Mükərrəmoğlu M.

 

"Şahdağ" Qış-Yay Turizm və İstirahət Kompleksi yaradıldı

 

Respublikamızda turizmin inkişaf etdirilməsi ilə bağlı Azərbaycan Respublikası Prezidentinin və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərar və sərəncamlarının, habelə Dövlət proqramlarının yerinə yetirilməsi məqsədilə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən Qusar rayonunda müasir dağ-idman turizm kompleksinin yaradılması istiqamətində 2006-cı ildən ardıcıl və məqsədyönlü iş aparılır. Nazirliyin mətbuat xidmətindən bildirmişlər ki, kompleksin ərazisi Şahdağ Milli Parkına yanaşı olaraq respublikanın ən uca zirvəsi olan Şahdağa yaxın yerləşir. Hal-hazırda yerli və xarici şirkətlər tərəfindən göstərilən turizm kompleksinin layihələndirilməsi, mühəndis-geoloji axtarışların aparılması, lazımı infrastrukturun yaradılması, tikintinin başlanması üçün intensiv işlər aparılır. Təbiətin füsunkar guşəsində, beynəlxalq standartlar əsasında yaradılması nəzərdə tutulan kompleks respublika əhalisinin, həmçinin xarici dövlətlərin böyük maraq və diqqətinə səbəb olmuşdur. Mədəniyyət və Turizm Nazirliyinin qərarı ilə Qusar rayonunda Ləzə və Aladaş kəndlərinə, eləcə də Böyük Qafqaz sıra dağlarının yüksək zirvələrindən biri olan Şahdağa yaxm ərazidə yaradılacaq dağ idman-turizm kompleksinin geniş təbliği məqsədilə kompleks "Şahdağ" Qış-Yay Turizm və İstirahət Kompleksi - "Şahdağ" QYTİK adlandırılmışdır.

 

Xalq qəzeti.- 2008.- 1 aprel.- S. 7.