Kazımlı X.

 

Azərbaycanın sosial-iqtisadi tərəqqisində modernləşmə yanaşmaları

 

"Azərbaycan dövləti demokratik prinsiplər əsasında fəaliyyət göstərməlidir, öz tarixi ənənələrindən, milli ənənələrindən bəhrələnərək, dünya demokratiyasından, ümumbəşəri dəyərlərdən səmərəli istifadə edərək demokratik dövlət quruculuğu yolu ilə getməlidir"


Heydər Əliyev

 

Müstəqilliyin əldə edilməsi ölkəmizin qarşısında diktaturadan demokratiyaya, komanda iqtisadiyyatından sərbəst bazar iqtisadiyyatına, iki əsrlik işğalçılıq tarixi olan imperiya əyalətindən milli dövlətə çevrilmək vəzifələrini qoydu. Ötən əsrin 90-cı illərinin ortalarında ümummilli lider Heydər Əliyev Azərbaycanda müstəqil dövlət yaradılması və dövlətçiliyin möhkəmləndirilməsi, idarəetmə proseslərinin demokratikləşdirilməsi, milli iqtisadiyyatda durğunluq və dağılma prosesinin dayandırılması, hərtərəfli inkişafa meydan açılması məqsədi daşıyan sosial-siyasi və iqtisadi islahatlar həyata keçirməyə başladı. Tariximizin bu taleyüklü dövrü milli dövlət qurulması üçün o vaxt zəruri olan qətiyyətli etatist yanaşmanın əsası, başlıca mənbəyi olmuşdur. Bu yanaşmanın bazis konsepti isə Azərbaycan cəmiyyətinin siyasi, iqtisadi və sosial-mədəni modernləşməsinin prioritet komponenti kimi realpolitik çıxış etmişdir. Hazırda sosial-mədəni transformasiyanı milli tranzitin iki aspekti - iqtisadi və siyasi modernləşmə müəyyən edir. Demokratiya, bazar iqtisadiyyatı və vətəndaş cəmiyyəti idealı tədricən cəmiyyətin inkişaf strategiyasının əsas məzmununa çevrilmiş, beləliklə də, müasir milli dövlətin başlıca dəyərləri olmuşdur.
1993-cü ilin 15 iyununda xalqın tələbi ilə hakimiyyətə qayıdan ulu önd
ər Heydər Əliyev Azərbaycanın ən yeni tarixində, müstəqilliyimizin, dövlətçiliyimizin taleyində xilaskar missiyasını yerinə yetirdi. Bu dövr müstəqil Azərbaycanın həyatında demokratik, hüquqi dövlətin əsaslarının yaradılması, möhkəmləndirilməsi, daxili və xarici siyasətin başlıca yönlərinin müəyyənləşdirilməsi, ölkədə əmin-amanlığın, sabitliyin yaradılması, vətəndaşların təhlükəsizliyinin qorunması, bir sözlə, müstəqilliyin əbədi, dönməz olması üçün milli strategiyanın həyata keçirilməsi dövrü kimi səciyyələnir.
1995-ci il noyabrın 12-də müstəqil dövlətimizin yeni Konstitusiyasının qəbulu ilə yanaşı, demokratik seçki ənənələrinin formalaşdırılması istiqam
ətində də praktik addımlar atılmışdı. O vaxt azad, ədalətli və şəffaf keçən seçkilərdə Azərbaycan Respublikasının Milli Məclisi formalaşdırılmış, demokratik parlamentarizm təcrübəsinin əsası qoyulmuşdur. Sonrakı illərdə yeni qanunların qəbulu ilə müstəqil dövlətin fəaliyyəti üçün hüquqi baza yaradılmışdır. Ulu öndərin iradəsi və yorulmaz fəaliyyəti ilə beynəlxalq aləmə inteqrasiya yolu tutan, demokratik dəyərlərə sadiqliyini bütün dünyaya bəyan edən Azərbaycan dövlətinin xarici əlaqələri genişlənmişdir. 2001-ci ilin yanvarında Azərbaycan Avropa Şurası kimi mötəbər təşkilata üzv olaraq "Avropa evi"nin tamhüquqlu və etibarlı sakininə çevrilmiş, bu isə ölkədə demokratikləşmə proseslərinə, siyasi mühitin liberallaşdırılmasına təkan verən yeni qanunların qəbuluna və daha da təkmilləşdirilməsinə imkan yaratmışdır.
Ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərliyi dövr
ündə həyata keçirilən əsaslı islahatların mühüm bir istiqamətini də məhkəmə-hüquq sisteminin, prokurorluq, polis, ədliyyə orqanlarının yeniləşdirilməsi, bu kontekstdə insan və vətəndaş hüquq və azadlıqlarının maksimum dərəcədə müdafiəsi üçün çevik mexanizmlərin yaradılması, habelə qanunların aliliyinin təmin olunması məsələləri təşkil etmişdir. Respublikamızda üçpilləli məhkəmə sisteminin formalaşdırılması, Konstitusiya Məhkəməsinin fəaliyyətə başlaması, insan hüquqları üzrə müvəkkil institutunun yaradılması, mətbuatın, qeyri-hökumət təşkilatlarının fəaliyyəti üçün geniş imkanlar açılması demokratik inkişaf yolunda əldə edilən mühüm nailiyyətlərdəndir. Ölkəmizdə davamlı olaraq baş verən sosial-iqtisadi tərəqqinin müasir modernləşmə yanaşmalarına diqqətin artırılması, tanınmış alimlərin və dövlət adamlarının həmin məsələnin öyrənilməsinə xüsusi əhəmiyyət verməsi cəmiyyət tərəfindən olduqca təqdirəlayiq bir proses kimi qarşılanır.
Akademik Ramiz Mehdiyev 2007-ci ilin may ayında keçirilmiş "Keçid cəmiyyətlərində demokratiya" mövzusunda beynəlxalq konfransda çıxış edərkən demokratik cəmiyyətin yaradılmasında təkamül yoluna üstünlük verilməsi ideyasını önə çəkmişdir. O, "Gələcəyin strategiyasını müəyyənləşdirərkən: modernləşmə xətti " adlı əsərində demokratiyanın Azərbaycan dövlətçiliyinin inkişafındakı rolunu çox yüksək qiymətləndirərək qeyd edir:"Demokratiya xətti Azərbaycan dövlətçiliyinin inkişafının əsas vektoru və milli inkişaf strategiyasının həlledici amilidir."
2003-cü il milli transformasiyanın yeni mərhələsinin başlanğıcı oldu, səlis, sabit siyasi sistem çoxukladlı iqtisadi strukturun intensiv formalaşmasına yönəldildi.
Həmin dövrdə cənab İlham Əliyevin prezidentlik fəaliyyətinin əsas konsepsiyası güclü iqtisadi bazanın formalaşdırılmasından ibarət idi.
Son illərdə ölkəmizdə Azərbaycan neftinin dünya bazarlarına, o cümlədən Avropa bazarına çıxarılmasına imkan vermiş Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəməri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri kimi qlobal layihələr başa çatdırılmışdır. Regional iqtisadi əməkdaşlığın mühüm tərkib hissəsinə çevriləcək, perspektivdə Şimalla Cənubun, Qərblə Şərqin genişmiqyaslı əməkdaşlığına imkanlar yaradacaq Bakı-Tbilisi-Qars dəmir yolunun çəkilişinə başlanmışdır. Böyük İpək yolunun bərpası çərçivəsində Azərbaycan təkcə tranzit ölkəyə çevrilmir, həm də çox vaxt özü ixracatçı dövlət kimi çıxış edir. Bu isə milli iqtisadiyyat üçün yeni imkanlar, perspektivlər yaradır. Eyni zamanda, Azərbaycan özünün təbii qazının Gürcüstan, Türkiyə, Yunanıstan, İtaliya ərazisi ilə sonradan Avropa İttifaqı ölkələrinə nəql edilməsini nəzərdə tutan NABUKKO kimi layihələrə fəal surətdə qoşulur, ölkəmiz "Yeni qonşuluq" proqramı çərçivəsində Avropa İttifaqı ilə sıx əməkdaşlıq edir. Azərbaycan qazı artıq Avropa İttifaqı bazarlarına daxil olur. İki qitənin qonşuluğunda yerləşən Azərbaycan Avropa ilə Asiyanı əlaqələndirən, onların nəinki mədəniyyətlərini və sivilizasiyalarını, həm də əsas iqtisadiyyatlarını birləşdirə biləcək körpü rolunu oynayır.
