Azərbaycanda səfərdə
olan İslam Konfransı Təşkilatına
üzv ölkələrin
"İpək yolu"
layihəsində iştirak
edən turizm operatorları forumunun iştirakçıları aprelin
14-15-də Şəkidə
olmuşlar. Qədim diyarın turizm
potensialı, habelə
iqtisadiyyatı, mədəniyyəti,
görməli yerləri,
tarix və memarlıq abidələri
ilə tanışlıq
məqsədi daşıyan
bu səfərdə qonaqları Azərbaycan Respublikasının Mədəniyyət
və Turizm Nazirliyinin əməkdaşları
müşayiət etmişlər.
Səfərin ilk günü qonaqlar Fazıl kəndində yerləşən eramızdan
əvvəl III minilliyə,
tunc dövrünə
aid qədim yaşayış məskəni
sayılan Təpəbaşı
nekropolu ilə tanış olmuşlar. Sonra Şəki şəhərindəki XVIII əsrə
aid memarlıq abidəsi olan Yuxarı Karvansarayda Azərbaycan Respublikasının
Mədəniyyət və
Turizm Nazirliyi adından qonaqların şərəfinə ziyafət
verilmişdir.
Səfərin ikinci günü forum iştirakçıları əvvəlcə
Kiş kəndindəki
erkən orta əsrlərə aid qədim alban məbədi ilə tanış olmuşlar. Sonra qonaqlar "Şəki-İpək"
Açıq Səhmdar
Cəmiyyətində istehsal
prosesi ilə tanış olmuş, müəssisədə yaradılan
İpək muzeyinə,
çeşidlər otağına
baxmış, ipək
xalça toxunan sexdə iş prosesini izləmişlər.
Qonaqlara məlumat verilmişdir ki, bölgənin bu iri sənaye müəssisəsində hazırda
1600 nəfərə yaxın
işçi çalışır.
Xatirə kitabına ürək sözlərini
yazan BƏƏ Mədəniyyət
və Turizm Nazirliyinin nümayəndəsi
Zaid Məhəmməd
Rəşid əl Əbsi və İtaliyanın "İskra"
Turizm Operatorları Birliyinin direktoru Simonetta Ricci müəssisədə istehsal
olunan məhsulların
keyfiyyətinin çox
yüksək olduğunu
qeyd etmiş, Şəkidə ipəkçilik
ənənələrinin qorunub
saxlanılmasından məmnun
qaldıqlarını bildirmişlər.
Azərbaycan milli memarlığının nadir
incilərindən sayılan
Şəki xanlarının
sarayı ilə tanışlıq forum iştirakçılarının böyük marağına
səbəb olmuşdur.
Qonaqlar sarayın həyətində çay
süfrəsi arxasında
rəqs kollektivlərinin
çıxışını izləmiş, xatirə şəkilləri çəkdirmişlər.
Qonaqlara bu qədim diyarın
tarixi, mədəniyyəti,
iqtisadiyyatı, turizm potensialı barədə məlumat verən şəhər icra hakimiyyəti başçısının
müavini Zərinə
Cavadova Şəkinin çox qədim ipəkçilik ənənələrinə
malik olduğunu, bu ənənələrin
indi də davam etdirildiyini, 2006-cı ildə bu şəhərdə beynəlxalq səviyyəli
"İpək bayramı"nın keçirildiyini nəzərə çatdırmışdır.
2007-ci ildə Şəkiyə
2 mindən artıq xarici turistin gəldiyini xatırladan Z.Cavadova bu forumdan
sonra turistlərin sayının daha da artacağına ümidvar olduğunu bildirmişdir.
Sonra qonaqlara Şəki ilə bağlı hədiyyələr
- kitablar, bukletlər təqdim edilmişdir.
Səfərlə bağlı
təəssüratını AzərTAc-ın müxbiri ilə bölüşən Ümumdünya
Turizm Təşkilatının
nümayəndəsi Vanessa
Satur demişdir: "Azərbaycan dünyanın
yeni kəşf edilmiş turizm mərkəzlərindən biri
hesab olunur. Sizin ölkənizin çox qədim tarixi və zəngin mədəniyyəti
vardır. Azərbaycan Şərqin ən
qədim ticarət mərkəzi olmaqla yanaşı, həm də Qərblə Şərqi birləşdirən
qapıdır. Çox
sevinirəm ki, Şəki ilə tanış oldum. Şəki tarixi abidələrin qorunub saxlanması, habelə füsünkar təbiəti,
özünəməxsus xüsusiyyətləri
baxımından bənzəri olmayan bir şəhərdir. Xan Sarayı cəlbedici və təkraredilməz bir tarixi abidədir. Biz çalışacağıq
ki, gələcəkdə
bu şəhərə
turist axınının
sürətlənməsinə öz töhfəmizi verək".
Azərbaycan.- 2008.- 16 aprel.- S. 5.