Nizamiqızı H.

 

Beynəlxalq Abidələr Günü Azərbaycanda geniş şəkildə qeyd olundu

 

           Dünən Muzey Mərkəzində 18 Aprel - Beynəlxalq Abidələr

Günü münasibətilə konfrans keçirildi və fotosərginin açılışı oldu. 1982-ci

ildən etibarən İCOMOS-un (Abidələr və Tarixi Yerlər üzrə Beynəlxalq

Şura) qərarı ilə mədəni irsin, abidələrin qorunması günü kimi qeyd olunan

bu tarixə 1983-cü ildən etibarən Birləşmiş Millətlər Təşkilatı tərəfindən

beynəlxalq status verilib.

Azərbaycan müstəqillik əldə etdikdən sonra isə bu tarixi günə xüsusi önəm verilir, bu münasibətlə ölkənin əksər bölgələrində müxtəlif tədbirlər,  qoruqlarda «açıq qapı» günləri, mədəni irsimizin uşaq və gənclər arasında təbliğinə yönəlik yığıncaqlar keçirilir.

Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə baş tutan konfrans və fotosərgidə milli-mədəni  abidələr,  onların qorunması, bəprası və gələcək nəsillərə çatdırılması istiqamətində qarşıda duran məsələlər geniş şəkildə müzakirə olundu.

Tədbirdə açılış nitqi ilə çıxış edən Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev dövlətin mədəniyyət siyasətində maddi-mədəniyyət nümunələrinin qorunmasını diqqət mərkəzində saxlandığını deyərək, son bir ildə bu sahədə görülən işlər barədə ətraflı məlumat verdi.

Azərbaycanın beynəlxalq miqyasda qeyd olunan xüsusi bir günə qoşulmasının təsadüfi olmadığını əlavə edən nazir mədəniyyət nümunələrinin, tarixi abidələrin mühafizəsi istiqamətində istənilən təklifin ölkəmiz tərəfindən dəstəkləndiyini vurğuladı.

Bu proseslərin davam etdiyini deyən nazir ötən ilin sonlarında ölkə başçısının dövlət tarix memarlıq qoruqlarının yaradılması haqqındakı sərəncamlarını yada salaraq, bu qoruqların hər birinin daxilində çoxlu dini abidələrin də olduğunu xatırlatdı: «Məlumdur ki, bu il İCOMOS tərəfindən dini abidələrin və müqəddəs yerlərin qorunmasına xüsusi diqqət yetirilməsi tövsiyə edilmişdir. Bütün zamanlarda tolerantlığı ilə seçilən Azərbaycan xalqı ölkə ərazisində yerləşən bütün dini tikililəri, inanc yerlərini qoruyaraq indiki nəsillərə çatdırmışdır. Hökumətimiz tərəfindən milli, tarixi sərvətlərimizin qorunması, bərpası sahəsində məqsədyönlü və genişmiqyaslı tədbirlər görülmüş, onlarla memarlıq abidəsi bərpa olunmuş, arxeoloji abidələrdə qazıntı işləri aparılmış, kilsə və məscidlər restovrasiya olunaraq yenidən xalqın istifadəsinə verilmişdir. Unikal mədəniyyət abidələrinə həssas yanaşmağın nəticəsi olaraq mədəni sərvətlərimizin incisi Qobustan qoruğu 2007-ci ildə Ümumdünya İrs Siyahısına daxil edilmiş, xalqın inanc yerləri - Kürmük məbədi, Pir Hüseyn xanəgahı, Şeyx Cüneyd türbəsi, Rustov kənd məscidi də daxil olmaqla digər məbəd, kilsə, məscid, memarlıq abidələri üzərində əsaslı təmir-bərpa işləri aparılmışdır.

Abidələrə, xalqın, torpağın canlı yaddaşı sayılan tarixi mədəni incilərə diqqət və qayğı ənənəsini əsas götürərək bu işi bundan sonra da davam etdirəcəyik».

Sonra söz Memarlıq və İnşaat Universitetinin rektoru, memarlıq doktoru, professor Gülçöhrə Məmmədovaya verildi. Milli mədəni irsin mühafizəsində Mədəniyyət və Turizm Nazirliyinin gördüyü işlərin təqdirəlayiq olduğunu deyən Gülçöhrə xanım hər kəsin tarixi incilərin təəssübkeşi olmaq kimi müqəddəs vəzifəsinin olduğunu qeyd etdi.

Əldə edilən nailiyyətlərin miqyasının genişlənməsi üçün bu sahə ilə əlaqədar təşkilatların birgə, mütəşəkkil fəaliyyətini vacib sayan rektor nəticədə daha böyük uğurların qazanılacağını vurğuladı.

Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun direktor müavini Nəcəf Müseyibli öz çıxışında işğal olunmuş Azərbaycan ərzilərində dağıdılan maddi-mədəniyyət nümunələrimiz, fitnəkar erməni tədqiqatçılarının tarixi ərazilərimizdə gerçəkləşdirdikləri vandalizm siyasətindən söz açdı. Hazırda bəzi xarici tədqiqatçıların da Qarabağ ərazisində araşdırma apardığını və bu barədə İnternet saytlarında böhtan xarakterli materialların yerləşdirildiyini qeyd etdi.

Qədim yaşayış  məskənlərindən  olan Azərbaycan ərazilərində bir neçə tarixi mərhələni əhatə edən maddi sübutların çoxluğunun tədqiqatçıları buraya cəlb etdiyini deyən Fransanın ölkəmizdəki müvəqqəti işlər vəkili cənab Jan-İv Berto fransalı araşdırmaçıların tədqiqatlarının bunu bir daha əsaslandırdığını bildirdi.

Sonra söz mütəxəssislərə - Fransa Milli Elmi Araşdırmalar Mərkəzinin tədqiqatlar üzrə direktoru, arxeoloq, doktor Bertiy Lione Milan Universitetinin professoru, doktor Luici Skrinziyə verildi.

Azərbaycanın bir sıra bölgələrində həyata keçirdikləri arxeoloji tədqiqatlar barədə ətraflı məlumat verən araşdırmaçılar burada mis tunc dövrlərinə aid maddi sübutların çox olduğunu hələ tam araşdırılmamış obyektlərin tarixin daha dərin qatlarına gedib çıxmaq imkanı verdiyini dedilər.

Sonda konfrans iştirakçıları fotosərgi ilə tanış oldular. Ölkə ərazisindəki abidələrin, memarlıq kompleksi qoruqlan görüntülərinin yer aldığı sərgidə 100-dən çox nümayiş olunurdu.

 

Mədəniyyət.- 2008.- 19 aprel.- S. 4.