Əsədov B.

 

Azərbaycan turizminin yüz yaşı var

 

Amma böyük inkişaf yolu indi başlanır



Turizm həm mədəniyyət deməkdir, həm də əlbəttə ki, iqtisadiyyatın böyük sektoru deməkdir, eyni zamanda ölkələri birləşdirən amildir. Çünki insanların müxtəlif ölkələrə gəlişi, ölkələrin vəziyyəti, tarixi abidələri ilə tanış olması ölkələri bir-birinə daha yaxın edir... Biz indi bu sahəyə çox böyük diqqət göstəririk. Dövlət öz tərəfindən əlindən gələni etməyə çalışır ki, turizmin inkişafı üçün bütün infrastruktur layihələri tezliklə həyata keçirilsin.


İlham Əliyev


1971-ci ilin mayında Tbilisidə keçirilmiş və iştirakçısı olduğum turizm mövzusunda yazan jurnalistlərin Ümumittifaq toplantısında etdiyim qeydlərdən: Turizm asudə vaxtda səyahət, fəal istirahət növlərindən biridir. İnsanın səhhətini yaxşılaşdırır, iş qabiliyyətini artırır, görüş dairəsini genişləndirirE Beynəlxalq turizm XIX əsrin ortalarından inkişafa başlayıb, XX əsrin ikinci yarısından kütləvi xarakter alıb. Avropa - İspaniya, İtaliya, İsveçrə və digər ölkələr dünyanın əsas turizm regionudur, ikinci region Amerika - ABŞ və KanadadırE Turist hərəkatının əhatə dairəsinə görə SSRİ dünyada birinci yeri tuturE
Toplantıda çıxışımda isə Azərbaycanda turizmin inkişafından danışmış və bildirmişdim:
- Respublikamızda turizm sənayesinin təşəkkül tarixi 1934-cü ilə təsadüf edir. Paytaxtımızda "İnturist"in binası məhz həmin ildə tikilib. İki il sonra Bakı turist bazası, Hacıkənd turist evi və Göygöl turist düşərgəsi yaradılıb. Onların fəaliyyəti müharibə illərində dayandırılıb, 1947-ci ildə bərpa edilib və sonrakı illərdə Mingəçevir, Hacıkənd, Göygöl turist bazaları, Yalamada "Sputnik" turist düşərgəsi, Gəncə, Sumqayıt, Abşeron, Naftalan, Qarabağ ekskursiya büroları açılıb.
Onda rəsmi məlumat belə idi. İndi bəlli olur ki, Azərbaycan turist sənayesinin təməli ötən əsrin əvvəllərində qoyulub. 1908-ci ildə Bakıda baş idarəsi Odessada yerləşən Qafqaz Dağ-Turizm Klubunun nümayəndəliyi işə başlayıb. Ölkəmiz turizmin böyük inkişafı yoluna isə son illərdə çıxıb və artıq dünya turizm bazarına daxil olub.
Heç kəsə sirr deyil ki, hazırda respublikamızın iqtisadiyyatının əsasını neft sənayesi təşkil edir. Bu sahədə hər il milyardlarla dollar qazanc götürülür. Lakin neft və qaz tükənən ehtiyatlardır, necə deyərlər, bir gün gələcək, qurtaracaq. Odur ki, ölkə iqtisadiyyatını daha tarazlı və davamlı inkişaf etdirmək qayğısına qalmaq, bu məqsədlə onun digər sahələrini - qeyri-neft sektorunu, həmçinin turizmi genişləndirmək lazımdır.
Müasir turist sənayesi dünya iqtisadiyyatında ən yüksək gəlirli sahələrdəndir. Ümumdünya Turizm Təşkilatının məlumatına görə, son on ildə turistlərin sayı ildə orta hesabla 4,5 faiz, turizmdən qazanc isə 7,9 faiz artıb. Bir sıra kiçik ölkələr, habelə Fransa, İspaniya, Türkiyə və digər inkişaf etmiş dövlətlər turizmdən xeyli dərəcədə gəlir götürürlər. Turizm bu ölkələrin büdcələrində mühüm yer tutur və ümumi daxili məhsulun on faizə qədərini verir. Turizmin gəlir artımı dinamikası iqtisadiyyatın digər sahələrinin gəlir artımı dinamikasını əhəmiyyətli qədər üstələyir. ABŞ-ın, Fransanın, Türkiyənin, İspaniyanın və digər ölkələrin təcrübəsi göstərir ki, turist-rekreasion istirahətdən optimal və effektiv istifadə büdcəyə daxilolmaları 35 faizdən 60 faizədək təmin edə bilər. Bundan əlavə, turizm hər bir dövlətin beynəlxalq arenaya