İqtisadi artım v
ə neftin dünya bazarında qiymətinin xeyli dərəcədə yüksəlməsi beynəlxalq aləmdə Azərbaycanın iqtisadi cəhətdən mövqeyinin güclənməsinə gətirib çıxarmışdır. Son 3 ildə cari əməliyyatlar hesabının müsbət saldosu təxminən 50 dəfə artaraq 7 milyard ABŞ dollarını ötüb keçmişdir. Bu, ölkənin ümumi daxili məhsulunun 30 faizini təşkil edir. 2008-ci ildə bu göstəricinin 14 milyard dolları ötəcəyi gözlənilir. Ölkənin xalis kreditor mövqeyi əhəmiyyətli dərəcədə güclənmişdir. 2007-ci ildə xarici maliyyə aktivləri 3,3 milyard dollar artdığı halda, öhdəliklərimiz 1,4 milyard dollar azalmışdır. Azərbaycanın iqtisadi-sosial yüksəlişində mühüm dövr olmuş 2007-ci ilin yekunlarını bütövlükdə təhlil etsək, deyə bilərik ki, məhz ötən il milli iqtisadiyyatın liberallaşmasında müəyyənedici mərhələ olmuşdur.
Cənab İlham Əliyevin prezidentliyinin birinci dövrünün əsas vəzifəsi - davamlı və tərəqqi edən iqtisadi sistemin formalaşdırılması artıq uğurla reallaşdırılır. Məhz iqtisadi modernləşdirmə, bazarın sabitliyi, bank mühitinin təkmilləşməsi, orta sinfin formalaşması və ümumi daxili məhsulda özəl bölmənin rolunun güclənməsi ictimai şüuru latent şəkildə təzələyəcək, onu yeni demokratik ənənələr və təsisatlar müstəvisinə yönəldəcəkdir.
Azərbaycan demokratiya yolunu xalqının iradəsi ilə seçmiş bir ölkədir. Biz bu yola qədəm qoymaqla, bütün demokratik normalara riayət etməklə, özümüzün tarixi, geosiyasi və başqa xüsusiyyətlərimizi nəzərə almaqla, azadlıq və demokratiya prinsiplərinin reallaşdırılmasını təmin edəcəyik. Suveren dövlətçiliyin formalaşması şəraitində Azərbaycan xalqı konsolidasiya olunmuş demokratiya cəmiyyəti yaradılması yolu ilə hərəkətin sürətini, müddətini və şərtlərini müstəqil şəkildə müəyyən etməyə qadirdir. Prezident İlham Əliyevin dediyi kimi, vətəndaş cəmiyyətinin yaradılması və möhkəmlənməsi, hüquqi dövlətin qurulması, sadəcə olaraq, bir şüar, yaxud da bir niyyət deyil, Azərbaycanın hərtərəfli inkişafı üçün başlıca şərtdir.
Prezident İlham Əliyevin siyasi konsepsiyasının əsas yönü demokratik transformasiya prosesini ən yaxın müddətdə başa çatdırmaq, vətəndaş cəmiyyətinin strukturlarının və təsisatlarının formalaşmasına başlamaq səyləri ilə eyniləşdirilən "sabitlikdən inkişafa doğru" tezisi ilə müəyyən olunur. Çünki liberal-demokratik nümunələrin ritorika səviyyəsində tanınması qətiyyən uğur qazana bilməz. Siyasətin düzgün istiqamətdə aparılması həmin nümunələri ictimai inkişafın tərkib hissəsinə çevirməyi təmin edib. Bununla bərabər, transformasiyalar zamanı yaranan hibrid formalardan uzaqlaşmağa çalışmaq, müasir həyatın modernləşməsinə əsaslanan demokratik bazis yaratmağı bacarmaq lazımdır. O (modernləşmə) isə tam mənada demokratik cəmiyyətin təşəkkülünü mümkün edir.
