Gənc rəssamın sənət rəngləri

 

Dünən İçərişəhərdəki "Abşeron" rəsm qalereyasında həvəskar rəssam Günel Quliyevanın fərdi sərgisinin açılış mərasimi keçirildi. Sərgidə gənc rəssamın 40-dan yuxarı rəngarəng qrafika əsərləri nümayiş etdirilir.Xatırladım ki, Günel Quliyeva 1987-ci ildə Cəbrayıl rayonunda anadan olmuş, Qarabağın acı taleyi onu Qaradağ rayonunun Sahil qəsəbəsinə gətirib çıxartmışdır. 2005-ci ildən etibarən Günel Quliyeva Azərbaycan Dövlət Pedaqoji Universitetinin tarix fakültəsində təhsil alır. Rəssamlığa xüsusi həvəsi var bu həvəs onu 600-dən yuxarı qrafik kompozisiya yaratmağa sövq etmişdir. Günel son dövrlərdə daha çox yağlı boya ilə işləməyə meyil etsə , moda eskizlərini xüsusi həvəslə çəkir. Günel Quliyeva müsabiqə sərgilərdə 2003-cü ildən etibarən iştirak edir. İlk müsabiqəsi 2003-cü ilin 10 may Sülh bayramında baş tutmuş Günel elə ilk müsabiqədən diploma layiq görülmüşdür. 2006- ildə universitetlər arasında keçirilən sərgidə iştirak etmişdi.
   "Abşeron" Qalereyasındakı sərgidə nümayiş etdirilən əsərlərin çoxu rəngkarlıq nümunələridir. Burada həm mənzərə, həm natrimort, həm "" janrında çəkilən əsərlərə rast gəlinmək olar. Lakin ekspozisiyadan Günelin daha artıq çoxfiqurlu kompozisiyalara meyil göstərdiyini görürük. Mövzu baxımından da nümayiş etdirilən əsərlər rəngarəngdir. Rəngkarlıq nümunələri sırasında "Bəyaz güllər", "Mələk", "O ellərə !", "Ruhlar", "Ədəbiyyətə doğru" kompozisiyaları tamaşaçını özünə daha çox cəlb edir. Qarabağ ağrısını biz "Qanlı illər", "O ellərə !" tablolarında görürük. Günelin yaradacılığında - istər tablolarında, istərsə qrafik əsərlərdə romantizmə güclü meyil duyulur. Bunu biz "Ruhlar", "Kölgə", "Mələk", tablolarından duyuruq. Bəzən xəyal gənc rəssamı uzaq ölkələrə aparıb çıxarır. ("Uzaq sahillərdə", "Delfinlər","Tənha yelkən ağarır").
   Müəllifin maraqlı qrafik əsərləri az deyil: "Qadın sevincləri", "Göyərçinlər", "Od gəlini", "Balerina", "Qış" - tamaşaçıların diqqətini çəkir. "Sevgililər" kompozisiyası isə daha çox Şərq miniatürü üslubunu xatırladır. Ən nəhayət, Günelin moda eskizlərinə olan marağı ekspozisiyada özünü "Moda nümayiş etdirən qız" kompozisiyasında göstərir.
   Qeyd edim ki, Günel Quliyevanın fərdi sərgisi "Abşeron" rəsm qalereyasında aprelin 6-dək davam edəcəkdir.
   

Səs.- 2008.- 4 aprel.- S. 12.