Əliyeva E.

 

Onun böyüklüyü istedadı, ustalığı və hey­­rətamiz təvazökarlığındadır

 

Dəfələrlə müxtəlif yazıların, o cümlədən sənin öz yazılarının qəhrəmanı olmuş insan haqqında təzə söz demək həmişə çətin olur. Hər halda, məşhur həmyerlimiz, boyakarlıq sənətinin parlaq nümayəndəsi, yaradıcılığı dünya miqyasında çoxdan etiraf edilmiş Tahir Salahov haqqında bir daha söhbət açmaq qərarına gələnə qədər belə düşünürdüm. Üstəlik, onun haqqında yazmağa ciddi əsas da var - 2008-ci il böyük sənətkarın yubiley ilidir.
Nədən başlamalı?... Bu suala Tahir Salahovun özündən cavab almaq niyyəti ilə ona zəng etdim. Bəxtimdən, məlum oldu ki, Tahir İçərişəhərdəki emalatxanasındadır. Dedi ki, mənimlə görüşməyə hazırdır, amma özünün ikinci evi hesab etdiyi Moskvadan qayıdandan sonra: orada təcili işləri var. Hansı işlərdən söhbət getdiyini isə mətbuatdan öyrəndim. Məlum oldu ki, Rusiya paytaxtının “Manej” Mərkəzi Sərgi Salonunda dünyanın 25 ölkəsini təmsil edən 600-dən çox müəllifin iştirak etdiyi İkinci beynəlxalq “Ənənələr və müasirlik” incəsənət festivalı keçirilmişdir. Bu nüfuzlu forumun münsiflər heyətinə, əvvəlki kimi, bu dəfə də SSRİ, Rusiya və Azərbaycanın xalq rəssamı, SSRİ, Rusiya və Azərbaycanın dövlət mükafatları laureatı, Rusiya Rəssamlıq Akademiyasının vitse-prezidenti Tahir Salahov başçılıq edirdi.
Mənimlə razılaşarsınız ki, yaradıcı insanlar arasında öz uğurları barədə söhbət etmək imkanından boyun qaçıran adamlara o qədər də tez-tez rast gəlmək olmaz. Tahir Salahov isə belə azsaylı insanlardandır. Təbiəti belədir və rəssamı yaxından tanıyanlar bu xasiyyətinə görə ona valeh olurlar. Buna görə də təəccüblü deyil ki, hətta sənətkarın pərəstişkarları da onun haqqında çox şeyi bilmirlər. Bu, bakılılara - onun həmyerlilərinə də aiddir. Halbuki, böyük ustadın yaradıcılıq bioqrafiyası daim yeni faktlar və hadisələrlə zənginləşir və bunlar sübut edir ki, illər keçdikcə, Salahovun sənətində yeni keyfiyyətlər üzə çıxır, ona maraq get-gedə artır...
Təxminən iki il bundan əvvəl Nyu-Yorkdakı məşhur Quqenheyn muzeyində Rusiya rəngkarlıq sənəti incilərinə həsr olunmuş sərgidə Salahovun hələ keçən əsrin 60-cı illərinin əvvəlində çəkdiyi “Bəstəkar Qara Qarayevin portreti” əsəri də nümayiş etdirilməsi bu marağı göstərmirmi?
Moskva Kremlində təşkil olunmuş son sərgilərin birində bu tanınmış fırça ustasının əsərlərinin uğurla nümayiş etdirilməsi də bunun sübutu deyilmi?
Nəhayət, üç il bundan əvvəl Ankarada Mustafa Kamal Atatürkün məqbərəsinin yenidən qurulması üçün Türkiyəyə dəvət olunmuş rəssamlar qrupuna başçılıq etməyin məhz bizim soydaşımızdan xahiş olunması bunu təsdiqləmirmi? Yaradıcı qrup bir ildən artıq işləmiş, Atatürkün rəhbərlik etdiyi döyüşlərin qəhrəman iştirakçılarının onlarca portreti, tarixi savaşların təsvir edildiyi üç diorama, Türkiyə Cümhuriyyətinin banisinin və onun silahdaşlarının qəhrəmanlıqları ilə əlaqədar 30 böyük tablo yaradılmışdır.
Məqbərənin təntənəli açılış mərasimində Tahir Salahova Türkiyə Baş Qərargahının Ali nişanını şəxsən ölkə prezidenti təqdim etmişdi...