İndi ölkəmizin qarşısında keyfiyyətcə yeni sosial siyasətə - sosial modernləşməyə fəal surətdə keçmək vəzifəsi durur. Bu baxımdan, Prezident İlham Əliyev deyir: "Biz sosial məsələlərə 2008-ci ildə də diqqət göstərməliyik. Həm əməkhaqlarının, təqaüdlərin və ünvanlı sosial yardımların məbləğinin artırılması, həm də bütün sosial infrastrukturun yeniləşməsi, təzələnməsi. Bildiyiniz kimi, həm təhsil, həm səhiyyə sahələrinə, həm də mədəniyyət sahəsinə böyük investisiyalar qoyulur. Bütün bu işləri sadalamaq üçün bu gün bizim vaxtımız yoxdur. Biz bu işlərlə gündəlik rejimdə məşğuluq. 2008-ci ilin dövlət büdcəsində məktəb tikintisinə, xəstəxanalara, mədəniyyət ocaqlarına kifayət qədər vəsait nəzərdə tutulubdur".
Azərbaycanın bütün sahələrində həyata keçirilən uğurlu siyasət, cəmiyyətin demokratikləşməsi prosesinin incəlikləri, modernləşmə xəttinin istiqamətləri, gələcəyin strategiyasını müəyyənləşdirərkən modernləşmə yanaşmalarının müasir dünya reallıqları və olduqca böyük əhəmiyyət kəsb edən amillər kimi beynəlxalq ictimaiyyətin daim diqqət mərkəzindədir.
Respublikada aparılmış genişmiqyaslı dövlət quruculuğu işləri ölkəmizin inkişafında önəmli rol oynadı. Demokratikləşmə prosesinin ən vacib amillərindən olan seçki prosesi, onun kütləviliyi, vətəndaş cəmiyyətinin ən müxtəlif təbəqələrini əhatə etməsi, daha çox rəqabətliyi ilə fərqlənir. Prezident İlham Əliyev ölkəmizdə bərqərar edilmiş azad və ədalətli seçki sisteminə uyğun olaraq, seçkilər keçirilərkən hamının seçmək və seçilmək hüququna hörmətlə yanaşmaqla bərabər, seçilmiş orqanın keyfiyyət tərkibinin yaxşılaşdırılmasının vacibliyini qeyd etmişdir.
Hazırda demokratiyanın və yerli özünüidarənin gələcək inkişafı istiqamətində respublikamızda yeni ictimai münasibətlərin qərarlaşması, dövlət quruculuğunun müasirləşməsi, əsas idarəetmə subyektlərinin qarşılıqlı fəaliyyətinin yeni tipinin formalaşması, dövlət-idarəetmə sahəsində iştirakçıların statusunun onların vəzifələrinə uyğunlaşdırılması prosesi gedir ki, bu da dövlətin əks-mərkəzləşdirmə siyasətinin əsasını təşkil edir.
Fevral ayında respublikanın regionlarının sosial iqtisadi inkişafına dair Dövlət Proqramının həyata keçirilməsinin dördillik yekunlarına həsr edilmiş konfrans keçirildi. Bu proqram cənab İlham Əliyevin seçkiqabağı proqramının əsas tərkib hissələrindən biri idi və 2003-cü ilin oktyabr ayında prezident seçkilərinə bu proqramla getmişdi.
