Quliyeva A.

 

Pəncərənin yeni sayı işıq üzü görüb

 

"Pəncərə" jurnalının aprel sayı, ənənəvi olaraq, baş redaktor Günel Anarqızının ön sözü ilə açılır. Baş redaktor oxuculara jurnalın bu sayında gedən yazıların anonsunu təqdim edir. İlk səhifələrdə 80 illik yubileyi ərəfəsində Bakının qonağı olmuş böyük yazıçı Çingiz Aytmatovun "Dağlar yıxılanda" başlıqlı geniş müsahibəsi yer alıb. Müsahibədə yaradıcılığı ilə bağlı sualları cavablandıran Çingiz Aytmatov eyni zamanda qloballaşma dövründə mənəvi dəyərlərin tədricən ortalıqdan çıxıb yerini tamam başqa məfhumlara verməsi məsələsinə da toxunub.
   Ülviyyə Heydərovanın "Gələcəyin rəssamı" yaz
ısı həyatdan nakam köçmüş, olduqca maraqlı həyat yolu keçmiş rəssam Əşrəf Muradoğlunun yaradıcılığı haqqındadır. Yazıyla yanaşı, jurnalın səhifələrində rəssamın əsərlərindən nümunələr oxuculara təqdim olunub.
   Aydın Dadaşovun "Şou-biznesdə canlı yayım" yazısı son vaxtlar telekanallarda canlı yayımlanan müxtəlif musiqi növlərini təbliğ edən müsabiqələrə həsr olunub. Pəncərənin "Üzbəüz" rubrikasının bu dəfəki qonaqları Salman Qəmbərov Rövşən Sənanoğludur. Onlar "Küləklər şəhərinin cazı" başlıqlı yazıda, adından göründüyü kimi, Bakı caz mühitindən söhbət açıblar.
   Aydın Kazımzadənin "İlk qadın kinorejissorumuz Qəmər Salamzadə" yazısında sənətkarın yaradıcılığı, tələbəlik illəri, ailəsi haqqında geniş məlumat verilir. "Bir balaca böyük oğlan" yazısında xalq şairi Səməd Vurğunun nəticəsi Vurğun Vəkilovun maraqlı müsahibəsi yer alıb. "Hacınskilər nəslinin rəvayəti" yazısı maarifçi-demokrat, ictimai xadim Məhəmməd Həsən Hacınski onun ailəsi haqqında bilgilərlə zəngindir. Sonuncu səhifələr isə İlqar Fəhminin "Xəttatlıq" yazısına ayrılıb.

 

525-ci qəzet.- 2008.- 18 aprel.- S. 7.