Yeri gəlmişkən, Tahir Salahovun mükafatlarının sayı-hesabı yoxdur. O, Sovet İttifaqının ən yüksək təltifləri və ordenlərinə layiq görülmüş, Sosialist Əməyi Qəhrəmanı adı almışdır. Rusiyanın “Vətən qarşısında xidmətlərinə görə” ikinci və üçüncü dərəcəli ordenlərinə, müstəqil vətənimiz Azərbaycanın ali mükafatı olan “İstiqlal” ordeninə, Bolqarıstan, Polşa, Monqolustan və başqa ölkələrin ordenləri, müxtəlif medallara, prizlərə və mükafatlara layiq görülmüşdür. Rəssam bütün bu mükafatları çox yüksək qiymətləndirir və onlarla fəxr edir.
Salahovu öz üzvləri sırasında görmək arzusunu bildirmiş rəssamlıq, zərif sənətlər akademiyaları və digərləri çox olmuşdur. Həmyerlimiz Rusiyanın və MDB-nin başqa ölkələrinin rəssamlıq akademiyaları ilə yanaşı, Madriddəki San-Fernando Kral İncəsənət Akademiyasının və Fransa Zərif Sənətlər Akademiyasının müxbir üzvüdür. Yeri gəlmişkən, həm də Ölməzlər Akademiyası adlanan Fransa Zərif Sənətlər Akademiyasına keçmiş SSRİ məkanından cəmi üç nəfər üzv seçilmişdir və onlardan ikisi - Rostropoviç və Salahov bizim həmyerlilərimizdir.
Nəhayət, Salahov Amerika Birləşmiş Ştatlarının bir neçə şəhərinin və Montana ştatının fəxri vətəndaşıdır...
Bilirəm ki, Tahir Salahovun uğurlu yaradıcılığına, lap açıq desək, zəfər yürüşünə dəlalət edən bu faktları sadalamağım onun xoşuna gəlməyəcəkdir. Amma bunlar ölkəmizin mədəniyyətini bütün dünyada ləyaqətlə təmsil edən, Azərbaycan rəssamlıq məktəbinin uğurlarını təbliğ edən həmyerlimizin qeyri-adi, parlaq istedadına hörmətin əlamətidir. Bir də ki, bu gün həyat yolunun başlanğıcında olan müasir gənclərimiz bunları niyə bilməsinlər?!
...Tahir Salahov haqqında mənim ilk oçerkim hələ 1972-ci ildə “İzvestiya” qəzetində dərc ediləndə Bakıdakı Ə.Əzimzadə adına Rəssamlıq Məktəbinin və Moskvadakı V.Surikov adına Rəssamlıq İnstitutunun məzunu olan həmyerlimizin yaradıcılığı ictimaiyyətin diqqət mərkəzində idi. Onun ötən əsrin 60-cı illərində Ümumittifaq rəssamlıq sərgisində nümayiş etdirilmiş iki əsəri - “Bəstəkar Qara Qarayevin portreti” və “Təmirçilər” yüksək qiymət almışdı. Sonralar Tretyakov qalereyasında bəstəkarın portreti qarşısında tamaşaçıların uzun müddət ayaq saxlayaraq, bu əsərin qəhrəmanının daxili zənginliyinə məftun olmasını dəfələrlə müşahidə etmişəm. Rəssamın parlaq istedadı sayəsində bu insanlar sanki yaradıcılıq dəqiqələrinin canlı şahidlərinə çevrilirdilər.
T.Salahovun fırçasının məhsulları olan “Səhər eşelonu” və “Rezervuar parkı” adlı sənaye peyzajları, “Abşeron qadınları” və “Aydan” tabloları, əsrin taleyinə görə məsuliyyət daşıyan İnsanın fəlsəfi portreti adlandırılmış bəstəkar Dmitri Şostakoviçin, şair Rəsul Rzanın, bəstəkar Fikrət Əmirovun portretləri də istər peşəkarlar, istərsə də sənətsevərlər tərəfindən böyük maraqla qarşılanmışdır. Bu əsərlərin hər biri öz qəhrəmanlarının mənəvi zənginliyini təcəssüm etdirir. T.Salahov teatrda da işləmişdir.
Lakin o bir rəssam kimi, özünü daha əvvəl - “Gecə növbəsindən qayıdanlar” adlı diplom işi ilə tanıtmışdır. Kətan üzərində təsvir edilən bütün detallar mövzunun ideyasını açıqlayır, əməyin insanı ucaltdığına dəlalət edirdi. Bir məqamı xüsusi vurğulayım ki, Salahovun məhz bu tablosu təsviri sənətdə “Sərt üslub” deyilən yeni istiqamətin ilk nümunələrindən biri olmuşdur. Məhz bu əsərlə əmək mövzusu təsviri sənətə yol tapmışdır. Tahir Salahovun Xəzər əməkçiləri haqqında silsilə əsərləri ölkənin təsviri sənətində hadisəyə çevrilmişdi.