Ən yeni tarixdə iqtisadiyyatın bu cür sürətlə inkişaf etməsi, bəlkə də dünyanın heç bir ölkəsində m
üşahidə olunmamışdır. Cəmi dörd ildə ölkə iqtisadiyyatı 96 faiz artmış, bu isə ümumi daxili məhsulu iki dəfə artırmağa imkan vermişdir. 2007-ci ilin yekunlarına görə, Azərbaycanda adambaşına ÜDM 3700 ABŞ dollarına bərabər olmuşdur, 2008-ci ildə isə bu rəqəm 4500 dollara çatacaqdır. Ötən dörd ildə 650 mindən çox yeni iş yeri açılmışdır. Yoxsulluq səviyyəsində yaşayan sosial təbəqənin nisbi sayı 49 faizdən 16 faizə düşmüşdür. Bu isə cəmi dörd ildə ölkəmizin postsovet məkanında ən firavan dövlətlər sırasına daxil olmasına imkan vermişdir.
Qeyd etmək yerinə düşərdi ki, ümummilli inkişafda turizmə xüsusi əhəmiyyət verilir. Turizm tez bir vaxtda ölkə büdcəsinə əlavə vəsait gətirən yüksək gəlirli sahəyə çevrilə bilər. Bu ildən etibarən 2016-cı ilə qədər olan dövrdə Azərbaycanda turizmin inkişafı üçün yeni planın həyata keçirilməsinə başlanacaqdır. Ölkədə turizmin inkişafı üçün 2001-ci ildə qəbul edilmiş birinci beşillik dövlət proqramının əsas ideyası mehmanxanalar və istirahət zonaları tikintisinə sərmayədarların cəlb edilməsi üçün ən əlverişli şərait yaratmaqdan ibarət idi. Dövlət bu sahəni inkişaf etdirmək siyasəti yeridir. Mehmanxana biznesində xidmətin keyfiyyəti və qiymət parametrləri isə əsasən bazardakı mövcud tələb və təkliflə tənzimlənir. Məsələyə bu cür yanaşma qarşıya qoyulmuş məqsədə nail olmağa - məhz ölkənin regionlarında turizm infrastrukturunun inkişafına sərmayədarlar cəlb edilməsinə şərait yaradır. Belə bir faktı xatırladaq ki, 2001-ci ildə Azərbaycana səfər etmiş əcnəbi vətəndaşların sayı təxminən 680 min nəfər idisə, 2007-ci ildə bu rəqəm 1,1 milyon nəfərdən çox olmuşdur. Qeyd etmək lazımdır ki, artıq növbəti dövr 2009-2013-cü illər üçün regionların sosial-iqtisadi inkişafının ikinci Dövlət Proqramının işlənib hazırlanmasına başlanmışdır.
Dünyanın demokratikləşməsi prosesinin əsas qayəsini şəxsiyyətin azadlıq hüququ, habelə insana hörmət prinsipi təşkil edir. BMT-nin 10 dekabr 1948-ci il tarixli Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin müqəddiməsində göstərilir ki, bəşəriyyət dediyimiz bir ailənin bütün üzvlərinin ləyaqətinə, onların bərabər və ayrılmaz hüquqlarına hörmət etmək azadlığın, ədalətin və ümumi sülhün əsasını təşkil edir.
XXI əsr bu baxımdan demokratiya əsridir. Yeni yüzillikdə demokratik istiqamətdə inkişaf edən ölkələrin sayı sürətlə artır, "qlobal demokratikləşmə" adlanan proses baş verir. Tarix sübut edir ki, azadlığa, demokratiyaya siyasi inqilabla yox, iqtisadi inkişafla nail olmaq mümkündür. Cəmiyyətin azadlığı şəxsiyyətin azadlığından, şəxsiyyətin azadlığı isə təfəkkürün azadlığından başlanır.
Azərbaycanın sürətli inkişafı, yaxın gələcəkdə qüdrətli dövlətə, ədalətli cəmiyyətə, maddi və mənəvi cəhətdən zəngin vətəndaşlar diyarına çevrilməsi, beləliklə, ulu öndərin ideyalarının uğurla reallaşdırılması, qazanılan çoxsaylı qələbələr əslində, həm də Heydər Əliyev ömrünün məntiqi davamıdır.

Azərbaycan.- 2008.- 17 aprel.- S. 2.