çıxışını sürətləndirmək, mövcud imkanlarını, mədəniyyətini təbliğ etmək, tanıtmaq vasitəsidir. Ermənistanın vətənimizə təcavüzü, 20 faizdən çox ərazimizi işğal altında saxlaması, bir milyon əhalimizin qaçqın və məcburi köçkün həyatı yaşaması bizdə turizm sənayesinin inkişafına diqqətin daha da artırılması zərurətini irəli sürür. Qoy yer üzünün hər yerindən gəlib günəşli respublikamızı görsünlər, qonaqpərvər xalqımızla, çoxəsrlik tariximizlə, gözəl adət-ənənələrimizlə, milli mətbəximizlə yaxından tanış olsunlar, bilsinlər biz kimik, ermənilər kimdir.
Azərbaycan varlı və səxavətli, turizmin inkişafı üçün çox əlverişli ölkədir. Şərqlə Qərbi birləşdirən coğrafi məkanda yerləşir, fərqli mədəniyyətləri və dünyagörüşlərini bir araya gətirən tolerant dövlət kimi tanınır. Allahın qüdrətindən ilboyu gəzməli, görməli, dincəlməli, əylənməli yerlərimiz var. Planetimizin 11 iqlim qurşağından doqquzu ölkəmizdən keçir. Dünya arxitekturası irsinin qızıl fonduna daxil olmuş qədim memarlıq abidələrinə, nadir heyvan və bitkiləri ilə zəngin qoruqlara, milli parklara malikik. Xəzərin 825 kilometr uzunluğunda sahil zonası dəniz vurğunlarını heyran edir. Dəniz-meşə mənzərəsindən zövq almaq istəyənlər Nabrana gedə, dağ havasına, bulaq suyuna, gur şəlalələrə, qış turizminə üstünlük verənlər yollarını Şəkidən, Qusardan, Qubadan, Şamaxıdan, İsmayıllıdan, Oğuzdan, Qəbələdən sala, Böyük Qafqazın zirvələrinə qalxa, möcüzə həvəskarları dağlar gözəli Göygölə, Maralgölə baş çəkə bilərlər.
Ulu öndər Heydər Əliyev respublikamızın bu böyük potensialını yüksək qiymətləndirərək turizm sahəsində uğurlu islahatlar aparılmasına nail olmuşdur. Ümummilli liderin siyasi kursunu yeni çalarlarla zənginləşdirən Azərbaycan Prezidenti İlham Əliyev də turizmin inkişafına xüsusi diqqət yetirir. Dövlət başçısı ölkədə bu sahənin inkişafını regionlarda yeni iş yerlərinin açılması, infrastrukturun yeniləşməsi, bölgələrin sərmayə cəlbediciliyinin artırılması baxımından son dərəcə vacib sayır. 2004-2008-ci illərdə regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramında yer almış turizmin inkişafına xidmət edən kompleks tədbirlər də məhz bu zərurətdən irəli gəlmişdir.
Belə qayğının nəticəsidir ki, rəsmi məlumata görə, bu gün Azərbaycanda artıq 252 şirkət turizm fəaliyyəti ilə məşğuldur. Keçən il ölkəmizə ilk dəfə 1 milyon nəfərdən artıq turist gəlib. Əsasən İrandan, Rusiyadan, Avropa ölkələrindən və Yaponiyadan gələn turistlər daha çox Lahıcda dincəlməyi xoşlayırlar. Buna görə uca dağ kəndi Lahıcın yaxınlığında "Şirinsu" turist zonası yaradılması qərara alınıb.
Burada on hektar sahədə otel, kotteclər, restoran, hovuz, tennis kortu digər obyektlər inşa ediləcək. Yeni baza İsmayıllı rayonunda beşinci turist mərkəzi olacaq.
Turistlər üçün xüsusilə maraqlı regionlarda infrastrukturun inkişafı yerli əhalini xaricdənsə Azərbaycanın özündə istirahətə sövq edir. Şəhər sakinləri bunun üçün başlıca olaraq Nabran zonasını, Şəki, Quba, Qusar Qəbələ bölgələrini seçirlər. İndi Qəbələdə 18 turist obyekti fəaliyyət göstərir 900 yerlik otelli turist-rekrasion kompleksi salınır.