Tənqidçilər bildirirlər ki, rəssamın ən yaxşı əsərləri özünün milli bənzərsizliyi, ciddiliyi, sadələyi, rəng və kompozisiya həllinin lakonikliyi ilə fərqlənir. Salahovu haqlı olaraq, virtuoz kompozisiya ustası hesab edirlər. Lakin rəssamın əsərlərinə xas olan sərtlik və ciddilik onları monumental cizgilərdən əsla məhrum etmir və ən maraqlısı budur ki, onların lirizmini azaltmır. Zənnimcə, sənətşünaslar bu rəssamın fitri istedadı barədə söz düşəndə haqlı olaraq deyirlər ki, onun iti gözü və müdrikliyi ilə yanaşı, daha bir qabiliyyəti var - o, əlinə fırça alanda təkcə ağlının deyil, həm də ürəyinin hökmü ilə hesablaşır. Bəlkə də buna görədir ki, o, lazımi rəng çalarlarını və məkan ölçülərini dəqiq müəyyənləşdirməyi bacarır. Əlbəttə, mən Tahir Salahovun yaradıcılığına sənətşünas kimi qiymət vermək fikrindən uzağam. Lakin qəti deyə bilərəm ki, bu əsərlərdə tamaşaçını cəlb edən təkcə ümumiləşdirmə və obrazların gücü, rəssamın üslubu deyil, həm də onun yaradıcılığındakı daxili təsir gücüdür. Salahovun əsərlərinin harada - ABŞ-da, İtaliyada, Fransada, Meksikada, İspaniyada, Yaponiyada və ya başqa ölkələrdə yaradılmasından asılı olmayaraq, bu əsərlərdə müəllifin ətraf aləmlə təmasdan sevinc duyması hiss edilir. Lakin bu sözlər onun natürmotlarına və doğma Abşeron peyzajlarına daha çox aiddir.
Salahovun doğma diyara həsr etdiyi bir neçə əsərinin reproduksiyaları 2008-ci ildə buraxılmış iki təqvimə daxil edilmişdir. Söhbət “Köhnə Bakı”, “Səhər ovu”, “Nardaran qarpızları”, eləcə də Abşeron triptixi - “Atəşgah”, “Xəzər bu gün” və “Qız qalası” əsərlərindən gedir. 6 x 2,5 metr ölçülü “Qız qalası” monumental tablosu və rəssamın daha 7 əsəri “Manej”də bu yaxınlarda təşkil olunmuş sərgidə nümayiş etdirilmişdir. Sözü gedən əsərlər həmişəki kimi, təsviri sənət dilinin zənginliyi və ifadəliliyi ilə fərqlənir, müəllifin illər keçdikcə, doğma yerlərə sanki daha da güclənmiş məhəbbət hissini tamaşaçıya çatdırır. Əsərlərin yaranma tarixi göstərir ki, rəssam öz işindən heç vaxt ayrılmır. O, hətta yaradıcılıq Olimpinin zirvəsində, özünün kamillik yaşında olduğu bir vaxtda da hər gün işləyir. Onun son illərə aid işlərindən daha ikisini xatırlatmaq istərdim. Salahovun yaradıcılığında ayrıca bir dövr təşkil edən bu əsərlər onun portretlər qalereyasını zənginləşdirmişdir. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin portretində müəllif bu böyük insanın dühasına öz münasibətinin dərinliyini ifadə etməyə müvəffəq olmuşdur. İkinci əsər isə dünya şöhrətli həmyerlimiz Mstislav Rostropoviçin monumental portretidir. Burada rəssamın novatorluğu diqqəti cəlb edir.
Yadımdadır, həmyerlimizə həsr edilmiş məqalələrdən birinin müəllifi yazmışdı ki, Tahir Salahov başqaları üçün açıq insandır və bir rəssam kimi onu başa düşürlər, lakin o, öz pərəstişkarlarını heyrətləndirməkdə davam edir və bu mənada hələ də müəmma olaraq qalır...
