Hamamlı, Böyük Qarakilsə, Gümrü, Barana, Vorontsovka, Amasiya, Əltik, Əştərək, Molla Göycə, Abaran, Yuxarı Talın, Dilican, Qırmızı kənd, Yelenovka, Axta, Kəvər, Basarkeçər, Aşağı Qaranlıq, Soylan, Keşişkənd, Gorus, Qafan, Qarakilsə və Meğri yaşayış məntəqələrində azərbaycanlılara məxsus orta əsrlərə aid qəbiristanlıqlar, qoç və at fiqurlu dekorativ məzar daşları, türbələr, məscidlər, ümumiyyətlə, islam mədəniyyətinə aid bütün maddi-mədəniyyət abidələri ermənilər tərəfindən dağıdılmışdır. İctimai fikri çaşdırmaq məqsədilə İrəvan şəhərində yerləşən Göy məscid "Fars məscidi" adlandırılıb və təmir edilib ki, İrandan gələn tacirlər və iş adamları ibadət etsinlər.
1990-cı illərin əvvəllərində Azərbaycan Respublikasına qarşı əsassız ərazi iddiaları ir
əli sürüb, beynəlxalq hüquq normalarını pozaraq hərbi təcavüz yolu ilə ölkəmizin ərazisinin bir hissəsini işğal etmiş Ermənistan hərbi birləşmələri milli mədəniyyət abidələrimizi qəddarcasına dağıtmışlar. İşğal zonalarında maddi mədəniyyət yadigarlarımızın dağıdılması prosesi hələ də davam edir. İşğal zonalarında xalqımızın mədəni irsinə aid yüzlərlə abidə qalmışdır. İşğalçılar genişmiqyaslı, qeyri- peşəkar arxeoloji qazıntı işləri aparır, kurqanları dağıdır, qarət etdikləri tapıntıları Ermənistana daşıyırlar.
Azərbaycan xalqının mədəni irsi bəşər mədəniyyətinin ayrılmaz tərkib hissəsi olduğundan işğal edilmiş ərazilərdə xalqımızın çoxəsrlik tarixi keçmişindən yadigar qalmış abidələrin dağıdılması beynəlxalq əhəmiyyət kəsb edən bir problemdir. Bu, erməni şovinistlərinin bütün bəşəriyyətə qarşı törətdikləri cinayətdir.

Azərbaycan.- 2008.-18 aprel.- S. 7.