Əfsun
Yerli və xarici şirkətlərin turizm sərgisinə
marağı artıb
Əbülfəs Qarayev: "Azərbaycan turizm
cəlbediciliyi baxımından rəqabət qabiliyyətlidir"
Dünən
Heydər Əliyev adına İdman - Konsert Kompleksi
"VII Azərbaycan Beynəlxalq Səyahət və Turizm
sərgisi (AİTF - 2008)" iştirakçılarının
üzünə açıq elan edildi. Sərginin
açılış mərasimində çıxış
edən mədəniyyət və turizm naziri Əbülfəs
Qarayev bildirdi ki, turizm prioritet sahələrdən olduğundan,
hökumət onun inkişafı istiqamətində
mühüm addımlar atıb: "Yeni layihələr
həyata keçirilir, istirahət zonaları yaradılır
və mehmanxanalar tikilir, infrasturuktur inkişaf etdirilir.
Eyni zamanda ölkəmiz xaricdə aktiv təbliğ olunur.
Bu tədbirlərin nəticəsidir ki, Azərbaycan turizm
cəlbediciliyi baxımından başqa ölkələrlə
rəqabətaparıcı gücə malikdir". Nazir
qeyd etdi ki, AİTF-2008 sərgisi ölkəmizdə mehmanxana
xidmətlərinin də təkmilləşdirilməsinə
müsbət təsir göstərəcək: "Biz inanırıq
ki, bu tədbir turizm sahəsində çalışan
bir çox yerli və xarici şirkətlər arasında
biznes əlaqələrin yaradılmasına, şirkətlərin
göstərdikləri xidmətlər barədə məlumatlandırmanın
artımına və Azərbaycanın mədəni irsinin
dünya ictimayyətinə çatdırılmasına
xidmət edəcək, bunun üçün real imkanlar
yaradacaq". Ə.Qarayev sərgi iştirakçılarını
Azərbaycanda mövcud olan əlverişli investisiya
mühitindən faydalanmağa, səmərəli layihələr
həyata keçirməyə dəvət etdi. Turizm idarəsinin
rəisi Aydın İsmiyev bildirdi ki, 2002-ci ildə keçirilən
analoji sərgidə 10 şirkət iştirak etdiyi halda,
hazırda 28 ölkə burada turizm potensialını
nümayiş etdirir. Sərgi çərçivəsində
müxtəlif yeni layihələrin təqdimatının
da keçiriləcəyini deyən idarə rəisi
növbəti illərdə yerli şirkətlərin bu
sərgiyə daha fəal qoşulacağına əminliyini
ifadə etdi. "İteca Caspian" şirkətinin direktoru
Fərid Məmmədov isə qeyd etdi ki, bu dəfəki
sərginin ekspozisiya sahəsi ötən illə müqayisədə
50 faiz artıb. Qeyd edək ki, sərgi aprelin 18-dək davam
edəcək.