AzərTAc xəbər verir ki, aprelin
13-də Bakıda İslam Konfransı Təşkilatı ölkələrinin
"İpək Yolu"
layihəsində iştirak
edən turizm operatorlarının forumu keçirilmişdir.
Forumda bir çox ölkələrdən,
o cümlədən Türkiyə, Səudiyyə
Ərəbistanı, Misir,
Kamerun, BƏƏ, İordaniya,
İran, Çin, Qazaxıstan, Türkmənistan,
Özbəkistan, Əfqanıstan,
Tacikistan, Gürcüstan,
Yaponiya və İtaliyadan nümayəndələr
iştirak etmişlər.
Forumun əsas məqsədi biznes sahəsində regional əməkdaşlıq
çərçivəsində fəaliyyət istiqamətlərini
müzakirə etmək,
İpək Yolunun şöhrətini, tarixi və mədəni dəyərini təbliğ
etmək, habelə İslam Konfransı Təşkilatı ölkələri
arasında turizm sahəsində əməkdaşlıq
əlaqələrinin qurulmasına
töhfə verməkdir.
Tədbir Quran ayələrinin oxunması
ilə başlandı.
Azərbaycanın turizm
potensialına həsr
olumuş qısametrajlı
film nümayiş etdirildikdən sonra mədəniyyət və
turizm naziri Əbülfəs Qarayevin forum iştirakçılarına
müraciəti oxundu.
Forumda çıxış
edən Ümumdünya
Turizm Təşkilatının
(ÜTT) nümayəndəsi Vanessa Satur "İpək Yolu" üstündə yerləşən
Azərbaycanın qədimdən
regionun inkişafında
vacib rol oynadığını bildirmişdir.
V.Satur "İpək
Yolu" layihəsinin
bu marşrut üzərində yerləşən
ölkələrin sosial-iqtisadi
inkişafına təkan
verəcəyini vurğulamışdır.
Qonaq demişdir ki, Uzaq Şərq
ölkələrinin, o
cümlədən Yaponiya
kimi iri bazara malik dövlətin
layihəyə qoşulması
onun əhəmiyyətini
artıracaqdır.
ÜTT "İpək Yolu"
marşrutu boyunca yerləşən ölkələrin
turizm potensialını
üzə çıxarmaq
və inkişaf etdirmək istiqamətində
də işlər görür. Turizmin inkişafı üçün
əlverişli şəraitin
yaradılması məqsədi
ilə həmin ölkələrdə viza
rejiminin daha da sadələşdirilməsi,
şəhər infrastrukturunun
yüksək səviyyəyə
çatdırılması vacib məsələlərdəndir.
Daha sonra Mədəniyyət və
Turizm Nazirliyi aparatının rəhbəri
Firudin Qurbanovun "Azərbaycan "İpək
Yolu"nda" mövzusunda məruzəsi
dinlənilmişdir. F.Qurbanov
son illər Azərbaycanın turizm sektorunda qazanılan uğurlardan danışmışdır.
Bildirilmişdir ki, son illər ölkəyə gələn
turistlərin sayı artmışdır. Onların
əksəriyyəti MDB ölkələrinin
vətəndaşlarıdır. Bu siyahıda Türkiyə ikinci, İran isə üçüncü yeri
tutur.
Turizmin inkişafı
bu sektorla əlaqəsi olan digər sahələrin, o cümlədən mehmanxana biznesinin inkişafına təkan vermişdir. Hazırda ölkəmizdə fəaliyyət
göstərən 142 mehmanxanada
4312 nəfər çalışır.
İslam Konfransı Təşkilatı ölkələrinin
"İpək Yolu"
layihəsinin iştirakçısı
olan turizm operatorlarının Bakı
Forumu öz işini sessiyalarda davam etdirmişdir.
Sessiyalarda "İpək Yolu"
layihəsinin turizm sahəsində regional biznes tərəfdaşlığının
qurulması və inkişafı baxımından
əhəmiyyəti, bu
marşrutun təbliğat
vasitələri, Azərbaycanın
turizm potensialı, bu sahəyə investisiyaların yatırılması
və bir sıra digər məsələlər müzakirə
olunmuşdur. Turizmin ölkələr arasında
həm də sülhün bərqərar
olunmasına təkan verən bir amil olduğu vurğulanmış, Azərbaycanın
bu layihəni dəstəkləməsi yüksək
qiymətləndirilmişdir.
Qonaqlar Azərbaycanın
turizm potensialı ilə daha yaxından
tanış olmaq istəklərini, ölkəmizlə
əməkdaşlıq etməyə
maraqlı olduqlarını
bildirmişlər.
Azərbaycanda fəaliyyət göstərən
turizm şirkətlərinin
nümayəndələri yeni
turizm marşrutları,
vətənimizin tarixi,
zəngin mədəniyyəti,
milli mətbəxi, sahənin inkişafı məqsədi ilə görülən işlər
barədə ətraflı
məlumat vermişlər.
Azərbaycanın turizm
potensialı ilə yaxından tanış olmaq
üçün forum iştirakçıları
Qəbələ və Şəki
şəhərlərinə səfər edəcəklər.
Azərbaycan.- 2008.- 15 aprel.- S. 7.