Zənnimcə, bu müəmmanın sirrlərini rəssamın uzaq uşaqlıq illərində axtarmaq lazımdır. Tahirdə əməyə münasibət, tapşırılmış iş üçün məsuliyyət, xeyirxahlıq və nəciblik kimi keyfiyyətləri aşılayan onun valideynləri olmuşdur. Hələ kiçik yaşlarında həyatda üzləşdiyi, ünsiyyət saxladığı insanlar və dövrün hadisələri də az rol oynamamışdır. Axı “xalq düşməni” ailəsində böyüməyin nə demək olduğunu çoxumuz bilirik. Tahir özü uşaqlıq illəri barədə xatirələrini Rusiya paytaxtında bu yaxınlarda çapdan çıxmış “Baku” adlı maraqlı jurnalın ilk nömrəsinin səhifələrində yığcam şəkildə, lakin çox ifadəli ştrixlərlə oxuculara çatdırmışdır.
Görkəmli müasirimiz Tahir Salahovun həyatının emalatxanadan kənar məqamlarından söhbət açmasaq, onun portreti yarımçıq olar. İlk növbədə, onun çoxillik pedaqoji fəaliyyəti barədə: o, Azərbaycan İncəsənət İnstitutunda və V.Surikov adına Moskva Rəssamlıq İnstitutunda gənc rəssamların bir neçə nəslini yetişdirmişdir. Ustad sənətkarın qızı Aydan da onun şagirdi olmuş, sonradan sənətdə öz dəst-xətti ilə, zamana, dövrə öz münasibəti ilə fərqlənən rəssam kimi tanınmışdır. Tahir Salahov bir neçə ildir ki, Azərbaycan Rəssamlıq Akademiyasında bakalavrlar və magistrlər buraxılışı üzrə Dövlət komissiyasının sədridir. Rəssam doğma Azərbaycanın həyatında həmişə fəal iştirak edir. O, ulu öndər Heydər Əliyevin xatirəsinin əbədiləşdirilməsi üzrə Dövlət Komissiyasının, Heydər Əliyev Mükafatı Komissiyasının üzvüdür. Azərbaycan Ensiklopediyasının redaksiya heyətinə daxildir. Moskvada isə onu Rusiya Federal Məclisi Federasiya Şurasının sədri yanında Mədəniyyət Şurasının üzvü seçmişlər.
Bir məqamı da qeyd etməliyəm. Tahir bəzən bir-birindən çox fərqlənən insanlara heyrətamiz dərəcədə yaxın olmağı bacarır. Bu insanlar arasında xarici rəssamlar da az deyil. Həmyerlimizdə onların hamısını cəlb edən cəhətlər - həyat eşqi, geniş erudisiya, cazibədarlığı və hazırcavablığıdır. Yadımdadır, Tahirin istedadının qızğın pərəstişkarlarından biri, Böyük Vətən müharibəsi qəhrəmanı Ziba Qəniyeva onu məhz bu cür səciyyələndirmişdi. Rəssam lap çoxdan bu qadının portretini çəkmişdir. Hər dəfə bu portretə baxanda heyranlıqla düşünürəm ki, Salahov öz qəhrəmanını necə də dəqiq təsvir edib! Axı igid snayper Ziba Qəniyeva məhz bu cür mərd, güclü, iradəli qadın idi.
Salahovun insanlarla ünsiyyət saxlamaq bacarığı onun ictimai fəaliyyətinin uğurlu olmasına kömək edir. Tahir hələ Bakıda daimi yaşadığı dövrdə Azərbaycan Rəssamlar İttifaqının sədri, respublika Ali Sovetinin deputatı, 1973-cü ildə SSRİ Rəssamlar İttifaqının birinci katibi seçilmişdi. Məhz onun gərgin zəhməti və incə zövqü sayəsində Moskvada dünyanın ən böyük rəssamlarının sərgiləri təşkil edilirdi. Təsadüfi deyil ki, çoxları Salahovu “incəsənətin səlahiyyətli səfiri” adlandırırlar. Salahovun özünün əsərləri də Rusiyanın və Azərbaycanın, Ukraynanın və Qırğızıstanın, digər dövlətlərin ən yaxşı muzeylərində, dünyanın müxtəlif yerlərində şəxsi kolleksiyalarda saxlanılır.
Tahir Salahovun adının və onun yaradıcılığının müasir incəsənətdə öz yeri olduğunu deyənlər, şübhəsiz ki, haqlıdırlar. O, yorulmaq bilməyən fırça ustasıdır, zamanın nəbzini duyur, həyatı və insanları sevir.

Xalq qəzeti.- 2008.- 6 aprel.- S. 5.