Prezident İlham Əliyev turizmi milli mədəniyyətin tərkib hissəsi kimi dəyərləndirərək bu sahədə həyata keçirilən dövlət siyasətini təkmilləşdirmək məqsədilə 2006-cı il yanvarın 30-da yeni dövlət qurumunun - Mədəniyyət Turizm Nazirliyinin yaradılması barədə fərman imzalamışdır. Eyni zamanda dövlət başçısının fərmanı ilə mehmanxana mehmanxana tipli obyektlərə lisenziya verilməsi bu nazirliyə həvalə olunmuşdur. İndiyədək təsnifatdan keçmiş mehmanxana mehmanxana tipli obyektlərin 172-si lisenziya alıb, onlardan 46-sı ulduzlu, o cümlədən 10-u beş, 20-si dörd ulduzludur. Turizm şəbəkəsində çalışan kadrlar yetişdirəcək yeni Turizm İnstitutunun bu sahənin inkişafına köməyi olacaqdır. Möhtərəm Prezident İlham Əliyevin qəti tələbidir: "Biz əgər istəyiriksə Azərbaycanda güclü turizm mərkəzi olsun, bütün işləri ən yüksək səviyyədə görməliyik".
Mədəniyyət Turizm Nazirliyi Azərbaycanda turizmin inkişafının uzunmüddətli strategiyası 2008-2016-cı illərdə turizmin inkişafı üzrə Dövlət Proqramı üzərində işi artıq yekunlaşdırıb. Nazirliyin aparat rəhbəri, iqtisad elmləri namizədi, dosent Firudin Qurbanov deyir:
- Turizmin inkişafı Proqramının ən mühüm tərkib hissələrindən biri regionlarda mehmanxana potensialının gücləndirilməsidir: 2016-cı ildə mehmanxana, motel digər bu tipli obyektlərdə yerlərin sayı mövcud 24 mindən 150 minə çatdırılmalıdır. Həm təkcə yerlər artırılmamalı, eyni zamanda bütün lazımi infrastruktur - əyləncə mərkəzləri, idman kompleksləri, restoranlar, hovuzlar, saunalar buna uyğunlaşdırılmalıdır. Paralel olaraq iri regional lokal rekrasion zonaların inkişafı üçün nəqliyyat mühəndis kommunikasiyaları çəkilməli, reklam lövhələri qurulmalı, habelə müvafiq turist marşrutları üçün yardımçı infrastruktur yaradılmalıdır. Dövlət Proqramında Azərbaycan turizminin potensialının təbliğinin gücləndirilməsinə - reklam materiallarının hazırlanmasına, beynəlxalq sərgilər seminarlar keçirilməsinə xüsusi diqqət yetirilib. Turist obyektlərinin ümumi heyətlərinin təhsili treninqləri sisteminin təkmilləşdirilməsi sənədin prioritet istiqamətlərindəndir.
Mədəniyyət Turizm Nazirliyində indi turist zonaları haqqında əsasnamə hazırlanır. Burada ölkənin turist potensialından tam istifadə edilməsi üçün hansı obyektin harada vaxt işə salınmasının vacibliyi geniş əksini tapacaq. Dövlət Proqramına Əsasnaməyə daxil edilmiş strateji layihələr sırasında Qusar rayonunda dağ-xizək idmanı turizm bazalarının yaradılması da var. Yeri gəlmişkən, artıq bu bazalara yollar çəkilməsinə başlanıb. Avstriya podratçısı isə Qusarda dağ-xizək kurortunun planını tərtib edib. İlk mərhələdə min yerlik şəhərcik tikmək, sonra burada yerlərin sayını beş minə çatdırmaq nəzərdə tutulur. Xızı-Dəvəçi bölgəsində dəniz kənarında salınacaq kurort-turist zonasının xüsusi layihəsi işlənir. Miqyasına görə belə bir layihənin Lənkəranda həyata keçirilməsinə başlanıb, bu məqsədlə min yerlik kurort şəhərciyi üçün geniş bir ərazi ayrılıb. Astarada iki hektar sahəni əhatə edəcək yeni turist kompleksində avtovağzal, ikimərtəbəli mehmanxana, bank ofisləri, örtülü bazar, ticarət obyektləri olacaq, yüzlərlə adam işləyəcək. Yaxın gələcəkdə Nargin adasında tikiləcək turist kompleksinin layihəsi hazırlanır. Onun inşasına beş-altı xarici kompaniya maraq göstərir.
Bütün bu digər tədbirlər ölkəmizin turizm sektorunda keyfiyyət dəyişikliklərinə nail olmağa onun potensialını bir neçə dəfə yüksəltməyə yönəldilib. Dövlət Proqramının reallaşacağı təqdirdə sürətli iqtisadi inkişaf sayəsində ölkəmizə turist axınının ildə on faiz artacağı, yaxın on ildə hər il üç milyon nəfərə çatacağı gözlənilir.

Azərbaycan.- 2008.- 6 aprel.- S. 8.