Ağaqızı Z.

 

Azərbaycan 7-ci beynəlxalq səyahət və turizm sərgisinə də imza atdı

 

Sərgidə 28 ölkədən 70-ə yaxın şirkət iştirak edir

 

Dünən 7-ci Azərbaycan Beynəlxalq "Turizm və Səyahət" və 2-ci Azərbaycan Beynəlxalq "Otel biznesi" sərgilərinin açılış mərasimi olub.

Mədəniyyət və Turizm Nazirliyi, Ümumdünya Turizm Təşkilatı, Ticarət və Sənaye Palatası, Azərbaycanda İxracatın və İnvestisiyaların Təşviqi Fondu və Turizm Sərgilərinin Təşkilatçıları Assosiasiyasının rəsmi dəstəyi ilə keçirilən sərginin təşkilatçıları İteca Caspian LLC və İTE Croup Plc şirkətləridir.

AİTF və HotelExpo sərgilərinin meneceri Xəyal Əliyevanın sözlərinə görə, 7-ci beynəlxalq sərgidə AİTF 2008 hava yolları və aviaagentliklər, avtobus turları, tur operatorları, fəal və macəralı istirahət, idman turizmi, təhsilləndirici turizm, işgüzar və intensiv turlarının təşkili, hava limanında servis xidmətləri, avtomobillərin icarəsi, mehmanxana və sanatoriyalar üçün avadanlıq, mehmanxana, pansionat və sanatoriyalar, sığorta və bank xidmətləri, milli turizm təşkilatları, kompüter sifariş sistemləri, ekoloji turizm, təyyarə biletlərinin sifarişi və satışı bölmələri üzrə xidmət və məhsulları təqdim edir. Türkiyə, Malayziya, Çexiya, Ukrayna, Özbəkistan və Azərbaycan şirkətləri sərgidə fəal təmsil olunur. X.Əliyeva, həmçinin, sərginin Azərbaycanın müxtəlif rayonlarında fəaliyyət göstərən yeni şirkət və mehmanxanalarla zənginləşdirilməsinin sevindirici hal olduğunu bildirib.

AİTF sərgisinin iştirakçıları sırasında Avstriya, İtaliya, BƏƏ, Yunanıstan, Rusiya, Misir, İsveçrə və Maldiv adalarını təmsil edən şirkətlər də var.

Bu ilki sərginin məhsuldar hadisələrindən biri qonaqları regionun turizm potensialı ilə tanış etməklə yanaşı, onları öz ölkələrinə cəlb etmək məqsədini daşıyan məlumatlandırma turunun təşkil olunmasıdır ki, bu da İtaliya, Yaponiya, İordaniya, BƏƏ, Kamerun, Türkmənistan və Tacikistan nümayəndə heyətləri üçün təşkil edilib.

Dünən həm də, Heydər Əliyev adına İdman və Sərgi Kompleksində Otel Biznesi mövzusunda HotelExpo sərgisi də keçirilib. Sərgi ikinci dəfə keçirilsə də, şirkətlərin böyük marağına səbəb olub və dinamik surətdə inkişaf edir. Sərginin ekspozisiya sahəsi keçən ilə nisbətən 50% artıb. HotelExpo sərgisi dünyanın 23 ən iri aparıcı istehsalçı və təchizatçılarını bir araya toplayaraq, mehmanxanalar, istirahət evləri, sanatoriyalar, restoranlar, şadlıq evləri, kafe, bar və yeməkxanalar üçün məhsul və xidmətlərini təqdim edib.

 

Yeni Azərbaycan.- 2008.- 17 aprel.- S. 6.